Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır.
Heydər ƏLİYEV
Ümummilli lider
Dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaq. Bunu təsdiqləyən ən mühüm fakt isə son illərdə Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif ölkələrində aparılan təbliğat kampaniyalarıdır. Bu kampaniyalar getdikcə böyüyür, hər il öz ətrafında daha çox kütlə toplayır, Xocalı həqiqətləri dünya ictimayyətinə daha geniş miqyasda təbliğ olunur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Bu məsələdə mənfur ermənilər daha “fəal” olublar. 26 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi, 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını yaşamışam. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda, Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram.
XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə Xocalı kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanın Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun.
Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı–Ağdam–Laçın–Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biri idi.
Mühasirədə olmasına baxmayaraq, Xocalı düşmənə lazımi müqavimət göstərə bilirdi. Bu faciənin baş verməməsi üçün bütün vasitələrdən istifadə edirdik. Amma vəziyyət getdikcə gərginləşir, ermənilər isə hücumlarını artırırdılar. Bunun müqabilində isə o zamankı hakimiyyət bizə kömək göstərmirdi. Vəziyyətin nə qədər gərgin olması haqda rəhbərliyə dəfələrlə məlumat verməyimizə baxmayaraq, kömək göstərilmirdi. Yalnız vədlər verirdilər. Müxalifətlə iqtidarın hakimiyyət uğrundakı mübarizəsi Qarabağı yaddan çıxarırdı. Xocalı faciəsi də məhz belə bir zamanda baş verdi.
Xatırladım ki, ermənilərin hücumundan əvvəl– fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə Xocalını tərk etməyə məcbur oldu. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.
Həmin vaxt Xocalı şəhərinin 613 sakini qətlə yetirilib. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaqdır. 56 nəfər xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilib. Qanlı faciə zamanı 1000 nəfərdən çox şəhər sakini yaralanıb, şikəst edilib, 1275 nəfər isə girov götürülüb. Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.
Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı qətliamında Ermənistanın indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib. Deyərdim ki, qatil prezident bu qətliamın həm təşkilatçısı, həm də icraçısı idi. O, hətta Xocalı soyqırımında birbaşa iştirakını həyasızcasına açıq şəkildə etiraf edib. Qarabağda günahsız tökülən qanlarda Ermənistanın indiki prezidentinin birbaşa əli var. Günahsız insanların qanına əli batan Sarkisyan və onun quldur tərəfdarları gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində son illər sistemli iş aparılır, əhəmiyyətli tədbirlər həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Soyqırımının qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur.
Ulu öndərin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Eləcə də, Xocalı faciəsi ilə bağlı Milli Məclis dünya ölkələrinə, beynəlxalq təşkilatlara xeyli sayda müraciət edib, həm də bəyanatlar və qərarlar qəbul olunub.
Tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan həmin ənənə bu gün də davam etdirilir. Bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti ifşa olunur, onların qəddarlığı, törətdikləri qətliamlar, terror aktları barədə dünya ictimaiyyətinə məlumat verilir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirilib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hər biri ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.
Bu işdə Heydər Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər xüsusi qeyd edilməlidir. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu qətliamı dünyanın diqqət mərkəzinə çevirib. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya birliyi bu soyqırımını tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Onun üçün biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımını tanıtmalıyıq.
Dünya birliyi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqəti bilməlidir. Söz yox ki, dünyada baş alıb gedən ikili standaratlar buna hər vasitə ilə mane olur. Lakin həyata keçirilən uğurlu xarici siyasət bu maneələri tədricən aradan qaldırır. Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında olması, bir milyondan artıq soydaşımızın məcburi köçkün halında yaşaması inkişafımızın daha da sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır. Son hadisələr də göstərir ki, Ermənistan tərəfi müxtəlif bəhanələrlə danışıqlardan imtina edir, status-kvonu hər vasitə ilə saxlamağa çalışır. Ancaq hər şeyin bir həddi, vaxtı var. Görünür Serj Sarkisyan və onun himayədarları hələ də 2016-cı ilin aprel döyüşlərindən ciddi nəticə çıxarmayıblar. Ancaq unudurlar ki, növbəti dəfə onlar canlarını qurtara bilməyəcəklər.
Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət də təsdiqləyir ki, xarici siyasətimizdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub.
Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa uğrayıb və işğalçı dövlət artıq dalana dirənib. Təcavüzkar dövlətə himayədarlıq edənlər də tədricən onun arxasından qaçırlar. Azərbaycan regional siyasətini elə aparır ki, Ermənistan seytnot vəziyyətində qalıb. Bunun nəticəsində isə işğalçı ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşib, mühacirətin sürəti dəfələrlə artıb. Yəni Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirib.
Baxmayaraq ki, Xocalı qətliamından 26 il keçir, dünya birliyi bu dəhşətli faciəyə hələ də hüquqi qiymət vermir, Ermənistanın işğalçılıq siyasətini pisləmir və sanksiyalar tətbiq etmir. Beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlər, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız söz yığımından ibarət olan bəyanat verməklə işlərini bitmiş hesab etməməlidir. Çünki belə üzdəniraq tədbirlər ikili hərəkətlər münaqişənin danışıqlar yolu ilə həllinə çox ciddi zərbə vurur, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə şərait yaradır. Ona görə də, beynəlxalq birlik işğalçılara qarşı beynəlxalq hüquq çərçivəsində sərt addımlar atmalıdır. Təəssüf ki, biz bu münasibəti bir çox dövlətlərdən, xüsusilə Qərb dövlətlərindən görmürük. İnsan hüquqlarından, demokratiyadan, qanunun aliliyindən danışan dövlətlər və təşkilatlar işğal və soyqırımı faktına layiq olduğu qiyməti verməlidirlər. Əgər bu olmasa, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını işğaldan hərbi yolla azad edəcək.
Elman MƏMMƏDOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.