Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 26 ili tamam olub. Fevralın 26-da minlərlə insan Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunun ərazisində ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edib.
Ziyarətdə iştirakçıların müsahibələrində Xocalı faciəsinin ağrısı, bu amansız soyqırımının təşkilatçılarına və icraçılarına nifrət, intiqam hissləri ilə yanaşı, həm də torpaqlarımızın düşmən tapdağından azad olunacağına dərin inam ifadə olunub.
Xocalı şəhər sakini Hüseynağa Quliyev deyib: “Mən Xocalıda post komandiri idim. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 21.30-da şəhər dörd tərəfdən mühasirəyə alındı. Elə bir vəziyyət yaranmışdı ki, oradan sağ-salamat çıxmaq heç cür mümkün deyildi. Ermənilərin məqsədi Xocalını birdəfəlik yer üzündən silmək idi. Onlar mənfur niyyətlərini həyata keçirdilər və xocalılılara misli görünməmiş divan tutdular. Mən onların dinc və günahsız insanları necə vəhşicəsinə qətlə yetirdiklərinin şahidiyəm. Özüm də həmin gecə ağır yaralandım və ermənilərə əsir düşdüm. Erməni əsgərləri bizi hər gün döyürdülər. Əsir alınmış azərbaycanlıların başına necə müsibətlər açıldığının da şahidi oldum. Ermənilər hamilə qadınları, uşaq və qocaları vəhşicəsinə qətlə yetirir, acımadan onların başlarını kəsirdilər. Bu, görünməmiş bir vəhşilik idi və yaddaşımdan heç vaxt silinməyəcək. Xocalıda amansızlıqla qətlə yetirilən soydaşlarımızın qisasını almaq üçün torpaqlarımızı geri qaytarmalıyıq”.
Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Xocalı faciəsi isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu dəhşətli soyqırımı dünyanın gözü qarşısında baş verib, qəddarlığı və amansızlığı ilə fərqlənib. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət isə birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Bakı sakini Sabir Əhmədov deyib: “Fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda dinc, günahsız insanları qəddarcasına qətlə yetirib, şəhəri yerlə-yeksan ediblər. İyirmi altı il keçməsinə baxmayaraq, hələ də bu qanlı hadisələri ürəkağrısı ilə xatırlayıram. Əsrlər keçsə də, bu dəhşətli faciə yaddaşlardan silinməyəcək. Xocalı faciəsi tarixin ən qanlı səhifələrindəndir. Xocalı soyqırımı yaddaşlara qanla yazılıb. Bu soyqırımı insanlığa sığmayan cinayətdir və gələcək nəsillərə çatdırılmalıdır. Heç bir təqsiri olmayan uşaqlara, qadınlara və qocalara qarşı törədilən bu qəddarlığı heç nə ilə izah etmək mümkün deyil”.
Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Aylarla mühasirədə saxlanılan bu şəhər erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yer üzündən silindi. Dinc əhaliyə amansızlıqla divan tutuldu: 613 nəfər qətlə yetirildi, meyitlər təhqir olundu, 1275 nəfər girov götürüldü, 197 nəfərin isə taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı. Bu tükürpərdən statistika və qanlı səhnələr ziyarət iştirakçılarının başları üzərində tutduqları, binaların fasadlarından asılmış transparantlarda nümayiş olunub.
Xocalı Dağlıq Qarabağda strateji nöqtələrdən biri və Şuşadan sonra ikinci böyük yaşayış məntəqəsi idi. 1991-ci ilin statistikasına görə, şəhərdə 7 min nəfər əhali yaşayırdı. Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Dağlıq Qarabağda yeganə hava limanı da burada yerləşirdi. Ermənilərin Xocalını dağıtmaq niyyətinin bir səbəbi də onun coğrafi mövqeyindən irəli gəlirdi.
“Ana fəryadı” abidəsini ziyarət edənlər sırasında olan Xocalı rabitə qovşağının rəisi Cavid Əliyev faciə ərəfəsində yaranmış vəziyyəti xatırlayaraq deyib: “Xocalıya hücumlar hələ 1988-ci ildən başlamışdı. Ermənilər tez-tez gizli yığıncaqlar keçirir, müzakirələr aparırdılar. Azərbaycanlılar həmin yığıncaqlara buraxılmırdı. Xocalı sakinləri özünümüdafiə batalyonu yaratdılar, postlar quruldu, əhali növbə ilə gecələr orada keşik çəkməyə başladı. Xocalı hər tərəfdən ermənilərin əhatəsində idi. Şuşaya, yaxud Ağdama getmək üçün ermənilərin yaşadıqları yerlərdən keçmək lazım gəlirdi. Bu zaman onlar maşınları daşa basır, şüşələrini qırırdılar. Sonra şəhərdəki bütün evləri axtararaq ov tüfənglərini yığdılar. 1992-ci ilə kimi bu cür səksəkə içərisində yaşadıq. Elə vaxtlar olurdu ki, Xocalı üç tərəfdən atəşə tutulurdu”.
Bütün ailə üzvləri girov götürülmüş Cavid Əliyev deyib ki, atası və qaynı həmin vaxt şəhid olub. Əmisi oğlunun səkkiz nəfərlik ailəsi tamamilə məhv edilib. Təkcə onların qonşuluğunda 41 nəfər şəhid olub. “Hər dəfə bunları danışanda yaramızın qaysağı qopur. Biz istəyirik ki, torpaqlarımızı azad edib öz yurdumuza qayıdaq. Ermənilər törətdikləri soyqırımına görə cavab verməlidirlər”, – deyə C.Əliyev qeyd edib.
Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Bu sahədə fəaliyyət ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra başlayıb. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-nın “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17-də Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalayıb. Xocalı soyqırımının 15 illiyi, 20 illiyi, 25 illiyi ilə əlaqədar Milli Məclis tərəfindən qərarlar qəbul edilib. Prezident İlham Əliyev Xocalı soyqırımının iyirminci və iyirmi beşinci ildönümləri haqqında sərəncamlar imzalayıb.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mühüm rolu olub. Bu kampaniya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdikləri mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 22 ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırımı aktı kimi tanıyıb.
Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin ümumxalq yürüşü ilə yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Bunu deməyə əsas verən kifayət qədər ciddi amillər var. Azərbaycanın torpaqları işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Nüfuzlu beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həm bu amil, həm də Azərbaycanın regionun qüdrətli dövlətinə çevrilməsi işğal altındakı torpaqlarımızın azad ediləcəyinə dərin inam yaradır.
Digər mühüm amillər isə xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir. Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçirilən izdihamlı tədbirlər, soydaşlarımızın nümayiş etdirdikləri həmrəylik də məhz bu amillərdən qaynaqlanır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan xocalılılar da doğma torpaqlarının azad olunacağı günü səbirsizliklə gözləyir və bu inamla yaşayırlar.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş dəhşətli cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan bu ziyarət bir daha sübut etdi ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.