Narahat ruhların səssiz harayı

Bəşəriyyəti sülh və ədalətə səsləyən Xocalı abidələri

Tarixi abidələr, xüsusilə memorial komplekslər insanları təkcə sənət əsəri kimi düşündürmür, həm də tarixin müəyyən səhifələrində baş vermiş hadisələri yada salır.  Dünyanın müxtəlif ölkələrində ucaldılmış Xocalı soyqırımı abidələri kimi. İlk baxışda adi sənət əsəri kimi təsir bağışlasa da, Latın Amerikasından tutmuş Avropaya qədər ictimaiyyətə tədqim edilmiş bu abidələrin   həm də insanlığa çatdırmaq istədiyi bir  fikir var:  “Xocalıda yaşanan insanlıq dramı yer üzündə  bir daha təkrarlanmasın”. Bu baxımdan  tarix boyu qətliamlara məruz qalmasına, torpaqlarının bir qisminin   hələ də işğal altında  olmasına baxmayaraq, Azərbaycan xalqı və dövləti bəşəriyyətə hər zaman öz multikultural dəyərləri və tolerantlığı, sülhsevərliyi ilə örnək olub. Bu abidələrin qoyulması  da məhz həmin ideyanı  əks etdirir.

Hollandiyanın Haaqa şəhərində   ucaldılmış memorial abidə  təkcə Niderlandda deyil, eyni zamanda Avropada Xocalı soyqırımında həyatını itirmiş insanların xatirəsinə ucaldılmış ilk abidədir. 2008-ci ilin fevralın 24-ü açılışı keçirilmiş bu  abidənin Beynəlxalq Ədalət  məhkəməsinin fəaliyyət göstərdiyi şəhərdə ucaldılması bütövlükdə həm də Xocalı faciəsinə ədalətli münasibət göstəriləcəyinə  inamın simvolu sayıla bilər.

Soydaşlarımızın daha çox yaşadığı və diasporumuzun fəal olduğu ölkə Almaniyada isə ilk Xocalı abidəsi 2011-ci ilin mayın 30-unda ucaldılıb.  Abidə Akif Əsgərov, Səlhab Məmmədov, Əli İbadullayev və İbrahim Əhrarinin təşəbbüsü , Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ucaldılıb. Düzdür, erməni diasporu buna mane olmağa cəhdlər etsə də, sonda Azərbaycan səfirliyinin fəallığı ilə məsələ həllini tapdı.

Bosniya və Hersoqovinanın paytaxtı  Sarayevo şəhərində ucaldılmış abidə öz unikallığına görə seçilir. Belə ki, Azərbaycan Respublikasının Xalq rəssamı  Natiq Əliyevin müəllifi olduğu  abidədə iki dərdli ana obrazı –yaşlı və gənc qadın heykəlləri  öz təsirliliyinə görə baxanları duyğulandırır.  Abidənin məhz Sarayevoda  Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan “Dostluq parkı”nda ucaldılmasının xüsusi mənası vardır. Belə ki,  Bosniya və Herseqovinanın Avropanın mərkəzində yerləşməsi, eləcə də, Balkanda gedən müharibənin 1995-ci ildə məhz bu parkın salındığı ərazidə başa çatması burada qoyulan abidənin əhəmiyyətini daha da artırır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın açılışında iştirak etdiyi abidə Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsini özündə əks etdirir. Abidə kompleksi Xocalı və Srebrenitsada  soyqırımı və müharibənin dəhşətlərini yaşamış Azərbaycan və Bosniya xalqının üzüntüsünü əks etdirməklə yanaşı, anaların bir daha üzülməməsi üçün dünyaya mesaj verir. Abidə 24 fevral 2012-ci ildə ictimaiyyətə təqdim edilib. Müəllif Natiq Əliyevin  Xocalı soyqırımına həsr etdiyi abidə təkcə bu deyil. Mexikoda (2012) , Türkiyənin Ankara (2013) və   Qızılcahamam (2014) bölgəsində qoyulmuş abidələr də onun əsərləridir.

2012-ci il fevralın  2-də Meksika parlamentinin   Xocalıda törədilmiş qətliamı soyqırım olaraq tanıması və məsələyə ədalətli mövqe sərgiləməsindən sonra Mexikoda həmin ilin avqustun 3-ü Xocalı şəhidlərinə abidə ucaldıldı.  Eləcə də Tlakskoake meydanı Xocalı meydanı adlandırıldı.

Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün ən çox abidə qoyulan ölkə Türkiyədir. 2009-cu ildə soyqırım qurbanlarının xatirəsinə Ankaranın Beypazarı bölgəsində abidə açılıb. 2013-cü ilin mayın 12-si  İsparta şəhərində Türkiyədə qeyd edilən Analar günündə 26 fevral Xocalı və Şəhidlər Parkı istifadəyə verilib. Parkda Xocalı soyqırımı qurbanları, eləcə də  Çanaqqaladan  Qafqaza, Fələstindən Şimali Kiprə kimi  Barış hərəkatında həyatını itirmiş  şəhidlərin xatirəsinə abidə ucaldılıb.

2014-cü il  martın 28-i Ankaranın Keçiörən bələdiyyəsinin dəstəyi ilə  Qızılcahamamda  xatirə parkı və abidə açılıb.  Xatirə muzeyində soyqırımı əks etdirən foto və məlumatlar yer alır. Parka gələnlər həmçinin muzeyə  baş çəkməklə Xocalı qətliamı barədə ətraflı məlumat əldə edə bilirlər.

Türkiyənin İzmit şəhərinin Yenişəhər məhəlləsində qoyulmuş abidə 22 aprel 2015-ci ildə ucaldılıb və  ümumi hündürlüyü 2,5 metrdir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında  məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Abidənin kənarlarındakı lövhələrdə  həmçinin Xocalıda  qətlə yetirilmiş 613 nəfərin adı həkk olunub.

2016-cı ilin fevralın 27-də İzmirin Bornovo Bələdiyyəsinin maliyyə dəstəyi və tanınmış QHT fəalı Mülazim Kardelen Paşanın köməkliyi ilə bu şəhərdə daha bir abidə ucaldılıb. 

2016-cı ilin noyabrında Dənizli şəhərində  Qarabağ parkı və Xocalı abidəsinin açılışı olub.

Türkiyədə  Xocalı soyqırımı qurbanlarının  xatirəsinə abidələrlə yanaşı, həm də Qarabağ adına parklar da açılıb ki, bu da Azərbaycan tarixinin, mədəniyyətinin qardaş ölkədə tanıdılması üçün mühüm önəm daşıyır.

Qəhrəmanmaraş şəhərinin Afşin bölgəsində belə bir park şəhər sakinlərinin ixtiyarına verilib (13 may 2016-cı il).

Bu il  fevralın 8-i  Sakaryada “Tək millət, tək göz yaşı" abidəsi,  fevralın 20-də  isə Aydın bölgəsində Nazilli bələdiyyəsi tərəfindən salınmış Qarabağ parkında  heykəltəraş Aydın Qorxmazın hazırladığı Xocalı heykəli ucaldılıb.

Bolu bələdiyyəsinin dəstəyi ilə salınmış Qarabağ parkında isə Qarabağın gözəllik və həsrət simvoluna çevrilmiş,  heykəltaraş Akif Əsgərovun əsəri olan Xarı bülbül çiçəyinin şərəfinə qoyulmuş abidə bura gələnlərin diqqətini çəkir.

İsraildə isə Xocalı şəhidlərinin xatirəsinə  2016-cı ilin fevralında Təl-Əviv və Qüds şəhərləri arasında salınmış parkda memorial təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası cərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən  keçirilən tədbirdə gerçəkləşib. Həmçinin tədbir iştirakçıları qurbanların xatirəsinə ağac əkərək burada bağ salıblar.

Dövlətin apardığı fəal və hərtərəfli  informasiya siyasətinin nəticəsi olaraq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında,  hadisələrin bir daha təkrarlanmaması üçün  bu cür  memorial abidələrin qoyulması öz töhfəsini verməkdədir.

Dünyanın müxtəlif yerlərində ucaldılmış  bu abidələr və salınan parklar Xocalıda qətlə yetirilmiş insanların narahat ruhlarının səssiz harayıdır,  onlar  Xocalı kimi dəhşətləri yaşamış bir xalqın ağrısını, ədalət istəyini dünyaya çatdırmaqla yanaşı, həm də bəşəriyyəti və insanlığı sülhə, əmin-amanlığa səsləyir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında