Xocalı soyqırımının ildönümündə Milli Qəhrəmanlara həsr edilən sənədli filmlər nümayiş olunub

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Mərasimdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Ədalət Vəliyev, eləcə də hərbçilər, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Tədbirdə əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırımı haqqında danışdı, bu qətliamın bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olduğunu qeyd etdi. Bildirildi ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər.

Nazir müavini vurğuladı ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi: “Milli Məclis tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edildi. Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı dünyanın bir çox ölkəsində tədbirlər təşkil olunur, sərgilər keçirilir, həqiqətlər dünya ictimaiyyətinə çatdırılır”.

Ədalət Vəliyev onu da bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi də Vətənimizin bütövlüyü uğrunda canlarından keçən insanların xatirəsinin əbədiləşdirilməsi, qəhrəman övladlar haqqında filmlərin çəkilməsi istiqamətində ardıcıl işlər həyata keçirir: “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən “Yaddaş” və “Salnamə” studiyalarında dövlət sifarişi ilə bu günədək 85 film çəkilib. Həmin filmlərin paytaxtda və bölgələrimizdəki mədəniyyət mərkəzlərində, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində nümayişləri təşkil olunub”.

Tədbirdə Əməkdar incəsənət xadimi Nizami Abbas çıxış edərək rejissoru olduğu və “Yaddaş” studiyasında çəkdiyi “İgid əsgər” və “İsgəndərin sorağında” sənədli filmləri barədə məlumat verdi. Bildirdi ki, “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən olan həmin ekran əsərləri Milli Qəhrəmanlar Yusif Mirzəyev və İsgəndər Aznaurovun Qarabağ müharibəsində keçdikləri şərəfli döyüş yolundan bəhs edir.

Sonra hər iki sənədli film nümayiş olundu.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında