Azərbaycan xalqı son 200 il ərzində zaman-zaman erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinin qurbanına çevrilmişdir. Ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış edən ermənilər tarixin müxtəlif mərhələlərində, 1905-1907, 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı minlərlə soydaşımızı amansızcasına qətlə yetirmişlər.
Onların yaşadıqları şəhərlər, kəndlər talan-qarət edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınmışdır. Ermənilərin növbəti çirkin əməlləri isə 1948-53-cü illərdə törədilmişdir. Həmin illərdə 150 min azərbaycanlı tarixi torpaqlarından, yurd -yuvalarından didərgin salınmış, qaçqına çevrilmişdir. Tarixin bütün mərhələlərində ermənilər tərəfindən törədilmiş bu cinayətlər kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Azərbaycan xalıqının öz ata-baba torpaqlarından deportasiya olunmasında məkrli qonşularmızın özlərinə məxsus rolu olmuşdur. Həmin vaxt Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın İmişli, Saatlı, Sabirabad, Kürdəmir və Beyləqan rayonlarında yerləşdirilməsi məqsədli şəkildə həyata keçirilmişdir. Belə ki, əlverişli, münbit iqlim şəraitində yaşayan azərbaycanlıların Aran rayonlarının iqlim şəraitinə tab gətirməyərək, tezliklə fiziki cəhətdən məhv olacağını düşünən əzəli düşmənimiz ermənilər bu prosesin həyata keçirilməsi üçün xüsusi canfəşanlıq göstərmişlər. Bu prosesin davamı olaraq 1988-ci ildə isə 250 min azərbaycanlı öz doğma ata-baba yurdlarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən qanlı, tükürpədici hadisələrdən biri isə Xocalıda baş vermişdir. Bu hadisə XX əsrin ən dəhşətli və ağlasığmaz faciələrindən biri kimi tarixə düşmüşdür.
Bu faciənin tarixçəsinə nəzər saldıqda ermənilərin törətdikləri vəhşiliklərdə faşistlərdən heç də geri qalmadıqları bəlli olur. Belə ki, Ermənistan hərbi birləşmələri 1992-ci il fevralın 26-da 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirmişdir. Erməni hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan qalmışdı. Azərbaycanın əsas ərazisi ilə əlaqələr kəsilmişdi. 50-60 avtomat silah və ov tüfəngi ilə silahlanmış bir qrup kənd sakinindən ibarət özünümüdafiə dəstəsi Xocalı şəhərini müdafiə edirdi. Lakin ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış düşmənin hərbi birləşmələri ilə müqayisədə bu müdafiə dəstəsi nəinki zəif idi, hətta yox dərəcəsində sayılırdı. Bundan istifadə edən düşmən fevralın 25-də gecə saat 23 radələrində Xocalı şəhərinə keçmiş sovetlərdən qalma 366-cı motoatıcı alayın komanda heyəti və hərbi texnikası ilə birgə hücum edərək əliyalın, silahsız dinc Xocalı sakinlərinə divan tutmuşdu.
Erməni hərbi birləşmələrinin həmin gecə törətdiyi vəhşiliklər nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin—qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülm və işgəncəyə məruz qalmışlar. 150 nəfər sakinin isə taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar. 8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdir. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xocalı qətliamında 56 nəfər xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başlarının dərisi soyulmuş və kəsilmişdir. Erməni vəhşiliyi körpə uşaqların gözlərinin çıxarılmasında, süngü ilə hamilə qadınların qarınlarının yarılmasında və digər çirkin faktlarda özünü göstərmişdir.
Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi müstəvidə qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.
Yeri gəlmişkən, qeyd edək ki, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ili böyük izdihamla qeyd olunmuşdur. Soyqırımı qurbanlarının xatirəsi paytaxtımızda on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilmişdir. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri ümumxalq yürüşünə qatılmışdılar. Paytaxtın Azadlıq meydanından başlayan, nəhəng insan kütləsindən ibarət ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu ağlasığmaz cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Bu müdhiş faciənin ildönümü ölkəmizdə olduğu kimi, hər il dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən də yad edilir, Xocalı qurbanlarının əziz xatirəsi anılır. Erməni xislətini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünyanın nüfuzlu qəzet və jurnallarında faciəyə həsr olunmuş məqalələr dərc olunur.
Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması və siyasi-hüquqi müstəvidə layiqli qiymət almasıdır. Bu fəaliyyətlərin səmərəsi olaraq artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya parlamentləri, eləcə də ABŞ-ın 21 ştatı Xocalı soyqırımını tanımışdır.
İnanırıq ki, bundan sonra da Xocalı faciəsinin dünyada tanıdılması, siyasi-hüquqi qiymət alması və məkrli qonşularımızın iç üzünün faş edilməsi istiqamətində görülən işlər davam etdiriləcəkdir. Azərbaycan xalqı erməni vəhşiliyini, erməni terrorlarını heç vaxt unutmayacaq. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz düşmən tapdağından azad olunacaq, şəhidlərimizin qisası alınacaq və onların qanı yerdə qalmayacaqdır.
Elçin ABBASOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.