Xocalı ağrılarını gələcəyə daşıyan əsər

“Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri tarixən qonşu dövlətlərə qarşı məkirli ərazi iddialarını gerçəkləşdirmək məqsədilə insanlığa qarşı yönəlmiş soyqırımı, deportasiya və terror siyasəti həyata keçirmiş, ağır müharibə cinayətlərinə əl atmışlar. Faktlar göstərir ki, bədxah qonşularımız bu qeyri-hüquqi, məkirli əməllərini reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini “milli mübarizə” adı altında dövlət səviyyəsində dəstəkləmiş və bəzi xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmişlər.

Azərbaycanlılara və türklərə düşmən münasibət bəsləyən ermənilər regiondakı əsassız ərazi iddialarını gerçəkləşdirmək üçün hər il qondarma “erməni soyqırımı”nın tanınması üçün ayrı-ayrı ölkələrdə genişmiqyaslı kampaniyalar aparırlar. Bu da təsadüfi deyil ki, “Biz müdafiədə deyil, hücumda olmalıyıq!” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini ilk gündən xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir.

Dövlətimizin başçısının 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamında haqlı olaraq vurğulanır ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir”.

Bu sərəncam nəinki 1918-ci ilin məlum mart hadisələrinin, eləcə də yaxın tarixi keçmişimizdə - 1992-ci ilin fevralında erməni silahlı birləşmələrinin Xocalı şəhərində törətdikləri qanlı soyqırımı aktının dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması baxımından çox əhəmiyyətlidir. Son illər erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və terror aktları ilə bağlı bəzi araşdırmalar, tədqiqatlar aparılmış, kitablar, monoqrafiyalar yazılmışdır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun ideya müəllifliyi ilə hazırlanmış “Xocalı şahidləri danışır” kitabı indiyədək bu istiqamətdə aparılmış araşdırmaların məntiqi davamı kimi diqqətəlayiqdir. Bu günlərdə nəfis tərtibatda çapdan çıxmış kitabın redaktoru Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul şəxsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, kitabın tərtibçisi İxtiyar Hüseynlidir.

Bu kitab 2015-2017-ci illərdə “Azərbaycan” qəzetində dərc olunmuş materialların toplusundan ibarət olmaqla Xocalı soyqırımının və onun acı nəticələrinin dünyada tanıdılması baxımından dəyərli vəsaitlərdən biridir. Xocalının 47 nəfər sakininin yaşadığı dəhşətləri, faciəli əsirlik həyatını, maddi-mənəvi itkiləri, iztirab və məşəqqətləri özündə əks etdirən  materialların hər biri tarixi sənəd səciyyəsi daşıyaraq ermənilərin soyqırımı və digər qanlı cinayətlərini müfəssəl faktlarla bir daha sübuta yetirir. Kitabda faciəni taleyində yaşamış şahidlərin dili ilə ermənilərin uzun illər ərzində səsləndirdikləri iftiralara tutarlı cavab verilmişdir.

Ciddi araşdırma və zəhmət hesabına ərsəyə gəlmiş kitabda Xocalı faciəsi əsasən üç müstəvidə - tarixi, hüquqi-siyasi və hərbi prizmadan araşdırılmışdır. Kitaba yazılmış qeyddə haqlı olaraq göstərilir: “26 il öncə baş verən Xocalı soyqırımından salamat çıxmış insanların taleyi faciəvi romandır desək, hec də yanılmarıq. Onların yaşadığı itkiləri, məşəqqətləri, hələ də davam edən iztirabları bir yerə toplayanda isə bu, artıq bütöv bir xalqın məruz qaldığı soyqırımının təsdiqinə çevrilir. İllər keçəcək və erməni işqalçılarının Xocalıda törətdikləri vəhşiliklər haqqında yazılanlar  tarixin ən dəqiq, ən səhih səhfələri kimi öyrəniləcək, tədqiq ediləcəkdir. Demək, bu qanlı soyqırımını öz yaddaşında yaşadanları danışdırmalıyıq, dedikləri əsasında bu tarixi yaşatmalıyıq”.

Azərbaycanda tarixi və cağdaş ictimai-siyasi proseslərin dərin analitik təhlilinə və ictimai şüurda adekvat dərkinə xidmət edən çoxsaylı elmi əsərlərin müəllifi olan professor Əli Həsənovun “Xocalı şahidləri danışır” kitabına yazdığı ön söz son iki əsrdə Cənubi Qafqazda cərəyan edən hadisələrin əsl mahiyyətini bir daha qabarıq üzə çıxarır. Kitabda ümummilli lider Heydər Əliyevdən gətirilən iqtibasda qeyd olunduğu kimi: “Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm sürətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir”. Bu mənada, kitabın ön sözündə ardıcıllıqla təhlil edilmiş tarixi proseslər ermənilərin müxtəlif tarixi mərhələlərdə azərbaycanlılara qarşı həyata keçirdikləri ərazi ilhaqı, təzavüzkarlıq, deportasiya və soyqırımı cinayətlərinin araşdırılaraq yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ AMEA-nın 2005-ci ilin dekabrında keçirilmiş 60 illik yubileyində ermənilərin bədnam təbliğatına qarşı tutarlı əks-hücumun təşkilinin elmi ictimaiyyət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş, ermənilərin əzəli torpağımız olan Dağlıq Qarabağa köçürülməsi ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacibliyini xüsusi qeyd etmişdir: “Azərbaycanda heç kimə sirr deyil ki, ermənilər ölkəmizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qonaq kimi gəlmişlər. Keçən əsrin 70-ci illərində orada onların gəlişini əks etdirən bir abidə qoyulmuş, ermənilərin Qarabağa gəlişinin 150 illik yubileyi qeyd olunmuşdu. Ancaq bizdən başqa bunu az adam bilir”.

Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır. Ölkə rəhbərinin irəli sürdüyü bu tezis əsas götürülməklə kitabın ön sözündə ermənilərin Dağlıq Qarabağ və digər tarixi Azərbaycan ərazilərində məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri barədə geniş məlumat verilir, o cümlədən erməni-daşnak ideoloqlarının azərbaycanlılara qarşı vandalizm siyasətindən bəhs olunur.

Kitabın ideoloji-təbliğati təsir effektini gücləndirən nüanslardan biri də odur ki, tanınmış alim ciddi arqumentlər əsasında erməni ideoloqların səsləndirdikləri iddiaların cəfəng və iftira olduğunu sübuta yetirir. Kitabın əhəmiyyəti həm də onunla şərtlənir ki, XX əsrin əvvəllərindən etibarən ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasəti konkret tarixi sənədlərlə, istintaq materialları ilə ifşa olunur. Məhz bu baxımdan “Xocalı şahidləri danışır” kitabına yazılmış ön söz qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, xaricdəki diaspor və lobbi qurumları, habelə diplomatik nümayəndəliklərin keyfiyyətcə yeni mərhələdə təbliğatı üçün əks-hücum hədəflərini müəyyən edir.

Müəllif haqlı olaraq vurğulayır ki, Azərbaycanın strateji baxımdan mühüm əhəmiyyətə malik Qarabağ bölgəsinin dağlıq hissəsinə çoxlu sayda erməni əhalinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanılmış, bölgədə ermənilərin sayının süni şəkildə çoxaldılması XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına rəvac vermişdir.

Kitabın ön sözündə göstərilir ki, 1920-ci ildən sonra Zaqafqaziyanın sovetləşməsindən öz məqsədlərı üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etdilər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ “muxtar vilayət” elan olundu. Bədxah qonşularımız sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsı siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atmışlar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusı qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail olmuşlar.

Professor Əli Həsənov ötən əsrin 80-ci illərinin sonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasının səbəblərinə hüquqi aspektdən nəzər salaraq Ermənistanın anneksiya siyasətini konkret faktlarla ifşa etmişdir: “1987-ci ilin sonu 1988-ci ilin əvvəllərində Dağlıq Qarabağda erməni təcəvüzünün silahlı münaqişə şəkli aldığı bir vaxtda 1988-ci ilin fevralın 20-də DQMV-nin Xalq Deputatları Sovetinin iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibindən çıxarılaraq Ermənistan SSR tərkibinə daxil edilməsi haqqında qərar qəbul edildi. Bundan dərhal sonra Ermənistan SSR Ali Soveti 1989-cı ilin dekabrın 1-də Azərbaycanın suverenliyini kobud sürətdə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etdi”. Halbuki, referendum olmadan, Azərbaycan xalqının iradəsi nəzərə alınmadan ölkə ərazisinin hər hansı bir hissənin onun tərkibindən ayrılması qeyri hüquqidir.

Kitabla tanışlıq göstərir ki, 1991-ci ildən Qarabağın Dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Həmin ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürülmüş, 15 nəfər isə yaralanmışdı. Həmin ilin oktyabr ayının sonunda, noyabr ayı ərzində Qarabağın Dağlıq hissəsindəki, 30-dan çox strateji əhəmiyyətə malik yaşayış məntəqəsi ermənilər tərəfindən yandırılmış, dağıdılmış və talan edilmişdir. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, həmçinin öldürülən və ya yaralı halda onları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir... Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140 yaxın uşaq yetim qalmışdı.Ümumilikdə əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmiş və digər ağır cinayətlərə rəvac verilmişdi. İttifaq dövləti tərəfindən bu hadisələrə qəti siyasi münasibətin bildirilməməsi, o cümlədən zəruri tədbirlərin görülməməsi son nəticədə Xocalı soyqırımının törədilməsinə şərait yaratmışdır.

Kitabın müsbət məziyyətlərindən biri də problemin həm də hərbi müstəvidə araşdırılmasıdır. Ön söz müəllifi qeyd edir ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu: “Çünki Xocalı Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular”.

Nəticədə, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc əhalini kütləvi surətdə, amansızlıqla və işgəncə verməklə öldürmüş, külli miqdarda dövlət əmlakını və xüsusi mülkiyyətdə olmuş əmlakı məhv etmiş çoxsaylı dinc əhaliyə divan tutaraq onları əsir və girov götürmüşdür. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşilmişdir.

Xocalı faciəsinə həm də hüquqi müstəvidə - istintaq materiallarına əsaslanmaqla qiymət verən müəllif şəhərdə törədilmiş qətliamın azərbaycanlılara qarşı soyqırımı aktı olduğunu kifayət qədər ciddi arqumentlərlə əsaslandırmağa nail olmuşdur. Kitab oxucuya   belə bir nəticəyə gəlməyə əsas verir ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz azərbaycanlı olduqları üçün son nəfərədək qətlə yetirmək olmuşdur.

Bu baxımdan BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər Xocalı faciəsinin məhz soyqırımı adlandırılmasına hüquqi əsas verir. Bu beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir.

Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsula əl atmışlar.

Kitabda haqlı olaraq göstərilir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr SSRİ-nin Xankəndində yerləşən 366-cı alayın hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsrlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud sürətdə pozulmuşdur.

Son illər Xocalı faciəsi barədə mətbuatda həm qətliam, həm də soyqırımı terminlərindən istifadə olunsa da, onların qarşılıqlı müqayisəsinə rast gəlinməmşdir. Bəzi KİV-lər qeyd edilən anlayışların fərqinə varmadan hadisəni qətliam, digərləri ilə soyqırımı adlandırırlar. Halbuki, yuxarıda istinad etdiyimiz hüquqi sənədlər bu iki anlayışın həm etimoloji, həm də beynəlxalq humanitar hüquq normaları baxımından biri-birindən fərqləndiyini göstərir. Azərbaycan dilinin izahlı lügətində (3-cü cild səh.672, 2016 - İ.V.) qətliam - ələ keçirilən bir ölkənin bütün əhalisinin qılıncdan keçirilməsi, kütləvi qirğin kimi dəyərləndirilir. Cinayət qanunvericiliyində bu məfhuma uyğun xüsusi maddə də nəzərdə tutulmuş (ACM 105 maddə) və qeyd edilmişdir ki, soyqırımı əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhvetmə - əhalini məhvetmə cinayətinin tərkibini yaradır.

Soyqırımı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsində başqa bir maddə ilə (103-cü maddə) tövsif edilir. Həmin maddədə göstərilir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyatakeçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə soyqırım cinayətinin tərkibini yaradır. Yəni burada məhv etmənin əsas səbəbi kimi insan qrupunun hər hansı bir milli, etnik, irqi və ya dini qrupa mənsub olması əsas götürülür. Odur ki, müəllif tərəfindən Xocalı hadisəsinin soyqrım kimi qiymətləndirilməsi tam hüquqidir.

Kitabda, həmçinin azərbaycanlıların soyqırımı, eləcə də Xocalı soyqırım ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri vurğulanır, ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə faciəyə siyasi və hüquqi qiymətin verildiyi qeyd olunur. Həmçinin vurğulanır ki, 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə genişmiqyaslı işlər aparır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin beynəlxalq birliyə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər həyata keçirir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir. Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin bütün dünyada ifşası yönümündə Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri kimi yaradılan “Xocalıya ədalət!” layihəsi Xocalı soyqırımı haqqında həqiqətlərin bütün dünyaya çatdırılmasına, kütələvi qırğın aktına hüquqi-siyasi qiymətin verilməsində əhəmiyyətli rol oynayır. Bu kampaniyanın sistemli fəaliyyəti nəticəsində hazırda dünya dövlətləri əvvəlki illərdən fərqli olaraq erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bu gün Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Bosniya və Herseqovina dövlətlərinin parlamenti, eləcə də ABŞ-ın bir sıra ştatları bu qətliamı soyqırımı aktı kimi tanımış və xüsusi qətnamə qəbul eimişlər. Leyla xanım Əliyeva çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Xocalı həqiqətlərini, haqq səsimizi dünyaya yaymaq gərəkdir. Biz dünya ictimaiyyətindən cinayətkarlara cəza, Xocalıya ədalət istəyirik. Bu mübarizədə bizim silahımız yalnız tarixi həqiqətlər, danılmaz faktlar və onları beynəlxalq birliyə yüksək səviyyədə qəbul etdirmək səylərimizdir.

Bir faktı da qeyd edək ki, tarix elmləri doktoru, professor Əli Həsənovun ideya müəllifi olduğu “Xocal şahidləri danışır”  kitabı Xocalı soyqırımı haqqında sistemləşdirilmiş, müfəssəl, hadisələri məntiqi ardıcılıqla özündə əks etdirən və digər məziyyətləri ilə indiyədək bu mövzuda yazılmış kamil əsər olmaqla, bu faciənin dünyaya tanıtdırılmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir.

İsaxan Vəliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun aparat rəhbəri,
hüquq üzrə elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında