Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası on ildir uğurla həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyasının məqsədi bu qətliam haqqında həqiqətlərin dünyada yayılmasına, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. İndiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib. Müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil edilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb.
Fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm əsərlərindən ibarət sərgi və ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanın Milli qəhrəmanları, Xocalı soyqırımının şahidləri, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, tanınmış ictimai və siyasi, mədəniyyət və incəsənət xadimləri, idmançılar, “ASAN xidmət”in əməkdaşları, KİV-lərin və QHT-lərin təmsilçiləri iştirak ediblər.
“Qarabağın səsi” aksiyası rəsm əsərlərində
“Qarabağın səsi” aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri qəbul edilib. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən bu il fevralın 15-də DTX-nin Mədəniyyət Mərkəzində həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması məqsədilə seçim mərhələsi keçirilib.
Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin dörd yaşı var. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm də peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.
Fevralın 26-da DTX-nin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir “Qarabağın səsi” aksiyasına təqdim olunmuş və münsiflər heyəti tərəfindən seçilmiş ən təsirli və diqqəti cəlb edən rəsm əsərlərinin sərgisi ilə başlanıb.
Sərgidə, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış, Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini işğal etməsi, həmin ərazilərdə dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və yaşlılara qarşı ağlasığmaz vəhşiliklərini və hərbi cinayətlərini, xüsusilə Xocalı soyqırımına dair fakt və sübutları əks etdirən kitablar, sənədli filmlər və digər əyani vəsaitlər təqdim olunub.
“Niyə öldürdülər, de, səni axı?”
Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına “Qarabağın səsi” aksiyasının gənc və istedadlı yaradıcı kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri çox təsirli və zəngin ədəbi-bədii proqram təqdim olunub. Mərasimin təsirli məqamlarından biri Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirin gənc istedad, Prezident təqaüdçüsü Fidan Hüseynova tərəfindən rusca səsləndirilməsi oldu. “Niyə öldürdülər, de, səni axı? O körpə canına necə qıydılar?” sətirləri ilə başlanan bu şeir 2017-ci ildə Füzulinin Alxanlı kəndinə ermənilərin atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı qıza həsr olunsa da, deyə bilərik ki, bu, Qarabağ müharibəsi başlanandan bəri düşmən gülləsinə tuş gəlmiş neçə-neçə körpənin xatirəsinə bir elegiyadır.
Təqdim edilən ədəbi-bədii proqramda Azərbaycan Dövlət Xor Kapellası, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri, Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov, Sevda Ələkbərzadə, Mehriban Zəki, Tünzalə Ağayeva, “O səs Türkiyə” mahnı yarışmasının qalibi Elnur Hüseynov, “Söz” ədəbi layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə, Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi, “Səma” rəqs qrupu, Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.
Rəhilə Quliyeva: Mən bu dəhşətli hadisəni dünyaya çatdırmaq üçün buraya gəlmişəm
Mərasimdə Xocalı soyqırımının şahidi Rəhilə Quliyeva çıxış edib. 1970-ci ildə Xocalıda dünyaya göz açmış Rəhilə Quliyeva orada boya-başa çatdığını, ömrünün ən xoş günlərini, eyni zamanda, ən dəhşətli faciəni də orada yaşadığını bildirib. “Ermənilər nə üçün Xocalını hədəf götürmüşdülər? Ona görə ki, onlar Xocalını alsaydı, Qarabağı işğal etmək onlar üçün çox asan olacaqdı və həmin gecə onlar buna nail oldular”, - deyən Rəhilə Quliyeva fevralın 25-dən 26-na keçən gecədə Ermənistan silahlı qüvvələrinin öz havadarları ilə birlikdə zirehli texnikalar vasitəsilə Xocalının dinc əhalisinə dəhşətli divan tutmasından danışdı. Həmin gecəni heç vaxt unutmayacağını söyləyən Xocalı şahidi dedi ki, insanların şəhəri tərk etməsinə heç bir imkan verilmədi. Xocalı dörd bir tərəfdən erməni kəndləri ilə əhatə olunduğundan insanların yeganə çıxış yolu dağlara qalxmaq idi. Bunun üçün isə çaydan keçmək lazım idi. Həmin gecə neçə-neçə insan soyuqdan donub öldü. “O gecə həyat yoldaşımı, iki yaşlı oğlumu, qayınanamı, qayınatamı, dayımı, dayımın səkkiz yaşlı qızını, baldızımı, baldızımın həyat yoldaşını və körpə qızını, digər baldızımın həyat yoldaşını və oğlunu itirdim. Oğlumu qorumaq üçün onu kürəyimə bağladım. Özüm hamilə idim. Dörd yerdən güllə yarası almışdım. Ermənilər bizi arxadan atəşə tutdular. İki yaşlı oğluma dəyən güllə mənim və onun dünyaya hələ gəlməmiş bacısının həyatını qurtardı. Mənim körpə oğlum əsgər deyildi, düşmən tanımırdı, lakin şəhid oldu. Mən acılarımı sizinlə paylaşmaq deyil, bu dəhşətli hadisəni dünyaya çatdırmaq üçün buraya gəlmişəm”, - deyə ağrılı xatirələrini bölüşən Rəhilə Quliyevanı bütün tədbir iştirakçıları ayaq üstündə dərin və hüznlü bir sükut içində dinləyir, göz yaşlarını saxlaya bilmirdilər.
Xocalı faciəsinin şahidi və bu hadisələri şəxsən yaşamış Rəhilə Quliyeva xalqımızın məruz qaldığı müdhiş faciələrin dünyaya çatdırılmasında bu cür davamlı tədbirlərin, layihələrin və aksiyaların həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya erməni işğalının və vəhşiliklərinin qurbanları, o cümlədən bütün xocalılılar adından minnətdarlığını bildirib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Xocalıda törətdikləri soyqırımı zamanı 613 soydaşımız həlak olub, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Mərasimdə bütün bunlar bir daha xatırlanıb və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın bir parça torpağını belə güzəştə getməyəcəyi, Xocalı şəhidlərinin qanının yerdə qalmayacağı vurğulanıb.
Rəhilə Quliyevanın çıxışından sonra davam etdirilən ədəbi-bədii proqramda təqdim olunan kompozisiya faciənin dəhşətlərini dramatik səhnələrin, poeziyanın, musiqinin dili ilə əks etdirdi.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.