Xocalı və Xocalı soyqırımı haqqında, onun vətənpərvər, qürurlu, yenilməz, əyilməz qəhrəman övladları haqqında nə qədər deyilsə də, yazılsa da, onun mənəviyyat və dəyər mahiyyətinin açılmamış səhifələri, sirli məqamları qalmaqda davam edir. Hələlik Xocalı haqqında xeyli dərəcədə dəyərli əsərlər ərsəyə gəlsə də, yenə də az görünür, çünki çözülməmiş düyünlər, deyilməmiş mətləblər çoxdur. Xocalı haqqında ümumiləşmiş monumental əsərlər nə vaxt və kim tərəfindən yazılacaq, bu soyqırımın səbəbkarları nə vaxt müttəhimlər kürsüsündə əyləşəcək, onlar nə vaxt obyektiv ittiham ediləcək və lazımi cəzalarını alacaqlar? Bəşər övladları nə vaxt bu soyqırımı öz əsil adı ilə adlandıracaq? Cavab vermək çətindir. Çünki beynəlxalq aləmdə ikili yanaşma tərzləri davam edir. Təəssüf ki, belədir.
Xocalı soyqırımını törədənlər hələlik beynəlxalq tribunal qarşısında ittiham olunmayıblar.
Soyqırımı zamanı təsadüfən sağ qalmış Xocalılıların yaşlı nəsli artıq tükənmək üzrədir. Onlar və onların övladları, nəvələri hər ilin fevral ayında keçirilən tədbirlərdə iştirak edir, ağrı-acı içində qovrulurlar. Xocalılıların fəryadını eşidəndə daş da dilə gəlir, dillənir. Ermənistanın prezidenti Serj Sarkisyan heç nədən və heç kimdən çəkinmədən açıq etiraf edərək deyir ki, Xocalı soyqırımını biz törətmişik və bununla sübut etdik ki, biz dinc əhalini də öldürə, qıra bilirik. O, erməni gəncləri ilə görüşündə suallara cavab verərkən məsələlərə əsil faşist mövqeyindən yanaşaraq aqressivcəsinə demişdir: “Mənim yaşda olanlar Qarabağı qaytardı, Araratın (Türkiyədəki Ağrı Dağını nəzərdə tutur) qaytarılması Sizin nəslin borcudur”. Serj Sarkisyan, Robert Koçaryan, əlləri Xocalı körpələrinin qanına bulaşmış Zori Balayan, Seyran Ohanyan və digərləri forpostu olduqları dövlətlərə arxalanaraq Xocalı soyqırımını törətdilər, Azərbaycan torpaqlarını işğal etdilər. İndi də onlar həmin havadarlarına arxalanıb törətdikləri mənfur əməllərinə görə həbsxanalarda çürümək əvəzinə, əksinə, öz qanlı cinayətlərindən həzz alır, isterik qürrələnməyə davam edirlər. Ancaq ermənilər öz himayədarlarına nə qədər arxayın olsalar da, onların da büdrəyən vaxtı gəlib çatacaq. Azərbaycanlılar təkcə erməni cəlladlarının işğal etdikləri Qarabağa yox, ölkəmizin Prezidenti cənab İlham Əliyevin əminliklə dediyi kimi, qədim Azərbaycan torpaqları olan İrəvana, Zəngəzura, Dərələyəzə, Göyçəyə və əzəli Azərbaycan torpaqları olan digər bölgələrimizə də qayıdacaqlar.
Təəssüf ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar təcavüzkar, işğalçı Ermənistana sərt təzyiq göstərmir, sanksiyalar tətbiq etmirlər. Sual olunur, əgər Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından çıxmırlarsa, nə üçün sülh yolu ilə danışıqlar antiterror əməliyyatları ilə əvəz olunmasın? Azərbaycan hərbi qüvvə tətbiq etməklə öz torpaqlarını azad etmək hüququna malikdir və necə olursa-olsun ərazi bütövlüyümüzü təmin edəcəyik.
2016-cı ilin aprel hadisələri bir daha sübut etdi ki, Azərbaycan erməni işğalı altında olan torpaqlarını azad etməyə qadirdir. Dünya bunu gördü.
Xocalıda bir gecənin içində bütünlüklə məhv edilən ailələr, soyqırımına məruz qalan körpə uşaqlar, köməksiz qadınlar, qocalar, ömürlük əlil, şikəst olmuş insanlar var. Xocalıda oğullarının, ərlərinin erməni qəbirlərinin üstündə başları kəsilən analar, dul qalan gəlinlər var. Onlar haqqında çox deyilib, çox yazılıb. Sinəsinə dağ çəkilən, tək qalmış analardan biri də Nənəş ana olub. Bir vaxtlar Nənəş ana da oğul böyüdüb nəvə-nəticə sahibi olmaq istəyirdi. Onun Araz, Fəxrəddin, Mikayıl adlı üç oğlu var idi. Araz hərbi xidmətdə olmuş, hərbi texnikanın sirlərinə tam yiyələnmiş bacarıqlı və vətənpərvər bir gənc idi. O müdhiş gecədə qəhrəmancasına şəhid olmuş və sonralar Milli Qəhrəman adına layiq görülmüş Əlif, Araz, Tofiq, Ələsgər, Aqil, Hikmət, İnqilab, Füzuli, eləcə də digərləri dinc əhalinin, uşaqların, qadınların, qocaların xilası üçün əllərindən gələnləri etdilər. Xeyli insanı Naxçıvanikdə pusquda durub milləti qıran ermənilərin caynağından qurtarıb Ağdama keçirib, yenidən geri qayıdıb Xocalını tərk edən mülki əhaliyə kömək edirdilər. Arazın qardaşları, atası, anası, bacısı başqa dəstələrdə idi. Araz anası Nənəşin, bacısı Xumarın harada olduqlarını bilmirdi. Ancaq Vətən uğrunda, torpaq uğrunda ermənilərlə döyüşür, Azərbaycan naminə vuruşurdu. Arazı tanıyan Xocalılıların hamısı onun həm Xocalıda olarkən, həm də qırğın gecəsindəki qəhrəmanlıqlarının şahidi olublar. Son anda ağır yaralanan Araz satqınlığın qurbanı olub. Əsgəranda girov götürülmüş qardaşları Fəxrəddin və Mikayılın, atası Bahadurla birlikdə erməni qəbirlərinin üstündə, analarının gözü qarşısında, başları kəsilib. Ermənilər Nənəş anaya deyiblər ki, səni ona görə öldürmürük ki, ömür boyu bu dərdlə yaşayasan. Nənəş ananın oğlanlarının və ərinin cəsədləri erməni əsirləri ilə dəyişdirilib Ağdama gətirildi və oradakı Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Kimsəsiz qalan Nənəş ana təkcə ondan təsəlli alırdı ki, ulu öndər Heydər Əliyev verdiyi sərəncamla onun oğlu Araza “Azərbaycanın Milli Qəhrəmanı” adını verdi, kiçik oğlu Mikayılı isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdi. Mikayıl Xocalıda olanda Milli Qəhrəman cəsur döyüşçü Əlif Hacıyevin Xocalı aeroportundakı dəstəsində polis kimi xidmət göstərir, vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirdi. Sağlığında ermənilərin canını lərzəyə salan Əlif həm Mikayıldan, həm Asif Usubov kimi silahdaşlarından, həm də digərlərindən həmişə razılıq edirdi və son dərəcə optimist idi. O, Azərbaycanın haqq işinin qalib gələcəyinə inanırdı. Əlif Hacıyev bunu mənə 1991-ci ilin avqust ayının sonlarında Xocalıdakı son görüşümüzdə demişdi.
Nənəş ana ermənilərin güman etdikləri kimi çox yaşamadı, Goranboyda dəfn edildi. Onun yeganə təsəllisi üç oğlundan birinin – Arazın sağ qalan körpə oğlu İlqar idi. Qızlarından yalnız Xumarla Gültəkin qalıb və indi onların da sinəsi, qəlbi dağlıdır.
Xocalının həkim ziyalılarından Məmməd Ağalar oğlu Nağıyev bir dəstə Xocalı gənci, qadınlar və uşaqlarla Naxçıvanik meşəsində tələyə düşmüşdülər. Məmməd həkim öz ağrılarını unudub uşaqlara, qadınlara, qocalara tibbi yardım göstərirdi. Məmməd həkimi Ağdamla Naxçıvanikin sərhədində qarşıladım, onu qucaqladım, qeyri-iradi gözlərimdən axan yaş selini görəndə o, məni sakitləşdirməyə çalışdı, sonra özü kövrəldi. Dedi ki, erməni quldurları 13 nəfər igid, döyüşkən Xocalı oğlanlarını dəstədən ayırıb naməlum istiqamətə apardılar. Bir az sonra avtomatdan açılan aramsız atəş səsləri eşidildi. Onların güllələnməsi qadınların harayını göyə çıxardı. Güllənənlərdən 3-ü Kamran kişinin oğlanları idi. Analarının fəryadı indi də qulaqlarımdadır. Köhnə kürkə büründüyümə görə məni sezmədilər. Onlar Yerevandan gəlmiş başkəsənlər idilər. Qadınların, uşaqların bir hissəsi şaxtadan, aclıqdan-susuzluqdan donub öldü. Qalan bir neçə qadın və mən gecəyarısı bizi saldıqları tövlədən çıxdıq, birtəhər səhərə yaxın Ağdam sərhədinə çata bildik. Güllələnən həmin 13 nəfər şəhid 613 nəfər şəhidin 13-lərinə çevrildilər. Məmməd həkim sonralar Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adına, “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü.
Xocalı icra başçısının müavini Şöhrət Həsənov canlı ensiklopediya idi. Bütün Xocalı əhlinin adını, soyadını, atasının adını, hətta təvəllüdlərini əzbərdən bilirdi. Şəhidlik zirvəsinə yüksəldikdən sonra “İgidliyə görə medal” ilə təltif edildi. Bakıdakı Şəhidlər xiyabanında uyuyur.
Məleykə ana nəvəsi belinə şəlləkli gəlmişdi Ağdama. Özü əslən Ağdamın Əhmədavar kəndindən idi, həyat yoldaşı Saleh Allahverdiyev isə Xocalıda doğulmuşdu, ancaq Məleykə ana Naxçıvanik meşəsində Əhmədavarın yolunu tapa bilmirdi. 8 oğul, 1 qız anası olan Məleykə ana soyqırımı gecəsi evdə həyat yoldaşı Salehlə özü, nəvələri və gəlini olub. Oğlanlarının hamısı postlarda keşik çəkməyə göndərilib. Ermənilərin, SSRİ-nin 366-cı alayının tanklarından, toplarından yağış kimi yağdırılan mərmilərin, güllələrin arasından keçmək mümkün olmadığından qonşular onlara deyiblər ki, Xocalıda yeni tikilən 5 mərtəbəli evin zirzəmisinə gedək, bəlkə orada bu mərmilərdən xilas olarıq. Yolboyu çoxlu meyitlər görüblər. Beşmərtəbəyə çatanda Məleykə ana oğlu Ziyadxanın hər iki ayağının parça-parça olduğunu görüb. Şivəninə hay verən olmayıb. Zorla dili söz tutan Ziyadxan deyib ki, burada durmayın, mən onsuz da ölürəm, uşağımı və özünüzü xilas edin. Qarqar çayını keçib meşə ilə Ağdama gedən yola çıxın. Məleykə ana əri Salehi də evdən çıxara bilməyib. O, təkid edib ki, mən burada ölmək istəyirəm, qızımın qəbri buradadır. Mən onun qəbrini tək qoyub gedə bilmərəm. Siz gedin nəvəmizi xilas eləyin. Məleykə ana Qarqar çayını keçəndən sonra meşədə böyük oğlu Novruzu və onunla birlikdə postda olan 15 yaşlı nəvəsi Mahiri görüb. Novruz postda olduğunu və əhalinin bir hissəsinə kömək edib bura gətirdiyini deyib və atasını soruşub. Məleykə ana deyib ki, nə qədər elədik gəlmədi. Dedi ki, mən qızım Xınanın qəbrini burada tək qoyub gedə bilmərəm. Novruz anasına deyib ki, yox, mən atamsız gedə bilmərəm. Bu qədər adamı qoruya-qoruya gətirmişəm, atamı burada qoyub getsəm, qeyrətsiz olaram. Gedirəm atamı gətirməyə. Siz camaata qarışıb gedin, bu dağı aşıb meşəni keçəndən sonra Ağdama çıxacaqsınız. Təbii ki, Novruz Kətik meşəsini keçəndən sonra Naxçıvanik yaxınlığında erməni quldurlarının pusquda durduqlarından və onların kütləvi qırğın törədəcəklərindən xəbərsiz idi. Novruz atasını gətirməyə gedəndə onun oğlu deyib ki, mən də atamla gedirəm babamı gətirməyə. Novruz bəlkə də ölümə getdiyini bilirdi, oğlunu geri qaytarmağa çalışırdı. Lakin oğlu əl çəkməyib atası ilə birgə getdi və bir daha qayıtmadı. Onlar o vaxtdan itkin düşdülər. Bu vaxta qədər də heç bir xəbər-ətər yoxdur onlardan. Bundan da dəhşətli hallar olub. Əsgəranda, Naxçıvanikdə girov götürülənlər arasında Məleykə ananın övladlarından Mirzə ilə Elşən Əsgəranda ağır işgəncələrə məruz qalıblar. Mirzənin qızıl dişlərini mismar kəlbətini ilə dartıb çıxarıblar. Elşənin də dırnaqlarını çıxarıblar. Elşən ağrıdan şoka düşüb. Ermənilər onu ölmüş bilərək cəsədini pəncərədən meyitlərin arasına atıblar. Elşən meyitlər dəyişdiriləndən sonra Ağdamda meyitlərin arasından ağır vəziyyətdə tapılıb. Xocalı məktəblilərinin sevimlisi İbiş müəllim Qarqar çayını keçdikdən sonra həlak olub.
Qızları Sevinci və Elnarəni Naxçıvanik meşəsinə qədər gətirən Aslanov Tofiq meşədə onlardan ayrı düşüb və sonra nə qədər axtarıbsa, tapa bilməyib onları, 2 aydan sonra böyük qızı Sevincin sorağı alındı və erməni girovu ilə dəyişdirildi. Kiçik qızı Elnarə isə itkin düşdü. Bu vaxta qədər ondan səs-soraq yoxdur. Dağ cüssəli Tofiq günü-gündən qızının xiffətindən şam kimi əridi, qəfil ürəyi dayandı. Tofiqin oğlu Müşfiq Aslanov qızına itkin düşmüş bacısı Elnarənin adını qoydu. Elnarə Bakıda anadan olub, ali məktəbdə təhsil alır, Xocalını və itkin düşmüş bibisini bir an belə unutmur. Ona yanıqlı bir şeir də həsr eləyib. Xocalılılar arasında sağlam ruhlu gənclər yetişməkdədir. Bu qanlı qırğınları, erməni vəhşiliklərini göz önünə gətirəndə bir anlıq 1966-1968-ci illərdə Naxçıvanik xəstəxanasında həkim işlədiyim anlar düşür yadıma. 1966-cı ildə institutu bitirəndə təyinatımı öz arzumla doğma yurdum Dağlıq Qarabağa götürmüşdüm. Lakin vilayət səhiyyə şöbəsinin müdiri Atayan məni işlə təmin etməkdən imtina etmişdi. Çox get-gəl etdim, faydası olmadı. Sonralar eşitdim ki, yaxınlıq etdiyi azərbaycanlılardan birinə deyib ki, mən onu işə götürərəm, ancaq Yerevandakılardan qorxuram. Məni dərhal işdən çıxarıb ya həbs edərlər, ya da öldürərlər. Bizə Yerevandan rəsmi təlimat göndərilib ki, bir nəfər də olsun türkü işə götürməyək. Belə təlimat bütün sahələrin rəhbərlərinə göndərilmişdi. Mən iki ay işsiz qaldım. Amma Atayanın yanına gedib-gəlməkdən əl çəkmir, haqqımı tələb eləyirdim. 1966-cı il oktyabrın əvvəllərində Atayan mənə dedi ki, Ağdamın yaxınlığında Naxçıvanik – Pircamal – Aranzəmin adlı kənd var. Orada ikimərtəbəli təzə xəstəxana tikdirmişik. Ancaq heç bir erməni həkimi ora getmək istəmir, o yer boş qalıb. Razılaşdım. Xocalıdan ora avtobus işləmədiyinə görə həftədə bir dəfə o yolu piyada gedib-gəlirdim. Mən orada erməni ailələrinə çox kömək göstərmiş, onların uşaqlarını, qocalarını, gənclərini ölümdən qurtarmışdım. İndi paradoksa bax ki, həmin Naxçıvanikin yaxınlığında qaniçən qəddar ermənilər mənim Xocalı körpələrimi, 613 nəfər bacı-qardaşlarımı qanına qəltan edib, soyqırımı törətmişdilər. Bu çox təəssüf doğurucu bir haldır. Mən bir həkim kimi öz andıma sadiq qalıb milliyyətindən asılı olmayaraq, hər kəsə tibbi yardım göstərirdim. Qaniçən Zori Balayan da həkim idi, lakin o, insan qanına susamış cani idi. O, Xocalının körpə uşaqlarını divara mismarlayıb, onları əzab-əziyyətlə öldürməkdən həzz alırdı. Hətta 13 yaşlı qızın dərisini diri-diri soyub, onun neçə dəqiqəyə öləcəyinin eksperimentini aparıb və müəyyən edib ki, dərisi soyulmuş körpə qızcığaz 7 dəqiqədən sonra həlak olub. Bu, soyqırımının zirvə nöqtəsidir.
Xocalı soyqırımının Ağdam mərhələsi bir an belə gözlərim önündən getmir. Hər gün Ağdam xəstəxanalarına yaralılar gətirilir, Ağdam Məscidinə meyitlər daşınırdı. Xəstəxananın həkimlərinin əksəriyyəti bir vaxtlar mənim tələbəm olmuş həkimlər idi. Hazırda Bakıda yaşayan ATU-nun dosenti Tariyel həkimi də ilk dəfə orada gördüm. Onlar sözün həqiqi mənasında misilsiz işlər görür, ağır yaralıları, qanqrenası olan xəstələri dərhal Bakıdakı xəstəxanalara evakuasiya edirdilər. Bir gün ərzində Ağdam xəstəxanasına gətirilən 300-dən çox yaralının siyahısını tutmuşdum. Ağdam xəstəxanasının bütün tibb personalı əsil qəhrəmanlıq nümunəsi göstərirdilər. Məsciddə, oraya aramsız daşınan meyitlərə kəfən çatışmırdı. Ən dəhşətlisi o idi ki, Xocalı soyqırımının ilk günlərində Bakıdakı rəhbərlik rəsmi xəbər yaymışdı ki, Xocalıda, guya, cəmi 2 nəfər ölüb, xocalılılar yenidən öz yerlərinə qaytarılacaq”. Elə həmin gün Ağdam-Bakı qatarı ilə Bakıya getdim. Şənbə günü idi. Kafedrada professor Rafiq Əsgərovu gördüm. O, məni ATU-nun o zamankı rektoru, professor Yaqub Məmmədovun yanına apardı. Yaqub müəllimə vəziyyəti danışdım. Dedi ki, Milli Məclisdə bizə deyiblər ki, cəmi 2 nəfər həlak olub. Mən isə ona həqiqəti danışdım. Yaqub müəllim dedi ki, elə bu gün danışacam “matəm” elan olunsun. Sonra məscidə getdim. Hacı Allahşükür Paşazadə Bakıda yox idi. Məni onun müavini Hacı Sabir Ağanın yanına apardılar. Ona maşınlarla meyitlərin Ağdam məscidinə daşındığını, onları bükməyə kəfənliyin çatışmadığını dedim. Hacı Sabir Ağa dərhal tapşırıq verdi ki, Ağdam məscidinə təcili olaraq dəfn üçün lazım olan ləvazimatlar göndərilsin. O, məni əmin etdi ki, bunu dövlət orqanlarına da çatdıracaq.
Elə həmin gecə qatarla Ağdama qayıtdım. Üzləri, gözləri qan içində olan Xocalı qadınlarının harayları ara vermədən tükürpədici matəm sədaları yayırdı aləmə. Aləm isə sanki bu harayı eşitmirdi. Sonralar yalnız həkim-jurnalist Çingizin, jurnalist-operator Seyidağanın çəkdikləri ayrı-ayrı fraqmentləri görə bildik efirlərdə.
Xocalılıların soyqırımından təsadüfən salamat çıxanların, onların övladlarının sonrakı aqibətləri, sonrakı həkim araşdırmaları göstərir ki, Xocalı məcburi köçkünlərinin əksəriyyəti ürək-damar, psixo-nevroloji, onkoloji, oftalmoloji, mama-ginekoloji, uroloji, stomatoloji, dermatoloji, qastroenteroloji, endokrinoloji, immunoloji və s. xəstəliklərdən əziyyət çəkirlər və onların arasında dünyasını dəyişmə halları kəskin surətdə artıb. Qəfil ölümlərin sayı çoxdur. Belə qəfil ölümün yaxaladığı Xocalı sakinlərindən biri də 1988-ci il sentyabrın 18-də ermənilərin mitinqdən sonra Xocalını yandırmaq fikriylə ora hücum edən çoxsaylı ermənilərin basqını zamanı böyük igidlik, əsil qəhrəmanlıq nümayış etdirən Xocalı toxuculuq fabrikinin direktoru, Xocalı Şəhər İcra nümayəndəsi Əzimov Yavər Kazım oğlu oldu. Azərbaycanda uzunömürlülər diyarlarından biri sayılan Xocalı sakinləri qısaömürlülər cərgəsinə düşüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi ilə 2004-cü ildə qəbul edilmiş və qaçqınların, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, pulsuz tibbi yardım, pulsuz təhsil almalarına və onların digər problemlərinin həllinə yönəldilmiş dövlət proqramı bu sahədə əsaslı dönüş yaradıb. 2007-ci və 2011-ci illərdə bu proqrama edilən əlavələr də qaçqınların və məcburi köçkünlərin maddi və mənəvi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş əvəzsiz sosial tədbirlərdəndir. Dünyanın heç bir yerində qaçqın və məcburi küçkün ailələrinə bu səviyyədə diqqət və qayğı göstərilmir. Tanıdığım bir çox məcburi köçkün ailələri var ki, onlar ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciətdən sonra dərhal onun köməyini görüblər və amansız ölümün pəncəsindən xilas olublar. Onu da qeyd etmək lazımdır ki, təkcə son illərdə dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün 97 yüksək səviyyəli qəsəbə və çoxmərtəbəli binalar kompleksi tikilərək onların istifadəsinə verilib. Bu da 265 min ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müasir standartlara uyğunlaşdırılması deməkdir.
Qayğılardan söhbət düşmüşkən mən Azərbaycanın qaçqın və məcburi köçkün ailələrinin mənəvi dayaqlarından olan, onların övladlarının pərvazlanıb böyümələrində əvəzsiz xidmətlər göstərən, lakin heç vaxt heç nəyi reklamlaşdırmayan Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil İdris oğlu Usubovun adını çəkməsəm özümü günahkar hesab edərəm. Onunla Xocalı soyqırımının fəlakətli anlarını xocalılılarla birgə yaşamağımızı unutmaq sadəcə mümkünsüzdür.
Son günlərdə Xocalı soyqırımına məruz qalmış şəhid ailələrinin nümayəndələri ilə, eləcə də hər iki valideynini itirmiş gənclərlə tez-tez görüşürəm və onların olduqca bacarıqlı, savadlı, eyni zamanda, təəssübkeş gənclər olduqlarından fərəh duyuram. Soyqırımında hər iki valideynini itirmiş 25-lər adlı Cəmiyyət yaradıblar. Xocalılılarda və Xocalı gənclərində gördüyüm nikbinlik, gələcəyə inam hissləri mənə qol-qanad verir. Onlar inanırlar ki, erməni işğalı altında olan Azərbaycan torpaqları tezliklə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində erməni işğalından azad ediləcəkdir və onlar o müqəddəs dədə-baba yurdlarına qayıda biləcəklər. Onlar deyirlər ki, biz ordumuzun gücünə, qüdrətinə inanırıq. Bu inamı 2016-cı ilin aprel hadisələri daha da gücləndirdi. Bu hadisələr göstərdi ki, biz ata-baba torpaqlarımızı yenidən görəcək, torpaq uğrunda canından keçən şəhidlərimizin ruhunun şad olmasının şahidi olacağıq. İctimai televiziyada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirdə mən bütün xocalılılarırn bu ilin aprel ayının 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini bildirdim. Biz hər zaman bizə dayaq olan, qayğı göstərən ən layiqli namizədə səs verəcəyik.
Xocalı 26 ildir ki, soyqırımına məruz qalıb və bu soyqırımının yaralarını sağalda bilmir. Yaralar o vaxt sağalacaq ki, torpaqlarımız erməni işğalından azad ediləcək, şəhidlərimizin ruhu sakitlik tapacaq. Onların nəyə görə şəhid olduqlarının dəyəri, qiyməti onda bilinəcək. Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyasının, həmçinin dövlətimizə dəstək olan müxtəlif ictimai birliklərin apardıqları tədbirlər nəticəsində bir çox xarici dövlətlər Xocalı soyqırımını tanıyıblar və Ermənistan Ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarını tələb ediblər.
Azərbaycanda Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması üçün bir sıra İctimai Birlik də yaradılıb. Onların əsas qayəsi Xocalı soyqırımını dünyaya tanıtmaqdan ibarətdir. Belə birliklər çoxdur, onların hamısının adını çəkə bilmədiyimə görə məni bağışlasınlar. Ancaq Səriyyə Müslümqızının, Şamil Sabiroğlunun, Mahirə xanımın yaratdıqları İctimai Birlikləri xüsusi qeyd etmək istərdim və onların hər birinə bu yolda “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri kimi uğurlar arzulayıram.
Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Milli Məclisin deputatı Elman Məmmədov başda olmaqla, Xocalı nümayəndələrini qəbul edərkən ermənilərin Xocalıda törətdikləri vəhşilikləri “qətliam”, “faciə” yox, məhz soyqırımı adlandırıb ki, bu da Azərbaycan xalqını ümidləndirən amillərdəndir. Cənab Prezident R.T.Ərdoğan qeyd edib ki, bu vaxta qədər yer üzündə törədilən soyqırımlarından ən dəhşətlisi məhz Xocalı soyqırımıdır.
Mübariz ALLAHVERDİYEV,
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.