Azərbaycan Respublikasının Qanunu
{nl}
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17; № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddə 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:
1. 305.1.10-cu maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 305.1.11-ci maddə əlavə edilsin:
"305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.";
2. 306.1-ci maddədə "30-39-cu" sözləri "30-40-1-ci" sözləri ilə əvəz edilsin;
3. aşağıdakı məzmunda 40-1-ci fəsil əlavə edilsin:
"Fəsil 40-1. Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraat Maddə 355-1. Ərizənin verilməsi
355-1.1. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
355-1.2. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir.
Maddə 355-2. Ərizənin məzmunu
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir.
Maddə 355-3. Ərizəyə baxılması
355-3.1. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətinə baxılmalıdır.
355-3.2. Ərizəyə, bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, məişət zorakılığından zərər çəkmiş şəxsin və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir.
355-3.3. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısının alınması, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxılır. Maddə 355-4. Məhkəmənin ərizə üzrə qətnaməsi
355-4.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
355-4.2.Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edildikdən dərhal sonra məhkəmə iclasında elan olunur.
355-4.3. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.
355-4.4. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir:
355-4.4.1. məişət zorakılığının təkrar törədilməsi;
355-4.4.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
355-4.4.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
355-4.5. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə bu Məcəllənin 355-4.4-cü maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:
355-4.5.1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
355-4.5.2.yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
355-4.5.3. zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
355-4.5.4. uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.
355-4.6. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir.".
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.