“Qətliamı gördüm”

Türkiyə mediasında Xocalı həqiqətləri

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı illərdə Qarabağda baş vermiş qanlı olaylardan dünya mətbuatı ya xəbərsiz idi, ya da təhrif edilmiş məlumatlar dərc edirdi. Bu baxımdan Azərbaycan cəmiyyəti və mediası Qarabağ müharibəsi illərində informasiya blokadasından çox əziyyət çəkib. Lakin bütün bu çətinliklərə baxmayaraq, xarici mediada Xocalı qətliamı o illərdə işıqlandırılıb. Xarici mətbuat  içərisində isə  qardaş Türkiyə mətbuatı xüsusi yer tutur.

O illərdə hətta Qərb mediasının  həqiqətləri tam demədiyi dövrdə belə, Türkiyə mətbuatı Qarabağda baş vermiş  qanlı olayları, erməni təcavüzü və işğalının ağır nəticələrini geniş işıqlandırmışdı.

1992-ci il xarici mətbuata nəzər saldıqda, Qarabağ müharibəsi, xüsusilə də  Xocalı qətliamına Türkiyə mediasının da yer ayırmasını görmək mümkündür. Türkiyə mediası Azərbaycanda baş vermiş  Xocalı qətliamı ilə bağlı geniş məlumatı ilk olaraq,   “Milliyət” qəzetindən oxumuş oldu.   “Milliyət” qəzetinin martın 4-ü tarixli sayında həmin qəzetin müxbiri  Rəhbər Bəşiroğlunun hazırladığı məqalə Xocalı qətliamını geniş şəkildə Türkiyə ictimaiyyətinə çatdırdı.  Qəzetin məhz həmin sayının üz qabığında  məqalənin “Qətliamı gördüm” sərlövhəsi istər tərtibat, istərsə də məzmun baxımından diqqəti cəlb edirdi. Qəzet  “müxbirimiz bu fotoları ağlayaraq çəkdi”—deyə Qarabağdan çəkilmiş fotoları oxucuların ixtiyarına verib. “Milliyət” qəzeti “Ermənilər qana doymur, qarınları deşilmiş uşaqlar, süngülənmiş qadınlar, gözləri oyulmuş, qulaqları kəsilmiş kişilər...Cəsədlər...Cəsədlər...” ifadələri ilə törədilmiş cinayəti oxucuya çatdırıb.

Məqalədə  qətliam qurbanlarının və sağ qalmış yaralı insanların şəkilləri , eləcə də şahidlərin söylədiyi emosional dolu söhbətlər əslində o dövrdə  informasiya blokadasında olan Azərbaycanın  Türkiyə başda olmaqla, dünya ictimaiyyətinə çatdırılan səsi idi. Məqalədə müxbirin hadisə yerindən hazırladığı reportajın  o dövrdə Azərbaycan həqiqətlərini  dünyaya çatdırmaq baxımından əhəmiyyəti böyükdür. Müxbirin söhbətləşdiyi insanlar həmin gecə Xankəndində yerləşmiş 366-cı motoatıcı alayın Xocalıya hücumu və insanları hansı qəddarlıq və işgəncə ilə qətlə yetirmələrini danışıblar.

Ümumiyyətlə, Qarabağ müharibəsi illərində Türkiyə mediasının bir çox nümayəndələri ölkəmizə gələrək cəbhədəki vəziyyətlə tanış olmuşdur. Onlardan Mete Çubukçu, Yunus Şen, Coşkun Aral və eləcə də digər jurnalistlər Azərbaycana gələrək Qarabağ müharibəsində baş vermiş olayları işıqlandırmış, işğalçı Ermənistanın qanlı siyasətinin şahidi olaraq, işğala məruz qalmış tərəf kimi Azərbaycandan reportajlar hazırlamışlar.

26 il keçməsinə baxmayaraq, bu gün də qardaş Türkiyənin KİV-ləri öz informasiya siyasətində   Türkiyə-Azərbaycan arasında qardaşlıq və dostluq əlaqələri başda olmaqla, həm də  Qarabağ həqiqətlərinə, erməni işğalına geniş yer ayırır, Azərbaycanın tarixində silinməz iz qoymuş və təkcə Azərbaycan türklərinə deyil, bütövlükdə insanlığa qarşı törədilmiş Xocalı soyqırımına diqqətlə yanaşır. Bununla bağlı müxtəlif televiziya verilişləri, sənədli filmlər, kitablar hazırlanır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında