Leyla Əliyeva: “Xocalıya ədalət!” kampaniyasının məramı bu faciəni soyqırımı kimi tanıtmaqdır

Beynəlxalq arenada “Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə irəli sürülüb və İslam Konfransı Gənclər Forumu 10 ildir ki, bu genişmiqyaslı və davamlı aksiyanı uğurla həyata keçirir. İlk dövrlərdə “Xocalıya ədalət, Qarabağa azadlıq” şüarı altında aparılan kampaniya 2009-cu ilin fevral ayından bilavasitə beynəlxalq müstəviyə çıxarılıb. Ötən dövrdə bu kampaniyanın məqsədi Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqınların və məcburi köçkünlərin düşdüyü ağır vəziyyət haqqında həqiqətləri dünya birliyinə çatdırmaq olmuşdur.

Hərəkatın yaradıcısı Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva kampaniyanın məramından söz açaraq deyib: “Torpaqlarımız hələ də işğal altındadır, erməni cəlladlar tamahkar məqsədlərinə çatmaq üçün günahsız insanları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Belə cinayət bir daha təkrarlanmamalıdır”.

Heydər Əliyev Fondu və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu bu vaxtadək dünyanın yüzədək ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirib. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. 2008-ci ildən başlayaraq “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib.

Avropa İttifaqının üzvü olan dövlətlərin, demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər təşkil olunub. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forum Xocalı faciəsini tanıyıb. Bir neçə il əvvəl Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun və İKT Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən aksiyada 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyıblar.

5 ildir ki, kampaniyanın yeni mərhələsi başlayıb-- dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanlanmış çağırışlar edilir, Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılır.

Dünyanın 50-dək ölkəsində kampaniyanın milli koordinatorluğu yaradılıb. Burada həmin dövlətlərin vətəndaşları çalışır və könüllü olaraq ölkələrində “Xocalıya ədalət!” kampaniyasını həyata keçirirlər.

Bu barədə açıqlama verən Leyla Əliyeva bildirib: “Beləliklə, böyük bir şəbəkə yaranıb. Qeyd edim ki, həmin koordinatorlar arasında xeyli tanınmış adam, məsələn, Hollandiyanın milli qəhrəmanı Gert van Dam da var. Kampaniyanın əsasını dünya liderlərinə petisiya təşkil edir. Həmin petisiya dünya liderlərini Xocalı hadisələrini bəşəriyyətə qarşı cinayət kimi tanınmasına çağırır.”

Bu sahədə artıq xeyli nailiyyət əldə olunub. Bir sıra ölkələrin parlamentlərində Xocalı hadisələrini soyqırımı kimi tanıyan qətnamələr qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı ölkələrini birləşdirən Parlamentlər İttifaqı 2012-ci ildə Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edib. ABŞ-ın Nyu-Meksika, Texas, Corciya, Men, Nyu-Cersi, Arkanzas və digər ştatlarının parlamentləri də 1992-ci il 26 fevral hadisələrini soyqırımı kimi tanıyıb.

Bundan başqa, İKGF-nin təşəbbüsü ilə İƏT Xarici İşlər Nazirlərinin toplantılarının 38 və 39-cu sessiyasında da Xocalı faciəsi soyqırımı hadisəsi kimi tanınıb. Eyni zamanda, həmin toplantılarda Xocalı hadisəsi ilə bağlı digər qərarlar da qəbul edilib, məsələn, İƏT-ə üzv ölkələrdə orta məktəb dərsliklərinə Xocalı soyqırımı barədə məlumat salınması tövsiyə edilib.

Xatırladaq ki, strateji model olaraq “Xocalıya ədalət!” çağırışı düzgün seçilmişdir. Böyük əzmkarlıqla yuxusuz gecələr, gərgin zəhmət hesabına dünya miqyasında hazırlanıb keçirilən tədbirlər, görülən işlər, cəsarətli gedişlər, düşünülmüş siyasi kurs öz bəhrəsini vermişdir. Artıq erməni təbliğat maşını “Xocalıya ədalət!”in qarşısında duruş gətirə bilmir.

 “Xocalıya ədalət!” çağırışı tarixi zərurətdən yaranmışdır, bu müraciətin siyasi coğrafiyası, mədəni irsin qorunması məsələləri araşdırılmışdır. Bu beynəlxalq kampaniya beynəlxalq terrora və müharibəyə qarşı qəhrəmanlıq abidəsi kimi qiymətləndirilmişdir. “Xocalıya ədalət!” çağırışı diqtə edir ki, tariximizin qan yaddaşını artıq vərəqləmək vaxtıdır. Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanların taleyi uğrunda mübarizəyə çağıran “Xocalıya ədalət!” adlı mənəvi bir cəbhə mövcuddur. Nə qədər ki, terror və amansızlıq, müharibə var bu ideoloji cəbhə də həmişə yaşayacaqdır.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2009-cu ildən dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilib. Bura konfranslar, sərgilər, küçə yürüşləri və s. daxildir. “Xocalıya ədalət!”in çağırışlarına cavab olaraq, 2012-ci ildə İstanbulda 1 milyon insanın qatıldığı izdihamlı yürüş təşkil olunub.

2010-cu ildə “Qremi” mükafatı laureatı Qordon Lyuisin prodüserliyi ilə Toni Blekmen və “Dəyirman” qrupu tərəfindən ifa olunmuş “Xocalıya ədalət!” klipi çəkilib, həmin lent dünyanın 40-dan artıq ölkəsində nümayiş olunub. 2013-cü ildə Skandinaviya kinematoqrafçıları Xocalı ilə bağlı “Sonu gürünməyən dəhliz” sənədli filmini lentə alıblar. Artıq həmin sənədli filmin çoxsaylı yerli və beynəlxalq təqdimatı keçirilib.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yaydığı bəyanatda bildirilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

 Bu müraciətdə də göstərilir ki, artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıyıblar. ABŞ-ın 22 ştatı – Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub.

Göründüyü kimi, “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Şübhəsiz, son 10 ildə təqdim edilən kitabları oxuyan və obyektiv təhlil edən hər kəs bu modelin böyüklüyünü və əhəmiyyətini dərk edəcək və gələcək mübarizəmiz, qələbəmiz üçün lazımi nəticələr çıxaracaqdır.

2015-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “Xocalıya ədalət” kitabı ingilis və rus dillərində nəşr olunub.

Kampaniya çərçivəsində hazırlanmış, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın, fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qiymətli kəlamlarının da yer aldığı silsilə nəşrlər mövzu ilə bağlı çoxsaylı materialları əhatə edir.

Azərbaycanlı fəallar bu materiallara söykənməklə “Xocalıya ədalət!” çağırış çərçivəsində beynəlxalq terror təşkilatlarının, erməni silahlı birləşmələrinin Dağlıq Qarabağı necə dağıdıb viran qoyduqlarını təhlil etməyi və müvafiq olaraq beynəlxalq auditoriyaya çatdırmağı bacarmalıdır. Belə bir yanaşma metodunu verən “Xocalıya ədalət!” çağırışı imkan yaradır ki, terrora məruz qalmış insanlarımız və ayrı-ayrı yaşayış məntəqələrimiz haqqında ictimaiyyəti, eləcə də bəşəriyyəti, demokratik institutları məlumatlandıraq. “Xocalıya ədalət!”in siyasi uğurlarından biri də budur.

Bəli, bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Güclü, təkzibedilməz məntiqi fakt və sübutlar, dəlillər və sənədlər əsasında ərsəyə gəlmiş informasiya xəzinəsi müvafiq mövzuda elmi-tədqiqat aparan alimlərimiz, yazıçı və jurnalistlərimiz, siyasətçilərimiz üçün çox zəngin materiallar toplusudur.

Hər il “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan silsilə təqdimatlar təşkil edilir. Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən təqdimat zamanı “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə məlumat verilib.

 Bildirilib ki, kampaniyanın dəstəyi ilə bu günədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı tədbirlər keçirilib, geniş təbliğat-təşviqat işi aparılıb. Kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub. Təqdimat mərasimində “Xocalıya ədalət!” saytı ilə bağlı da məlumat verilib.

Kampaniyanın saytında, eləcə də Leyla Əliyevanın şəxsi veb-səhifəsində “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası haqqında kifayət qədər material vardır. Mən onlardan biri barədə söz açmaq istəyirəm. Haqqında danışmaq istədiyim tədbir ötən il keçirilsə də, bu kampaniyanın əhəmiyyətinin göstəricisi kimi kifayət qədər maraqlıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 30 ilə yaxındır ki, davam edir, torpaqlarımızın 20 faizi işğal altındadır, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycan həmişə öz tolerantlığı ilə tanınan sülhsevər ölkədir. Əsrlərdir ölkəmizdə müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri dinc şəraitdə yaşayır, qonşu ölkələrlə mehriban münasibətlərimiz var. Amma bu gün rəhmsiz olmağa hazırıq, çünki ərazi bütövlüyümüzü müdafiə edirik, öz torpağımız uğrunda mübarizə aparırıq.

Bu il fevralın 22-də Akademik Milli Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının premyerası olub. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tamaşadan əvvəl Xocalı soyqırımı, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat verilib. Sonra tamaşaya baxış olub. “Badam ağacı çiçəkləyəndə” tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanıb. Tamaşa Xocalıdan didərgin düşmüş sakinlərin xatirələri üzərində qurulub. Qayğısız həyat yaşayan xocalılar bir gecədə vəhşicəsinə qətlə yetirilirlər, erməni silahlıları tərəfindən əsl soyqırımına məruz qalırlar.

Tamaşa başa çatandan sonra Leyla Əliyeva aktyorlarla görüşüb qısa söhbət edib.

Fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm əsərlərindən +ibarət sərgi və ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanın Milli qəhrəmanları, Xocalı soyqırımının şahidləri, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, tanınmış ictimai və siyasi, mədəniyyət və incəsənət xadimləri, idmançılar, “ASAN xidmət”in əməkdaşları, KİV-lərin və QHT-lərin təmsilçiləri iştirak ediblər.

 “Qarabağın səsi” aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri qəbul edilib. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən bu il fevralın 15-də DTX-nin Mədəniyyət Mərkəzində həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması məqsədilə seçim mərhələsi keçirilib.

Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin dörd yaşı var. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm də peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.

Fevralın 26-da isə DTX-nin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir “Qarabağın səsi” aksiyasına təqdim olunmuş və münsiflər heyəti tərəfindən seçilmiş ən təsirli və diqqəti cəlb edən rəsm əsərlərinin sərgisi ilə başlanıb.

Sərgidə, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış, Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini işğal etməsi, həmin ərazilərdə dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və yaşlılara qarşı ağlasığmaz vəhşiliklərini və hərbi cinayətlərini, xüsusilə Xocalı soyqırımına dair fakt və sübutları əks etdirən kitablar, sənədli filmlər və digər əyani vəsaitlər təqdim olunub.

 Kampaniyanın uğurla davam etdiyini söyləyən Leyla Əliyeva dəyişməyən hədəfi belə açıqlayıb: “Məqsədimiz Xocalı hadisələri barədə dünya ictimaiyyətini davamlı olaraq məlumatlandırmaq, bu faciənin beynəlxalq-hüquqi müstəvidə və dövlət başçıları səviyyəsində soyqırımı kimi tanınmasına nail olmaqdır. Gələcək tədbirlərimiz də məhz buna hesablanıb.”

Hazırladı:
T. AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında