Düz iyirmi dörd il bundan əvvəl, yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanda elə bir faciə baş verdi ki, bunun bənzərini göstərməkdə adam çətinlik çəkir. Xocalı faciəsindən danışmazdan əvvəl, bu faciəyə gedən yola nəzər salmaq daha düzgün olardı. Belə ki, son iki yüz ildə xalqımız məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasəti nəticəsində böyük faciələrlə üzləşmişdir. Mərhələ-mərhələ gerçəkləşdirilən siyasət nəticəsində azərbaycanlılar qətl və qırğınlara məruz qalmış, yaşayış məskənləri viran edilmişdir.
Türkmənçay müqaviləsindən dərhal sonra — 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edildi. Bu tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın təməli idi. Həmin vaxtın rəsmi statistikasına görə, “Erməni vilayəti” nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna paralel olaraq Tükrmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü. Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda (1829,1878) da özünü göstərdi. Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrə məskunlaşdırıldı. Çarizmin köçürmə siyasəti Qarabağda və İrəvanda demoqrafik tərkib dəyişdi. 1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini isə ermənilər təşkil edirdi. 20.546 ailədən 13.965-i azərbaycanlılar, 6491-i isə ermənilər idi. Köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 43,8-ə qalxdı.
XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə Bakı və Yelizavetpol quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. Sonralar müəyyən olur ki, 1914-cü ilə qədər İrəvan quberniyasının əhalisi 40 dəfə artaraq 570 min nəfər təşkil edib. Lakin Azərbaycan əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılar idi.
Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “Böyük Ermənistan” qurmağı niyyətləyən, Qərbin hakim dairələri tərəfindən şirnikləndirilən erməni separatçıları Türkiyənin Zeytun (1862, 1878, 1884-cü illər), Sasun (1880-ci il), Van (1884-cü il) vilayətlərində qanlı faciələr və qırğınlar törətmişlər. Bundan sonra erməni millətçi-ləri mübarizəni Qafqaza keçirmişlər. Onlar 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə Tiflisdə “Daşnaksütyun”, 1895-ci ildə, Nyu-Yorkda “Erməni Vətənpərvərləri İttifaqı” kimi siyasi teror təşkilatlarını yaratmışlar. Sözügedən təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tutmuşdur.
Moskva isə Vətənimizin Naxçıvan, Zəngəzur, Qarabağ və Gəncə kimi gözəl yerlərini onlara vəd etmişdir. Xalqın müqaviməti, Türkiyənin diplomatik müdaxiləsi nəticəsində o vaxt bu torpaqların bir qismi qorunub saxlanmışdı. Azərbaycan Zəngəzurun çox hissəsini Gəncə və Qazağın dağlıq hissəsini itirmişdi.
Ermənilər 1905-ci il Rus inqilabının başlanması ilə ölkədə yaranmış hərcmərclikdən istifadə edərək İrəvanda, Bakıda, Şuşada, Gəncədə, Qazaxda və digər yerlərdə milli qırğınlar törətmişlər. 1905-ci iln fevralın 6-9-da və avqustun 20-25-də minlərlə azərbaycanlını qətlə yetirmişlər. Məsələn, Xankəndində doğulub boya-başa çatmış, qırğınların şahidi olmuş Ohanes Apresiyan xatirələrində qeyd edir ki, “rus-kazak birləşmələri türkləri və erməniləri bir-birinə savaşdırırdılar. Onlar deyirdilər ki, biz gündüzlər sakitliyi bərpa edirik. Gecələr sizin evlərin qonağıyıq. Onda nə bilirsiz edin. Törədilən qırğın və fəryadın səsindən qulağıma pambıq tıxamağa məcbur olurdum”.
Sonrakı illərdə də azərbaycanlılara qarşı soyqırımı örtülü şəkildə olsa da davam etdirilmişdi. Bunu statistik məlumatlar da təsdiqləyir. 1914-cü ildə başlanan I Dünya müharibəsi və 1917-ci il inqilabı ermənilərin “Böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratmışdı. Moskva təkcə Azərbaycanı parçalamaqla kifayətlənmirdi. 1917-ci il dekabırın 30-da Lenin və Stalinin imzaladıqları 13 saylı dekretə əsasən Türkiyənin şərq vilayətləri ermənilərə vəd edilmişdi. Məqsəd Türkiyəni federasiya halına salmaqdan ibarət idi. Osmanlı imperatorluğu ilə qalib dövlətlər arasında imzalanan Mudros müqaviləsinin 20-ci maddəsində Türkiyənin 6 şərq vilayətindən ibarət Ermənistan yaratmaqdan söhbət gedirdi. Bu Ermənistan isə ABŞ-ın təsiri altında olmalı idi. Bunlar azmış kimi, Azərbaycanın dilbər guşəsində 1923-cü ildə DQMV yaradılmışdı. Torpaqlarımızın Ermənistana verilməsini gələcəkdə asanlaşdırmaq məqsədilə 1924-cü ildə Zəngəzur qəzasını heç bir zərurət olmadan parçalayaraq bir hissəsində Kürdüstan qəzası yaradılmışdı.
1929-cu il fevralın 18-də Saakyanın sədrliyi, D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilmişdi. 1938-1939-cu illərdə isə Nüvədi Ernəzirə, Tuğut isə Astazura birləşdirilmişdi. Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqlar da ermənilərə bağışlanmışdı. Mehri rayonunun təşkili ilə Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvandan ərazi baxımından ayrı salınmışdı.
Qars müqaviləsinə məhəl qoyulmayaraq Zaqafqaziya Sovetləri MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvanın 657 kvadratkilometr sahəsi və 1938-ci il 5 mart tarixli qərarı ilə isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı bəzi ərazilər Ermənistana verilmişdi. Bu kimi tədbirlər II Dünya müharibəsindən sonra da genişlənmişdi. Sonralar ermənilərin patriarx-katalikosu İ.V.Stalinə məktub yazıb dünya ermənnilərinin sovet Ermənistanına gəlmək istədiklərini bildirmişdir. Stalin bu məktubun üzənnrinə 1945-ci il aprelin 19-da öz dəstxətti ilə yazmışdır: Razıyam.
Ermənilər onlara verilən açıq dəstəkdən daha da şirniklənmişlər. Bundan sonra Ermənistan KP-nin birinci katibi Arutyunov Stalinə məktub yazaraq, Qarabağın da Ermənistana verilməsini xahiş etmişdir. Lakin M.C.Bağırovun əzəli Azərbaycan torpağı olan Borçalı, Göyçə, Dərbənd və Zəngəzurun onda Azərbaycana verilməsi məsələsini qaldırması bu fikri arxa plana salmışdı. Bunu görən ermənilər azərbaycanlıların deportasiya edilməsi üzərində dayanmışlar. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçular və digər azərbayncanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərar qəbul edildi. Bu qərara əsasən 1948-1953-cü illərdə indiki Ermənistan adlandırılan ərazilərdən 100 minlərlə azərbaycanlı köçürüldü. Zəngibasarda, Vedibasarda, Şərur-Dərələyəzdə, Zəngəzurda azərbaycanlılara divan tutuldu. Mərkəz tərəfindən müdafiə olunan ermənilərin məkrli planları beləcə davam etdirilirdi. Bütün bunlara isə 1985-ci ildən başlanan M.Qarbaçovun bədnam yenidənqurma siyasəti rəvac verdi. Bu siyasət, bir tərəfdən millətlərin müstəqil-lik uğrunda mübarizəsinə şərait yaratsa da, digər tərəfdən xeyli fəzadlar törətdi. Milli ədavət, millətçilik hissi qızışdı, müstəqillik uğrunda mübarizə aparan xalqlara hədələr, təcavüzlər artdı.
Dağlıq Qarabağ “məsələsini” reallaşdırmaq üçün ermənilər və onlanrın himayədarları müəyyən tarixi məqam gözləyirdilər ki, məqsədlərinə çatsınlar. Belə fürsət ermənilərin əlinə XX əsrin 80-ci illərinin axırlarında düşdü. Sovet İttifaqında 80-ci illərdən başlayan iqtisadi-siyasi böhran şəraitində ermənilər yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. 1980-ci illərin ikinci yarısında ermənilər SSRİ-də yenidənqurma siyasətinin “aşkarlıq və demokratiya” prinsiplərindən istifadə edərək özlərinin Rusiyadakı və xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər.
1988-ci ildən başlayaraq erməni siyasətçiləri və onların Moskvadakı himayədarları Dağlıq Qarabağın “iqtisadi geriliyi” pərdəsi altında bu vilayətin Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanan plan üzrə fəaliyyətə başladılar. Əslində, Dağlıq Qarabağın 1988-ci ilədək göstəriciləri sosial inkişafın bir sıra sahələri üzrə Azərbaycanın digər bölgələrindən, hətta Ermənistandan da yüksək idi. Hadisələrin sonrakı gedişi göstərdi ki, DQMV-nın iqtisadi geriliyi barədə iddialar yalnız bəhanə, əsas məqsəd isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları idi.
Sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipial qiymət verməməsi, hadisələrə laqeyd münasibəti, Ermənistanın əsassız iddialarının qarşısının alınmaması, milli qarşıdurmaların kəskinləşməsi, ermənilərin bu haqsız tələbinin vaxtında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilməməsi yaranmış vəziyyəti daha da ağırlaşdırdı. Sovet rəhbərliyinin fəaliyyətsizliyi və bəzən də açıq himayədarlığı sayəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağla bərabər digər ərazilərinə də hərbi qüvvə göndərərək açıq təcavüzə başladı.
Erməni təcavüzünün qarşısının alınması Azərbaycanda SSRİ rəhbərliyinə olan inamı heçə endirmişdi. SSRİ hökumətinin, xüsusilə də onun başında duranların qətiyyətsizliyi və Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürən Ermənistanı himayə etməsi nəticəsində hadisələr daha da mürəkkəbləşdi. Moskvanın hakim dairələrində ermənilərin müdafiə olunnması və o zamankı respublika rəhbərliyinin bütün bu hadisələrə seyrçi mövqe tutması Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha da genişlənməsinə səbəb oldu. Nəticədə azərbaycanlılar öz yurdlarından kütləvi şəkildə qovuldular.
1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı, Ermənistanda yaşayan azərbaycanlılar son nəfərinə kimi tarixi torpaqlarından qovuldu. SSRİ süqut etdikdən sonra isə ermənilər və onların havadarları Dağlıq Qarabağ məsələsini öz maraqları çərçivəsində beynəlxalq əhəmiyyətli problemə çevirmək üçün genişmiqyaslı kampaniyaya başladılar.
Bu proseslərin ağrı-acısını ən çox Azərbaycan yaşasa da o, müstəqillik uğrunda mübarizədən dönmədi. 1991-ci il oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya aktı qəbul edildi. Kommunist rejimi devrildikdən sonra iqtidar müxalifətlə kompromis siyasəti yeritdi, hakimiyyətdə qalmaq üçün sövdələşməyə getdi. Ali Soveti iqtidar və müxalifətdən olan deputatlar hesabına Milli Məclis (hər tərəfdən 25 nəfər) təşkil etmək kimi müxalifətin təklifi qəbul edildi. Bu isə mövcud hakimiyyətin böhranının getdikcə dərinləşməsinin ifadəsi olmaqla yanaşı üçüncü bir qüvvənin hakimiyyətə gəlməsindən edilən ehtiyat idi. Bu qüvvə isə Heydər Əliyev hesab edilirdi. Ulu öndərin Naxcıvanda 1991-ci il sentyabrın 3-də Ali Məclisə sədr seçilməsini hətta çevriliş adlandırırdılar.
1991-ci il dekabırın 8-də üç respublika rəhbərlərinin Minsk görüşü, SSRİ-nin buraxılması iqtidar-müxalifət ziddiyyətləri üçün yeni məqam yaratdı. SSRİ-nin iflasından sonra bütün respublikalar, eləcə də, Azərbaycan siyasi müstəqilliyə nail oldu. Lakin, Azərbaycanda iqtidarla müxalifət arasında ortaq siyasi məxrəc tapılmadı. Hakimiyyət hərisliyi çılpaqlığı ilə üzə sıxdı. “Beynəlxalq problem” kimi xarakterizə olunan Dağlıq Qarabağ qondarma problemini həll etmək üçün tarazlaşdırılmış prinsipial xarici siyasət xətti götürmək vacib idi. Lakin, iqtidar düzgün xarici siyasət xətti müəyyən edə bilmədi. Müxalifət isə hər vəchlə MDB-yə daxil olmağa maneçilik törədirdi. 1991-ci ilin noyabrında törədilmiş “vertalyot faciəsi”nə münasibətdə Azərbaycan dövlətinin qətiyyətsiz, qorxaq mövqeyindən sonra, azərbaycanlılar yaşayan ərazilərdə erməni həmlələri fəallaşdı. Ordunun yaradılmasında, hərbi əməliyyatların keçirilməsində buraxılan ciddi səhvlərin və daxili qarşıdurmaların nəticəsində torpaqlarımızın bir hissəsi hələ 1992-ci ilin yanvar, fevral aylarında düşmənin əlinə kecdi. 1992-ci il yanvarın 21-də Qeybalı, fevralın 12-də Aşağı Quşçular, Yuxarı Quşçular, Malıbəyli, fevralın 17-də Qaradağlı və s. yaşayış məntəqələri yandırılaraq viran qoyuldu.
Ermənilərin nankorluğu, respublika rəhbərliyinin isə fəaliyyətsizliyi xalqın qəzəbini artırdı. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin respublikaya rəhbərlik etməməsi, A.Volskinin rəhbərliyi ilə yaranmış təşkilat komitəsinin antiazərbaycan siyasəti seperatçı erməniləri daha da şirnikləndirirdi. Zori Balayan Volskiyə yazdığı aftoqrafinda ona verdiyi təxəllüsdə hər şeyi açırdı. “Bizim Volskiyə (Qarabağlıya), qoy sizin ocaqda daimi işıq və hərarət olsun! Hər şeyə görə sağ ol!” Ermənilər artıq DQMV-də olan 53 Azərbaycan kəndindən azərbaycanlıların qovulmasını təşkil etmişdilər. Bütün bunlar A.Volskinin və Polyaniçkonun əli ilə həyata keçirildi. 1991-ci il sentyabrın 2-də bu ərazidə qondarma “Dağlıq Qarabağ Respublikası”nı elan etdilər.
Artıq Moskva və Bakıdan heç bir kömək gözləməyən əhali könüllü dəstələr təşkil edib, müdafiyə qalxdı. Xocalının vəziyyəti isə günü-gündən pisləşirdi. 2000 nəfərə qədər əhali şəhərdə mühasirə vəziyyətində qalmışdı. Fevral ayının 25-dən 26-na keçən gecə, erməni ordusu keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhəri üzərinə hücum etdi. Bu alayın tərkibində 100 ədəd zirehli döyüş texnikası vardı. Polkun tərkibində olanlardan 49-u zabit və gizir idi.Təkcə aeroport istiqamətində müdafiədə 150 nəfərə qədər adamı qətlə yetirmişdilər. Xocalılar müdafiəsiz qalmışdı. Ancaq Bakıda oturmuş rəhbərlər isə kömək göstərmək barədə, demək olar, heç düşünmürdülər. Şaxtalı qış gecəsində uşaqlar, qadınlar, qocalar ayaqyalın Ağdam tərəfə üz tutdular. Naxçivanik kəndi yaxınlığında camaatı ot kimi biçmişdilər. Burada 200 nəfərə qədər əsir götürülmüşdü. Gülablı kəndi yaxınlığında da 200 nəfərə qədər əsir düşmüşdü. Qocaların, qadınların, uşaqların gözləri çıxarılır, qulaqları kəsilir və yandırılırdı. 50 nəfər xüsusi qəddarlıqla öldürülmüşdü. Əmirov Təvəkkülü uşaqlarının və qayınanasının gözləri qarşısında işıq dirəyinə sarıyıb, deyiblər ki, Qarabağ kimindir? O deyəndə bizimdir, üstünə benzin töküb yandırıblar.
Azərbaycan Texniki Universitetinin tələbəsi olmuş Niyaməddinin dediyinə görə, əmisi Vəliyəddinin musiqiçi olduğunu bilərək, qollarını sındırmışlar. Başqa qohumunun kəlbətinlə dişlərini çıxarıblar. Bir ailədən 8 nəfərin ayaqlarını kəsiblər. AzTV-nin operatoru Seyidağa Mövsümovun dediyinə görə, bütün dağ-dərə insan meyitləri ilə dolu imiş. Əsgəran körpüsünün altında başı kəsilmiş xeyli insan görüb. Bu soyqırımı nəticəsində 613 nəfər Xocalı sakini öldürülmüş, 1275 nəfərədək adam girov götürülmüşdür. Ölənlər arasinda 63 uşaq olmuş (onlardan 33-ü, 2-15 yaş arasinda), 106 qadın, 70 nəfər qoca var idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə 1 valideynini itirib. 150 nəfərin taleyi bu gün də məlum deyil. Bütün bunların qarşısında isə respublika televiziyası ilə deyilirdi ki, cəmi iki nəfər həlak olmuşdur. Bu onu göstərirdi ki, rəhbərləri əhali, torpaq, onun müdafiəsi düşündürmürmüş, başları özlərinə qarışıbmış.
Köməksiz qalan xocalılar faciə ilə üzləşsələr də öz qəhrəmanlıqlarını göstərdilər. Öldülər, ancaq əyilmədilər. Neçə-neçə erməni məhv etdilər. Əlif Hacıyev, Aqil Quluyev, Tofiq Hüseynov, Hikmət Nəzərli və İnqilab İsmayılov Xocalının müdafiəsində qəhrəmanlıq göstərdiklərinə görə, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Azərbaycan Texniki Universitetinin məzunu Quluyev Elçin Balaxan oğlu aeroportun müdafiəsində həlak oldu.
Bütün bu vəhşilikləri törədən ermənilər, utanmazcasına dünya ölkələrinə car çəkərək, guya onların qırılmasından danışırlar. Öldürülənlərin fotolarının guya ermənilərə aid olduğunu təqdim etməyə səy göstərirlər. Bu vəhşilikdən rəvvac götürən erməni quldurları, 1992-ci il mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirdilər. Bundan sonra ermənilər Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək məqsədilə ətraf rayonlara hücumlara başladılır. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yolunda Ermənistan sərhədinə yaxın ərazidə yerləşən Azərbaycanın Laçın rayonu əsas maneə idi. 1992-ci il mayın 17-18-də Laçın rayonu da ermənilər tərəfindən işğal edildi. Laçının işğalı ilə müharibənin Dağlıq Qarabağın hüdudlarından çıxaraq Ermənistanın işğalçılıq planlarının daha geniş olduğunu üzə çıxardı. Ermənilərin “humanitar dəhliz” adlandırdığı Laçın yolu ilə Dağlıq Qarabağa qısa müddətdə külli miqdarda hərbi sursat-silah gətirildi. Nəticədə 1993-cü il ərzində Ermənistanın ərazi iddasında olduğu Dağlıq Qarabağ bölgəsinin (4,4 kv.km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan –1992-ci il mayın 17-18-də ərazisi 1835 kv.km., əhalisi 60000 nəfər olan Laçın, 02.04.1993-cü ildə ərazisi 1936 kv.km, əhalisi 55 min nəfər olan Kəlbəcər, 23.07.1993-cü ildə, ərazisi 1154 kv.km, əhalisi 153 min 154 nəfər olan Ağdam, 23.08.1993-cü ildə ərazisi 1386 kv.km, əhalisi 95 min 940 nəfər olan Füzuli, 23.08.1993-cü ildə ərazisi 1050 kv.km, əhalisi 52 min 640 nəfər olan Cəbrayıl, 31.08.1993-cü ildə ərazisi 826 kv.km, əhalisi 31 min 300 nəfər olan Qubadlı və 29.10.1993-cü ildə ərazisi 707 kv.km, əhalisi 35 min 500 nəfər olan Zəngilan rayonları Ermənistan tərəfindən işğal edildi.
Xocalı faciəsindən 24 il keçir. Yenidən o günləri təhlil edərkən bu qənaətə gəlmək olur ki, Xocalı soyqırımı türklərə qarşı mərhələ-mərhələ gerçəkləşdirilən ermənilərin düşmənçilik siyasətinin təzahürüdür. Bununla birlikdə qeyd olunmalıdır ki, Xocalı həm də müxalifət-iqtidar qarşıdurmasının qurbanı olmuşdur. Çünki, müxalifət iqtidarı, iqtidar isə müxalifəti təqsirləndirirdi. Kimin düz dediyini aydınlaşdıra bilməyən xalq isə müvazinətini itirir, əslində, cəbhələşmənin qurbanına çevrilirdi. Beynəlxalq təşkilatlara rəsmi müraciətlər göndərilsə də, Ermənistan təcavüzkar kimi töhmətləndirilmirdi. Beynəlxalq təşkilatlar müəmmalı şəkildə susur, mövqeyini bildirmirdi. Ancaq ulu öndər Heydər Əliyevin çoxsahəli və yorulmaz fəaliyyəti nəticəsində Xocalı faciəsi dünya ölkələrinə çatdırıldı. Bununla birlikdə, həm də Azərbaycanın Avropa Şurasına daxil olması daha geniş imkanlar açmışdır. Avropa Şurasında iştirak edən deputat qrupunun, xüsusi ilə o dövrdə qrupun rəhbəri olan cənab İlham Əliyevin məzmunlu çıxışlarının da Qarabağ probleminin dünya ölkələrinə çatdırılmasında əhəmiyyətli rolu olmuşdur.
Elə bunun nəticəsidir ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ Konqresində, Türkiyədə, Fransada, Sankt-Peterburqda, Moskvada, İranda Xocalı faciəsi anılmış və bir çox ölkələrdə isə soyqırımı kimi qəbul olunmuşdur. Təkcə ABŞ-ın 20 ştatında bu faciə soyqırımı kimi qəbul olunmuşdur. Xocalı faciəsinin dünyaya çatdırılmasında və erməni cəlladlarının iç üzünün açılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gördüyü işlər misilsiz əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlarımızın azadlığı uğrunda ümummilli liderimiz Heydər Əliyevin kursunu uğurla davam etdirir. Dünyanın hər yerində keçirilən tədbirlərdə qətiyyətli şəkildə torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyini bildirir. Bütün bunları cənab Prezidentimizin hər ilin fevralında Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətləri də təsdiq edir.
Xocalı faciəsinin ildönümünü anmaqla, bir daha özümüzə söz verməliyik ki, xocalıların qanı yerdə qalmayacaq. Başımıza gələnləri xalqımıza və dünya ictimaiyyətinə çatdıracağıq.İndiyə qədər dünyanın bir sıra ölkələri bu faciəyə öz münasibətini hələ bildirməyib. Buna görə də biz bu faciəni və torpaqlarımızın hələ də işğal altında olmasını beynəlxalq təşkilatlar qarşısında vaxtaşarı qaldırmalıyıq. Yaxşı olar ki, şəhər və kəndlərimizdə “Xocalı harayı”nı, Xocalı qəhrəmanlığını əks etdirən abidələr ucaldılsın.
Çalışdığım Azərbaycan Texniki Universitetində də Qarabağ şəhidlərinin xatirəsi əziz tutulur. Universitetin məzun və tələbələrindən 34 nəfəri torpaqlarımızın azadlığı uğrunda aparılan müharibədə şəhid olmuş, onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı zirvəsinə yüksəlmişdir. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün universitetin görkəmli yerində xatirə abidə kompleksi ucaldılmışdır. Bu isə hər gün kollektivin üzvlərində Vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayır.
Şikar QASIMOV,
Azərbaycan Texniki Universiteti
ictimai fənlər kafedrasının müdiri,
tarix elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.