Xocalı faciəsi beynəlxalq cinayətdir

 


Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Heydər ƏLİYEV
Ümummilli lider



 

Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.

 İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsi olduğundan fəaliyyətinin ali məqsədi siyasi məzmunludur. “Dənizdən–dənizə”, yəni Xəzər dənizi–Qara dəniz-Aralıq dənizi regionunu əhatə edən geniş ərazidə “Böyük Ermənistan” dövlətini yaratmaq ideyası həmin məqsədin mahiyyətini ehtiva edir. Əslində, “Böyük Ermənistan” ideyası erməni terrorizminin fəaliyyətinin lokomotivi rolunu oynayır, onun ideologiyasının əsasını təşkil edir. Bu ideologiya ermənilərin “tarixi ədalətsizlik”lə üzləşdiklərini və bu “haqsızlığın” aradan qaldırılmasının vacibliyini təbliğ edir.

Ermənilər uydurduqları “tarixi ədalətsizlik” və “haqsızlığın” aradan qaldırılması yolunda əsas təzyiq və təhdid aləti olaraq məhz terrorizmə istinad edirlər. Elə məhz bu məntiqdən çıxış edərək, “Armenakan” (1885-ci il), “Hnçaq” (1887-ci il, Cenevrə), “Daşnaksütyun” (1890-cı il, Tiflis), “Erməni Gizli Azadlıq Ordusu” (ASOA) (1975-ci il, Beyrut), “Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu” (ASALA) (1975-ci il, Beyrut), “Geqaron” (2001-ci il), “Erməni Azadlıq Hərəkatı” (AOD) (1991-ci il, Fransa), “Erməni Azadlıq Cəbhəsi”(1979-cu il), “Orli qrupu” (1981-ci il, Fransa), “Erməni Soyqırımı Ədalət Komandosları” (1972-ci il, Vyana), “Erməni birliyi” (1988-ci il, Moskva), “Gənc Ermənilər İttifaqı”(1990-cı il, Fransa), “9 iyun qrupu” (1991-ci il, İsveçrə), “İsveçrə qrupu” (İsveçrə), “Demokratik Cəbhə”, “İntiharçılar eskadronu” (1981-ci il, Paris), “Apostol” (2001-ci il) və digər erməni terrorçu təşkilatları bütövlükdə türk dünyasını, əlahiddə olaraq isə Türkiyə və Azərbaycanı həm tarixən, həm də müasir dövrümüzdə özlərinin mütəşəkkil terror fəaliyyətlərinin əsas hədəfləri olaraq seçmişlər.

Əslində, beynəlxalq vasitəçilərin də hələ ki, həllini tapa bilmədikləri Dağlıq Qarabağ problemi mahiyyət etibarilə Ermənistanın dövlət terrorizmi siyasəti və terror qruplarının separatçı fəaliyyəti nəticəsində yaranmışdır. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Xüsusilə ölkəmiz müstəqillik əldə etdikdən sonra Ermənistanın respublikamıza qarşı terrorçuluq siyasəti permanent xarakter daşımaqdadır. Bu siyasətin nəticəsi olaraq ölkəmizin ərazisində 373 terror aktı törədilmişdir ki, nəticədə 2000 nəfərdən çox insan həlak olmuş, minlərlə insan yaralanmış, Azərbaycan dövlətinə və xalqına çox böyük maddi və mənəvi ziyan dəymişdir.

Nəhayət, Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş soyqırımı aktı öz miqyası etibarilə Xatın, Liditse, Oradur və Sonqmi faciələri ilə müqayisə oluna bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən kütləvi soyqırımına məruz qalmışdır. Bəşəriyyətə qarşı olan bu soyqırımı aktında Ermənistan Respublikasının silahlı qüvvələri və Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki erməni terrorçu birləşmələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Bu bəşəri cinayətdə mayor Seyran Ohanyanın (o, hal-hazırda Ermənistan Respublikasının müdafiə naziridir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Valeri Çitçiyan və alayda xidmət edən 50 nəfərdən artıq erməni zabiti iştirak etmişdir.

Soyqırımı siyasəti nəticəsində 613 nəfər həlak olmuş, (o cümlədən 106 qadın, 63 uşaq) 478 nəfər əlil olmuş, 1275 nəfər erməni əsirliyinin bütün dəhşətlərindən keçmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılmış, 150 nəfər isə itkin düşmüşdür. Şəhərin özü isə yer üzündən silinmişdir.

Xocalı soyqırımı həm də beynəlxalq terror aktıdır. Bu mütəşəkkil cinayət əməlində beynəlxalq terrorçuluq üçün xarakterik olan bütün əlamətlər vardır. İlk növbədə, o, siyasi məqsəd daşıyır və prosesdə, eyni vaxtda 3 tərəf iştirak edir. Terrorun icraçıları, qurbanları və sağ qalmış insanlar. Bu halda hədəf qismində, nə qədər paradoksal səslənsə də, həlak olmuşlar deyil, sağ qalanlar seçilir. Ölənlərin sayı çox olduqca, sağ qalanlara təsirin miqyası artmış olur, total qorxu və vahimə effekti yaradılır və nəticədə siyasi məqsədin reallaşması–ərazi işğalı üçün unikal imkanlar təmin edilir.

Xocalı soyqırımını həyata keçirən erməni terror birləşmələrindən birinin rəhbəri olmuş Serj Sarkisyanın (Ermənistan Respublikasının hazırkı prezidenti) etirafları da yuxarıda səslənən fikirləri təsdiqləyir: “Xocalıdan öncə azərbaycanlılar güman edirdilər ki, biz onlarla zarafat edirik və hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz isə bunun əksini sübut etməyi bacardıq. Baş verənlər də məhz bunlardan ibarətdir”.

Xocalıda terror metodlarıyla həyata keçirilən soyqırımı hadisəsi beynəlxalq reaksiyaya səbəb oldu. “Qarabağ təpələrinə səpələnən cəsədlər”,– Böyük Britaniyadan olan jurnalist Anatol Levenin reportajı belə adlanırdı.

 

Xocalı soyqırımını ABŞ “İlin ən böyük faciəsi” adlandırmışdı

 

Rusiyanın “Gün” (День) qəzetinin 1992-ci il 10-16 may tarixli 19-cu nömrəsində nəşr olunmuş “Xəyanətin qiyməti” başlıqlı yazıda haqlı olaraq qeyd olunurdu ki, “Niyə “Qarabağ xalqı”nın dostları olan Starovoytova, Nuykin, Bonner, Lebed və başqaları kimi siyasi muzdurlar Sumqayıtda həlak olmuş 27 erməniyə görə göz yaşları axıdırlar, lakin bir dəfə də olsun Xocalını xatırlamırlar? Qarınları yırtılmış hamilə qadınlar, başlarının dərisi soyulmuş qocalar, gözləri çıxarılaraq güllələnmiş uşaqlar–məgər bu, faşizm deyildir?”

Leonid Kravets – hərbi təyyarəçi, mayor: “Fevralın 26-da mən Stepanakertdən yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırdım. Aşağıda gözümə nəsə tünd ləkələr dəydi. Birdən bortmexanik qışqırdı: “Baxın, orada qadınlar, uşaqlar gör nə günə düşüblər”. Gözəyarı saydıq. Yoxuşa səpələnmiş iki yüzə yaxın meyitin arasında əlisilahlılar gəzişirdilər. Təcili ora uçduq və meyitləri götürməyə cəhd etdik. Hər yana səpələnmiş qadın, qoca, uşaq meyitləri adamı sarsıdırdı. Yerli milis kapitanı da bizimlə idi. Meyitlərin arasında başı yarılmış dörd yaşlı oğlunu görəndə dəli oldu… Bizi atəşə tutmamışdan imkan tapıb bir neçə meyiti götürə bildik”.

David Xeyriyan – Xocalı faciəsinin şahidi olan erməni yazır: “Martın 2-də erməni “Qaflan” qrupu 100-dən artıq azərbaycanlı meyitini yığaraq Xocalının təxminən bir kilometr qərbində yandırdı. Sonuncu maşında alnından və əllərindən yaralanmış təqribən on yaşlı qız gördüm; aclığa, soyuğa, aldığı yaralara baxmayaraq sir-sifəti gömgöy göyərmiş bu qız uşağı hələ sağ idi. Güclə nəfəs alırdı. Tiqranyan adlı bir əsgər hərəkətsiz qalan bu qızı götürüb meyitlərin üstünə tulladı, sonra onlara od vurdular”.

Bütün bunlar sübut edir ki, Xocalıda törədilən vəhşiliklər əvvəlcədən planlaşdırılmış soyqırımı siyasətinin tərkib hissəsi olub. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni faşistlər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Miqyasına və dəhşətlərinə görə dünya tarixində bənzəri az olan Xocalı soyqırımını törətməkdə erməni cəlladlar uzağa hesablanmış məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən niyyətinə çata bilmədi. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları təsdiq edir.

Xocalı hadisələrinin beynəlxalq hüquq tərəfindən soyqırımı aktı kimi tanınmasının hüquqi əsasları var. Bu sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımı cinayəti  kimi tövsif etməyə imkan verir:

–BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası;

– Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırımı cinayətinə birbaşa istinad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur);

– Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4);

– Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1):

– Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6);

– Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103);

–Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı;

Xocalı soyqırımı beynəlxalq cinayətdir. Bunun üçün kifayət qədər hüquqi əsaslar  var.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş bir sıra cinayətlər onların törədildiyi dövrdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini tapmışdı. Lakin bu, heç də həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünki yuxarıda qeyd olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa artıq Beynəlxalq Birlik tərəfindən qəbul edilmiş və beynəlxalq hüququn norması kimi fəaliyyət göstərir. Ona görə də azərbaycanlılara münasibətdə törədilmiş vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə müvafiq olaraq beynəlxalq cinayət kimi tanınmış və həmin cinayət əməllərinə görə heç nə həmin cinayəti törətmiş şəxsləri cinayət məsuliyyətindən azad edə bilməz.

Məhz elə buna görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmiş şəxslərin tələb olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara söykənərək, soyqırımı cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin axtarılıb tapılması, tələb olunması və mühakimə edilməsi istiqamətində iş aparılmalıdır.

Ermənistan dövləti tərəfindən törədilən terror aktları, soyqırımı və qətliamlar, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi faktları cəzasız qala bilməz. Söz yox ki, dünyada mövcud olan ikili standartlar hələ ki, Ermənistanın həyasızlığını davam etdirməyə, işğalçılıq siyasətindən əl çəkməməyə şərait yaradır. Ancaq bu, belə davam edə bilməz. Azərbaycan özünün qüdrətli ordusu ilə işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Biz 2016-cı ilin aprelində də bunun şahidi olduq. Təkcə biz yox, Ermənistan, həmçinin dünya birliyi də bunun şahidi oldu.

Yəqin ki, həm Ermənistanın cinayətkar rəhbərliyi, həm də bu ədalətsizliyə göz yuman dünya birliyi bundan ciddi nəticə çıxaracaq.

Elman NƏSİROV,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi  Araşdırmalar İnstitutunun direktoru,  siyasi elmlər doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında