Tarix bəşəriyyətin həyatında qəddarlığı və kütləviliyi ilə dərin sarsıntı yaradan çoxsaylı qırğınlara və müharibələrə şahidlik etmişdir. Bütün qitəni bürümüş və Avropa xalqlarını qan gölünə qərq etmiş iki dünya müharibəsi XX əsrdə bu amansız savaşların sonuncuları idi.
II Dünya müharibəsindən sonra formalaşmış yeni dünya düzəni və bəşəriyyətin tərəqqisi və humanistləşməsi istiqamətində geniş vüsət alan etik-siyasi təkamül prosesləri etnik, dini, irqi ayrı-seçkiliyə əsaslanan zorakılığın artıq tarixin arxivində qaldığına böyük ümidlər yaratmışdı. Təəssüf ki, yenicə toxumları cücərməyə başlayan bu ümidlər əsrin sonlarına doğru yenidən Avropada və onun qonşuluğunda alovlanan etnik müharibələrlə sönməyə başladı.
1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların öz evlərindən və torpaqlarından qovulması ilə etnik təmizləmə başladı. Ermənistanda 250 mindən çox həmvətənimiz öz tarixi torpaqlarından qovuldu, onlara məxsus 31 min yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal-qara və bütün əmlakları qarət olundu. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Yüzlərlə soydaşımız fiziki işgəncələrə məruz qaldı, gözləri çıxarılmaqla, qolları və ayaqları kəsilməklə şikəst oldular.
Az sonra erməni hərbi birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı daha 7 rayonun işğalı ilə nəticələndi. Qarabağ müharibəsinin ən faciəli səhifəsi Xocalı şəhərinin yer üzündən tamamilə silinməsi oldu. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlar Sovet ordusundan qalmış 366-cı alayın iştirakı ilə bir neçə həftə öncədən mühasirəyə alınmış Xocalı şəhərinə hücum etdilər. Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək yollarda və meşələrdə gülləbaran edildilər.
Şəhər tamamilə yandırılıb məhv edildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Qarabağ müharibəsində səhra komandiri və sonralar Ermənistanın prezidenti olmuş Serj Sarkisyanın Britaniya jurnalisti Tomas de Vala verdiyi müsahibədə Xocalı faciəsinə belə şərh vermişdi: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, ermənilər dinc əhaliyə silah qaldırmaq iqtidarında deyillər. Biz bu stereotipi qıra bildik və nəticə göz qabağındadır". Bu şərhin özü ermənilərin dinc azərbaycanlıları məhz milli mənsubiyyətinə görə qətlə yetirdiklərini və ölkənin 20 faizini etnik təmizləməyə məruz qoyduqlarınu sübut edir.
BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırımı kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Həmin Konvensiyada qeyd olunmuş etnik mənsubiyyətinə görə insanların məqsədli şəkildə, xüsusi qəddarlıqla və işgəncə verilərək öldürülməsi, kütləvi qırğın aktının qabaqcadan planlaşdırılması kimi meyarlar Xocalı hadisələrinin mahiyyətini təşkil edir.
Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir. Bu günədək dünyanın bir sıra dövləti Xocalı qətliamını soyqırımı kimi tanımışdır.
Bütövlükdə, 5 il davam edən Qarabağ savaşlarında Azərbaycanın, təxminən, 20 faizini təşkil edən 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsi işğal olundu, 24 min azərbaycanlı vəhşicəsinə öldürüldü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir aparılanların əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. İtkin düşmüşlərin sayı 4 min 965 nəfərdir. Onlardan 320-si qadın, 69-u isə uşaqdır. 1 milyona yaxın azərbaycanlı öz doğma yuvalarından qovularaq qaçqına çevrildi.
Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya susdu, azərbaycanlıların fəryadına səs verən olmadı. Bəzi dövlətlərin zorakılıqdan çəkinmək çağırışlarını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqında qəbul etdiyi 4 qətnaməsinə də məhəl qoymadı. Bu qətnamələr bu gün də icra olunmamış qalmaqdadır. Erməni lobbisinin propaqandasına uymuş Avropa susdu, işğalçıya “dur” deyən və onu durmağa məcbur edən güc tapılmadı.
Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən erməni ideoloqları Zori Balayan, Silva Kaputikyan, səhra komandirləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları isə soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə mühakimə olunmaq əvəzinə, Ermənistanda siyasi hakimiyyətə yiyələndilər və o zamandan zəbt etdikləri klan hakimiyyətini bu gün də zor gücünə əllərində saxlayırlar.
Dünyanın laqeydliyi fonunda daha da alovlanan etnik müharibə alovu çox keçmədən Avropaya da çatdı. 1995-ci ildə demokratik Avropanın mərkəzində, Srebrenitsada baş verən soyqırımı aktı tarixin acı dərslərindən ibrət götürülmədiyini, dövlət səviyyəsində şovinizm, milli-dini ayrı-seçkilik və zorakılıq dalğasının yenidən baş qaldırdığını göstərdi.
İnsanlığa sığmayan, heç bir vəchlə haqq qazandırılması mümkün olmayan bu hadisə İkinci dünya müharibəsindən sonra etnik zəmində Avropada törədilmiş ən böyük soyqırımı hadisəsi kimi tarixə yazıldı. Bu qətliamdan cəmi iki il yarım öncə Azərbaycanda törədilmiş Xocalı soyqırımının əlamətlərini bütün vəhşilik simptomları ilə özündə cəmləşdirən Srebrenitsa Avropanın Xocalısına çevrildi. O vaxtdan bəri Xocalı və Srebrenitsa insanlığın “qardaşlaşmış kədəri” kimi hər iki ölkədə anılır...
Bosniya-Herseqovina, təxminən, Azərbaycanla eyni vaxtda, 1991-ci ilin oktyabrında müstəqilliyini elan etmişdi. Hələlik davamlı siyasi sabitliyə malik olmayan, güclü dövlət institutlarının hələ formalaşmadığı və əhalisinin 50 faizini bosniyalılar, 30 faizini serblər, 15 faizini xorvatlar və digər etnik qruplar təşkil edən bir ölkənin etnik zəmində toqquşmaların mərkəzinə çevriləcəyini proqnozlaşdırmaq elə də çətin deyildi. Lakin Qarabağın işğalına, Xocalı soyqırımına laqeyd qalan Avropa öz ərazisində közərməkdə olan fəlakətə qarşı da susqunluq göstərdi.
1992-ci ildən daha şiddətli hal almağa başlayan serb hücumları, əsasən, Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsa üzərində nəzarəti ələ keçirməyə hədəflənmişdi. Son məqsəd isə bu ərazidə etnik təmizləmə həyata keçirmək və bölgədə, nəyin bahasına olursa olsun, etnik üstünlük əldə edib, həmin ərazini Serbiyanın tərkibinə daxil etməkdən ibarət idi.
1993-cü ilin aprelində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamədə Srebrenitsa və onun ətraf ərazilərində etnik zəmində şiddətlənən toqquşmalardan dərin narahatlıq hissi ifadə olunsa da, beynəlxalq birlik tərəfindən bosniyalıların kütləvi qırğınına aparan proseslərin dayandırılması üçün heç bir əməli addım atılmadı.
1995-ci ilin martında qondarma Bosniya Serb Muxtar Respublikasının prezidenti Radovan Karadziçin göstərişi ilə serb hərbi qüvvələri bölgədə döyüş əməliyyatlarını genişləndirərək ora ərzaq və digər zəruri təchizat mallarının gətirilməsinə embarqo qoydular. Kəskin ərzaq çatışmazlığı və hərbi blokada şəraitində Srebrenitsa özünümüdafiə qüvvələrinin müqaviməti qeyri-bərabər şərtlər altında getdikcə zəifləyirdi.
Qətliamdan öncə əhalisi 24 min nəfər olan Srebrenitsaya digər bölgələrdən də etnik bosniyalıların axınından sonra şəhər əhalisinin sayı 60 minə çatmışdı. Tamamilə təcrid vəziyyətinə salınmış Srebrenitsa aclıq və xəstəliklərin tüğyan etdiyi qaçqın düşərgəsinə çevrilmişdi.
Qarabağda olduğu kimi, Srebrenitsada da BMT sülhməramlıları tərəfindən bosniyalılardan silahların yığışdırılması yerli özünümüdafiə qüvvələrinin kütləvi tərksilahına və faciənin miqyasının daha da genişlənməsinə şərait yaratdı. Serblərin Srebrenitsaya hücumları intensivləşdikdən sonra bosniyalıların onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciəti isə cavabsız qaldı.
Həmin dövrdə BMT mandatı altında Bosniya torpaqlarına yerləşdirilən Hollandiya sülhməramlı qüvvələrinin kütləvi qırğının başlanmasından öncə Srebrenitsanı tərk etməsi isə indiyə qədər cavablandırılması mümkün olmayan suallar doğurmaqdadır.
1995-ci ilin 6 iyulu bəşəriyyətin ən amansız vandalizm aktlarından biri sayılan Srebrenitsa qətliamının başlanğıc tarixi oldu: serb hərbi birləşmələri şəhərin cənubundan irəliləyərək kütləvi şəkildə etnik bosniyalıların evlərini yandırmağa və qırğınlar törətməyə başladılar. Minlərlə bosniyalı kütləvi terrordan, qeyri-insani davranışdan yaxa qurtarmaq üçün qonşu ərazilərə, yaxınlıqda yerləşən Potokariyə üz tutmağa məcbur oldu. Lakin Srebrenitsada məskunlaşmış əksər etnik bosniyalı blokada şəraitində şəhəri tərk edə bilmədi.
Drina çayının ətrafı, şəhərdə yerləşən fabrik, anbar, mədəniyyət mərkəzləri, məktəb binaları iyul ayının 1--13-ü arasında şiddətlənən kütləvi qırğınların törədildiyi əsas mərkəzlərə çevrildilər. Hərbi komandir Ratko Mladiçin rəhbərliyi ilə serb hərbi birləşmələri Serebrenitsada insanlıq tarixinin ən qəddar soyqırımı aktını törətdilər.
Nəticədə, 8 mindən çox bosniyalı etnik-dini ayrı-seçkiliyin qurbanına çevrildi. Öldürülənlər arasında çoxsaylı uşaq və qadınların, qocaların olması bu hadisəni yalnız hərbi birləşmələr arasında toqquşma kimi qələmə verənlərin fikirlərini alt-üst edir. Amansız işgəncələrlə öldürülən etnik bosniyalıların meyitləri belə qeyri-insani rəftara məruz qaldı. Avropanın mərkəzində yerləşən Srebrenitsa şəhəri cəmi bir neçə gün ərzində kütləvi məzarlıqlar məskəninə çevrildi.
Törətdikləri kütləvi qırğınların izini itirmək üçün serb hərbi birlikləri cəsədləri bölərək, ağır texnikadan istifadə etməklə onları ayrı-ayrı yerlərdə basdırırdılar. 1996-cı ildə təsis edilən itkin düşmüş şəxslər üzrə Komissiya 2010-cu ilədək 80-dən çox kütləvi məzarlıq yerində apardığı DNT analizləri nəticəsində yalnız 7 minə yaxın bosniyalı qurbanı müəyyən edə bilmişdir. 1200-dək bosniyalının yeri və şəxsiyyəti barədə isə indiyə qədər heç bir məlumat yoxdur.
Serb jurnalisti tərəfindən çəkilmiş sənədli filmdə yer alan Ratko Mladiçin bu hadisə barədə soyuqqanlıqla söylədiyi mülahizələr bəşəriyyətin ən ağır cinayət hadisələrindən biri olan Srebrenitsa qətliamının etnik-dini zəmində baş verdiyinə şübhə yeri qoymur: “Biz bu şəhəri (Srebrenitsanı) serblərə qaytarırıq, bosniyalı müsəlmanlardan qisas alınması zamanı gəlib çatmışdır”. Göründüyü kimi, Xocalı soyqırımından sonra Serj Sarkisyanın və Srebrenitsa soyqırımından sonra Ratko Mladiçin törətdikləri eyni hadisələrə şərhləri də eyni məzmun daşıyır.
1995-ci ilin 16 iyulunadək davam edən qətliamın əsas iştirakçılarının Bosniyanın silahlanmış etnik serb hərbi qüvvələri olduğuna dair sübuta yetirilmiş faktların olması ilə yanaşı, Serbiya polisinin və “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik qüvvələrinin də bu soyqırımı aktında iştirakı barədə məlumatlar təsdiqlənmişdir.
2010-cu ildə Serbiya parlamentinin Srebrenitsada baş verən faciəvi hadisələrə dair rəsmi üzrxahlığını ifadə edən qətnamə qəbul etməsi, eləcə də 2013-cü ildə Serbiya prezidentinin Srebrenitsa qətliamına görə üzr istəməsi həmin dövrdə Serbiyada siyasi hakimiyyətdə olan şəxslərin bu qırğının baş verməsində bilavasitə iştirakını sübut edir.
Münaqişənin davam etdiyi 1990--1995-ci illərdə etnik bosniyalılar bölgədə silahlanmış xorvat hərbi birləşmələri tərəfindən də kütləvi qırğına məruz qalmışlar. Slobodan Praljakın rəhbərliyi ilə Xorvat hərbi birlikləri tərəfindən Bosniyada Osmanlı imperiyası dönəmində inşa edilmiş tarixi abidələr, maddi mədəniyyət nümunələri dağıdılmış, yüzlərlə bosniyalı etnik-dini ayrı-seçkiliyin qurbanı olmuşdur.
Ümumilikdə, 1990--1995-ci illərdə çoxsaylı etnik toqquşmalar və kütləvi qırğınlarla müşayiət olunan Bosniya müharibəsi, təqribən, 100 min insanın ölümünə və 2 milyondan çox insanın didərgin düşməsinə səbəb olmuşdur. Bosniya müharibəsinin ən pik nöqtəsi hesab olunan Srebrenitsa soyqırımı isə sanki, Xocalı faciəsi kimi, qarşısının alınmasından daha çox, törədilməsinə şərait yaradılaraq, məsuliyyətsiz beynəlxalq qurumların və şəxslərin şüurlu cinayətkarlığı nəticəsində baş vermişdir.
BMT-nin keçmiş Baş katibi Kofi Annan bu təşkilatın Srebrenitsa qətliamının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirə bilmədiyini etiraf edərək deyirdi: “Buraxdığımız yanlışlıqlara, gözlənilən insanlıq faciəsinin qarşısını ala bilmək bacarığını göstərə bilmədiyimizə görə biz bosniyalıları serb qüvvələrinin kütləvi qətliamından qorumağa nail ola bilmədik”.
Bu dəhşətli insanlıq faciəsinin bir daha baş verməməsi üçün Srebrenitsa qətliamına obyektiv siyasi-hüquqi qiymət verilməsi üçün 1993-cü ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı yaradılmışdır. Tribunal bu hadisənin dərindən araşdırılmasını həyata keçirmiş, soyqırımı aktında iştirak edən əksər hərbi, siyasi cinayətkarların məsuliyyətə cəlb edilməsini təmin etmişdir.
İkinci dünya müharibəsindən sonra yaradılmış Nürnberq və Tokio tribunallarından sonra ilk dəfə təsis edilən Beynəlxalq Cinayət Tribunalı təkzibolunmaz faktlara əsaslanaraq, Srebrenitsada baş vermiş kütləvi qırğının soyqırımı hadisəsi olduğuna dair yekun qərara gəlmişdir. 160-dan çox siyasi, hərbi fiqurların mühakimə olunduğu Cinayət Tribunalında Srebrenitsa qətliamında iştirakı sübuta yetirilən Radovan Karadziç, Radislav Krstiç, Ratko Mladiç kimi siyasi, hərbi cinayətkarlar layiq olduqları cəzalarını almışlar.
Eyni zamanda, Srebrenitsada törədilmiş qətliam Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də soyqırımı aktı kimi təsdiq olunmuşdur. Heç şübhə yoxdur ki, Srebrenitsa soyqırımının ümumbəşəri faciə kimi qəbul edilməsi və dünya birliyi tərəfindən ona adekvat münasibət bildirilməsi bütün planetdə millətçilik, diskriminasiya və dözümsüzlüyün ifrat formalarının gətirib çıxardığı və çıxaracağı acı nəticələrin bir daha baş verməməsi üçün önləyici əhəmiyyətə malikdir.
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının 2017-ci il 29 noyabr tarixli qərarı ilə Slobodan Praljakın etnik bosniyalıların kütləvi qırğınında iştirakı təsdiqlənmişdir. Həmin qərar elan edilərkən Slobodan Praljakın özünə nümayişkaranə şəkildə qəsd etməsi– elə məhkəmə salonundaca zəhər içməsi tribunalın qəbul etdiyi haqlı qərara əsassız etirazın kobud təzahürü idi.
Yüzlərlə günahsız insanın ölümündə birbaşa iştirak etmiş şəxsin utancverici cinayət hadisələrinə görə üzr istəməsi əvəzinə, özünəqəsd yolunu seçməsi onun mənəvi deqradasiyasının əyani göstəricisi idi. Bu hadisə həm də insanlıq əleyhinə törədilmiş istənilən cinayətin gec və ya tez layiqli cavabını və obyektiv hüquqi qiymətini alacağının bariz nümunəsidir.
2011-ci ildə Hollandiya məhkəməsi Srebrenitsa qətliamından öncə bölgəyə yerləşdirilmiş Hollandiya sülhməramlılarının kütləvi qırğının qarşısının alınması üçün lazımi səylər göstərmədiyi barədə qərar qəbul etdi. Həmin qərarın yuxarı instansiya tərəfindən ləğvinə baxmayaraq, Hollandiya hökuməti qətliam zamanı bosniyalıların üzləşdiyi maddi və mənəvi ziyana görə qismən məsuliyyət daşıdığını rəsmi surətdə etiraf etmişdir.
Etnik, irqi, dini ayrı-seçkiliyin ağır nəticələri ilə üzləşmiş srebrenitsalıların kütləvi qırğınına beynəlxalq hüququn norma və prinsipləri əsasında qiymət verilməsi həm də mənəvi borc və məsuliyyət məsələsidir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, İkinci dünya müharibəsindən sonra Avropa məkanında törədilmiş ən böyük vandalizm aktı olan Srebrenitsa genosidinin qarşısının alınması üçün Avropa dövlətləri və strukturları tərəfindən vaxtında zəruri müdaxilələr həyata keçirilməmişdir.
Yalnız bu hadisə baş verdikdən sonra etnik təmizləməni hədəfləyən presedentin yayılmasından ehtiyat edən Avropa dairələri bəyanatlar və çağırışlarla tərəfləri hadisənin araşdırılmasına və mürəkkəb siyasi vəziyyətin daha da ağırlaşmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə dəvət etmişlər.
Avropa Parlamenti tərəfindən 2005, 2009, 2015-ci illərdə qəbul edilmiş qətnamələrdə Srebrenitsa qətliamı soyqırımı aktı kimi təsdiqini tapmışdır. Srebrenitsa hadisələrinin 10 illiyi ərəfəsində qəbul edilmiş 2005-ci il qətnaməsində bu qətliamın törədilməsində iştirak etmiş və cinayət təqibindən yayınan şəxslərin təxirə salınmadan cinayət məsuliyyətinə cəlb edilməsi, kütləvi qırğınların törədildiyi dövrdə bölgəyə yerləşdirilmiş BMT sülhməramlı qüvvələrinin qeyri-adekvat reaksiyası və lazımi tədbirlər görməməsi məsələsinin araşdırılması, regionda barış və sülhün təmin olunması istiqamətində səylərin gücləndirilməsinə dair önəmli müddəalar öz əksini tapmışdır.
Avropa Parlamenti tərəfindən qəbul edilmiş və Srebrenitsa genosidi faktını təsdiqləyən 2009, 2015-ci il tarixli Qətnamələrdə Avropada inteqrasiya proseslərini köklü şəkildə zədələmiş bu cinayətkar aktın bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.
Lakin belə görünür ki, soyqırımı kimi faciəvi hadisələrə münasibətdə hələ də nə dünyanın, nə də Avropanın vahid müqavimət platforması yoxdur. Srebrenitsa hadisələrinin iyirminci ildönümündə layihəsi Böyük Britaniya tərəfindən hazırlanmış “Srebrenitsada baş vermiş kütləvi qırğının soyqırımı aktı kimi tanınmasına dair” Qətnamə layihəsinin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsinə Rusiya tərəfindən veto qoyuldu.
Bu, müasir sivilizasiyanın humanistlik dəyərlərinin açıq şəkildə tapdanması, beynəlxalq səviyyədə siyasi əxlaqa və insanlıq dəyərlərinə etinasızlığın nümayişi idi. Bu fakt həm də ayrı-ayrı dövlətlərin baş verən hadisələrə öz dar maraqları mövqeyindən yanaşmasının, tarixin məntiqinə zidd və selektiv yanaşmasının bariz nümunəsidir. Belə yanaşma bütün xalqlar üçün zərərlidir və beynəlxalq səviyyədə sülhə və təhlükəsizliyə ciddi təhdiddir.
Təbii ki, Bosniya və Herseqovinada baş verən hadisələr barədə ilk siyasi münasibət bildirən dövlətlərdən biri də bu faciəvi taleyi öz yaxın tarixində yaşamış Azərbaycan olmuşdur. Hələ 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi bu ölkədə etnik-dini zəmində baş qaldıran müharibənin kütləvi qırğın və soyqırıma gətirib çıxarmaması üçün təcavüzün dayandırılması barədə dünya birliyinə çağırış etmişdir. Hər iki ölkə müstəqilliklərini qazandıqdan sonra tarixindəki bənzər ağrı-acılar Azərbaycanla Bosniya və Herseqovinanı bir-birinə daha da yaxınlaşdırmışdır.
Suverenlik uğrunda eyni mübarizə yolunu keçən Azərbaycan və Bosniya-Herseqovina qarşılıqlı münasibətlərdə insanlıq əleyhinə törədilmiş cinayətlərin obyektiv siyasi-hüquqi qiymət alması üçün birgə təşəbbüskarlıq səylərini bu gün də davam etdirirlər. Bosniya və Herseqovina Parlamenti tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı Qətnamənin qəbul edilməsi bu əməkdaşlığın parlaq təzahürüdür.
2016-cı ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Bosniya və Herseqovina Parlamentinin üzvü tərəfindən irəli sürülmüş “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”nə dair qətnamə layihəsinin də böyük səsçoxluğu ilə qəbul edilməsi qarşılıqlı əməkdaşlığın uğurlu nümunəsidir. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq təşkilatlarda Bosniya və Herseqovinanın haqlı mövqeyini dəstəkləyir, Srebrenitsa və Xocalı qətliamları kimi bəşər tarixinin ən qəddar cinayət aktları barədə dünya ictimaiyyətinin məlumatlandırılması işini ardıcıl şəkildə davam etdirir.
Həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxmillətli ölkələrdir və iki ölkə arasında möhkəm dostluq əlaqələri mövcuddur. 2003-cü ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində, Dobrinya çayı üzərində “Dostluq körpüsü” tikilib. Bu çayın sahilində, dostluq körpüsünün ətrafında salınmış Bosniya və Herseqovina – Azərbaycan Dostluğu parkında Xocalı və Srebrenitsa qurbanlarının xatirəsini əbədiləşdirən abidə ucaldılıb.
Bu abidə iki ölkənin qoşa kədərini ifadə edir: Xocalı və Srebrenitsa kədərini. Bu kədəri unutmaq olmaz. Dünya tarixində törədilmiş ən qəddar cinayətlərin ağrısını, fəryadını özündə toplayan, bütövlükdə, insanlığa, sülhə, demokratik nizama, vətəndaş birliyinə qarşı törədilmiş soyqırımı hadisələrini unutmamaq, Xocalı və Srebrenitsa qurbanlarının xatirəsini anmaq Yer üzündə yaşayan hər bir məsuliyyətli insanın mənəvi borcudur.
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.