Xocalı faciəsini qan yaddaşımızla gələcəyə daşımalıyıq

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Xətai rayonunda keçirilən anım mərasimi rayon rəhbərliyinin, ictimaiyyətin və qonaqların Xocalı abidəsinin ziyarəti ilə başladı. Sonra icra hakimiyyəti rəhbərliyinin rayonda yaşayan Xocalı soyqırımı qurbanlarının ailə üzvləri və xocalıllılarla görüşü keçirildi.

İcra başçısı Razim Məmmədov tədbirdə çıxış edərək bildirdi ki, azərbaycanlılar  200 ildən artıq erməni separatçılarının davamlı etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi yurd yerlərindən, doğma torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişlər. Ermənilərin azərbaycanlılara qarşı son dərəcə amansızlıqla, ağıla gəlməyən qəddarlıq və vəhşiliklə törətdikləri növbəti soyqırımı isə 26 il əvvəl - 1992-ci il fevralın 25-dən  26-na keçən gecə Xocalıda baş vermişdir. Həmin gün təkcə xocalılılar deyil, bütün xalqımız o insanlarla özlərinin ən dəhşətli işgəncələrini yaşamışlar. 

R. Məmmədov bildirdi ki, ermənilərin törətdikləri Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Bu faciəni XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz fakt kimi dəyərləndirən xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”...

Sonra natiq Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun, dövlət və hökumət üzvlərinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən geniş danışdı və qeyd etdi ki, 2008-ci il  mayın 8-də fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına start verildikdən sonra dünyanın bir çox ölkələrində Xocalı faciəsi azərbaycanlıların soyqırımı faktı kimi daha geniş tanınmağa başlandı. Kampaniya bu gün də davam edir və dünyanın əksər ölkələrində özünə minlərlə, on minlərlə tərəfdar toplamaqdadır.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov vurğuladı ki, bu, təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin  Xocalı faciəsi və eyni zamanda, Xocalı xəcalətidir.  “O qanlı faciədən, insanlığa qarşı erməni vandalizminin törədilməsindən 26 il keçsə də, hər dəfə onu xatırlayanda qəzəb və hiddətdən içimiz göynəyir. Amma bu, erməni vəhşiliyinin yüzlərlə faktından, dünyanın hələ də göz yumduğu, fəryadını eşitmək istəmədiyi qətliamlardan biridir. Bu qanlı tarixin elə epizodları var ki, onları eşidəndə  insanın damarlarında qan donur. Ona görə də Azərbaycan xalqı bu qəddar düşmənin kim olduğunu heç zaman unutmamalıdır.  Bu faktları, acıları qan yaddaşımıza yazıb gələcəyə daşımalıyıq”.

Mərasimdə iştirak edən Xocalı faciəsinin şahidləri  xocalıllıların ağrı və acılarını öz ağrı-acısı bilən bütün xalqımıza minnətdarlıq ifadə edərək bildirdilər ki, ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin  Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın hərbi qüvvələrinin həyata keçirdiyi bəşəri cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində gördükləri işlər,  şəhidlərin ruhuna göstərilən hörmət və ehtiram sübut edir ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

R.Məmmədov rayonda yaşayan xocalılıların sosial-məişət şəraiti və qayğıları ilə də maraqlandı. Görülən işlərə və göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edən xocalılılara tədbirin sonunda icra hakimiyyəti adından maddi yardım göstərildi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında