Qan yaddaşımıza hopmuş Xocalı

Hər bir xalqın həyat salnaməsində elə günlər var ki, tarixə qanlı hərflərlə həkk olunub. Azərbaycan xalqının tarixində belə faciələrdən biri Xocalı soyqırımıdır.

Xocalı... Bir kəlmə sözə necə böyük dərdlər, necə ürək didən ağrılar, ah-nalələr sığarmış, İlahi?! Əsrin ən dəhşətli müsibətidir Xocalı soyqırımı.

 

Günəş, necə yanırsan?

Necə işıqlanırsan?

Yer necə dolanırsan?

Dayanıb sükutla dur,
Dərk et bu fəlakəti.

Dəhşətlər dəhşətidir
Xocalı müsibəti.

 

26 fevral 1992-ci il tariximizin qanla dolu bir səhifəsini təşkil edir. Bütöv bir şəhər xüsusi amansızlıqla qətlə yetirildi o gün. Əsrin müdhiş faciələrindən biri baş verdi.

Xocalı sakinləri qatil və cani ermənilərin əli ilə qanına qəltan edildi, köksündən yara aldı o gecə. Böyüyə, kiçiyə, qocaya, cavana məhəl qoymadı, körpələrə rəhm edilmədi. Hamilə qadınları, ağsaqqal insanları, ağbirçək anaları tankların tırtılları altında xıncım-xıncım etdilər. Xocalı şəhəri yerlə-yeksan olundu.

Keçmiş Sovet İttifaqından qalma 366-cı motoatıcı alayın əsgərləri insanlıq ləyaqətindən məhrum olan, vəhşiləşmiş erməni quldurları ilə birləşərək misli görünməmiş qətliam törətdi. Xocalının küçələrində qan su yerinə axdı. Sağ qalanlar meşəyə üz tutdu. Güman gələn yollara, cığırlara səpələndilər. Lakin qudurmuş canilər türk qanına elə susamışdılar ki, gözləri doymaq bilmirdi. Əsrarəngiz Qarabağ meşələri Azərbaycan övladlarının parçalanmış, gözləri çıxarılmış, başları kəsilmiş cəsədləri ilə dolmuşdu.

Aradan 24 il keçməsinə baxmayaraq, Xocalı müsibəti sağalmaz yaraya dönüb göyüm-göyüm göynədir bizi. Nə qədər ki, düşmən tapdağında qalan torpaqlarımız azad olunmayıb, nə qədər ki Xocalı səmasında üçrəngli bayrağımız dalğalanmır, Xocalının düz mərkəzində Əlif Hacıyev, Tofiq Hüseynov kimi neçə-neçə qəhrəman oğul və qızlarımıza abidələr ucaldılmayıb bu yaranın qanı qurumayacaq, ağrısı azalmayacaq, üzü qaysaqlanmayacaq. İllər ötdükcə, nəsillər dəyişdikcə ağrıdacaq ürəyimizi, sızladacaq vicdanımızı.

 

Yerdə qalsa belə qan
Əl üzülər dünyadan.

Məğrur dur, Azərbaycan!

Cəzasız qalmayacaq
Törədən cinayəti.

İnsanlığa ləkədir
Xocalı müsibəti.

 

İnanıram ki, ilahi ədalət öz hökmünü verəcək, Xocalı şəhidlərinin qisası Qiyamətə qalmayacaq. Bax, o zaman Xocalının nigaran ruhları təskinlik tapacaq, əbədi rahatlığa qovuşacaq.

Vətən uğrunda canlarını qurban verən şəhidlərimizə əbədi eşq olsun!

Mehrubə ABDULLAYEVA,
Bakı şəhərindəki
10 nömrəli tam orta məktəbin
9-cu sinif şagirdi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında