Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm,
lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla onları kölgədə qoydular.
Jan-İv Gnet
Fransa jurnalisti
“Məzlum” erməni obrazı arxasında qatil erməni cinayəti dayanır
Soyqırımı bəşər tarixinin ən ciddi və kompleks problemlərindəndir. Soyqırımı bir etnik toplumun dil, din, mədəniyyət və s. məlum səbəblərə görə şüurlu şəkildə məhvinə yönəlmiş cinayət əməlidir, bir qrupun varlığının tamamilə silinməsi məqsədilə hər cür şiddət və vəhşəti ehtiva edən termindir.
Tarix boyu əzəli Azərbaycan torpaqlarına yiyələnməyə çalışan , öz mənfur və saxta niyyətlərini həyata keçirmək ümidilə yaşayan ermənilər zaman-zaman bu istəklərini reallaşdırmaq üçün fürsət qazanmışlar. XX əsrin sonlarında da SSRİ-nin çökməsi, yeni münaqişə ocaqlarının yaranması “Böyük Ermənistan” xülyası ilə çırpınan ermənilərin aktivləşməsinə şərait yaradırdı.
1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. “Türksüz Ermənistan” şüarı altında mübarizəyə qalxan erməni millətçiləri azərbaycanlıları öz dədə-baba yurdlarından zorla qovur, etnik təmizlənməyə məruz qoyurdular. 1991-ci ilin oktyabr ayından 1992-ci ilin fevral ayına qədər, yəni 5 ay müddətində isə ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan, demək olar ki, “təmizləmişdilər”.
Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifələrindən biridir. Əsrlərdir azərbaycanlılara qarşı düşmən münasibət yeridən erməni şovinizminin iyrənc səhifələrindən (1905-1907; 1918-1920; 1948-1953 və s.) biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, əsrin ən dəhşətli qətliamlarından biri törədildi. Hələ 1991-ci ilin payızından Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. Lakin müstəqil dövlət quruculuğu yoluna yenicə qədəm qoymuş Azərbaycanın hakimiyyətpərəst dairələri Xocalıdan daha “vacib” dəyərləndirdikləri şəxsi mənfəətləri ilə məşğul idilər. Dövlət rəsmilərinin aciz və susqun mövqeləri də Xocalı faciəsi üçün zəmin hazırlamışdı.
Xocalının ələ keçirilməsi üçün həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. “Azad dəhliz” barədə isə Xocalı sakinləri, demək olar ki məlumatlandırılmamışdı. Hadisə şahidlərinin çıxışlarından, Xocalı soyqırımına dair dünya mətbuatında çıxarışlardan, fotoşəkillərdən, ermənilərin etiraflarından göründüyü kimi, Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin ən qanlı formasıdır...
Bu soyqırımı aktı başda Ümumdünya İnsan hüquqları Bəyannaməsi olmaqla, bir çox beynəlxalq hüquqi-normativ aktların (İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası, Cenevrə Konvensiyası və s.) kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. İnsan hüquqlarının qorunmasını bayraq edən dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların bu faciənin təşkilatçılarına və iştirakçılarına qarşı qəti mövqe bildirilməməsi, onların cinayət məsuliyyətinə cəlb edilməməsi ədalət və humanizmə yönələn fəaliyyəti şübhə altına alır. Xocalı qətliamı Ermənistanın Azərbaycana qarşı uzun illərdə apardığı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi idi.
Xocalı soyqırımına siyasi qiymət verilməsi
1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gətirilən Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə atəşkəsə nail olundu. Xarici siyasətdə əsas vəzifə Azərbaycanın müstəqilliyinin tanınması və Azərbaycan haqqında obyektiv rəyin formalaşması idi. Həmçinin Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində bu bəşəri cinayətin obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Təəssüf ki, Azərbaycanın başının daxili işlərə qarışdığı, yenicə irəliləyişə doğru addımladığı bir vaxtda xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar ötürməyə başlamış və buna müəyyən mənada müvəffəq olmuşlar.
Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sının Xocalı Soyqırımı Günü kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Ulu öndər bu barədə öz fikrini belə ifadə etmişdir: “1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”.
Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzaladı.
Prezident Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi: “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi.
Ölkə başçısı İlham Əliyev tərəfindən də hər il soyqırımı ümumrespublika səviyyəsində xatırlanır, faciənin qurbanları yad edilir. Soyqırımının 20 illik yubileyi isə 2012-ci ildə ümumxalq yürüşü ilə qeyd olunmuşdur. Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Prezident İlham Əliyev 2011-ci il 23 fevral tarixli çıxışında qeyd etmişdir ki, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız bu vəziyyəti, demək olar ki, tamamilə dəyişdirdi... Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir... Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq edən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir.
Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə detalları ilə çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi qənaətini, həmçinin zəminini yaradır. Eyni zamanda, soyqırımı aktının obyektiv şəkildə tanınması dünyəvi birliyin, həmrəyliyin, humanizmin təsdiqi, beynəlxalq isbatının nəticəsi kimi zəruridir. Xocalı soyqırımı Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərkib hissəsi olmaqla, erməni vandalizminin, vəhşətinin də ən pik nöqtəsidir. Bu faciə, hər şeydən əvvəl, insanlığa, humanizmə qarşı törədilmiş bir cinayət aktıdır.
Dünya ictimaiyyəti erməni faşizminin əməllərindən dəhşətə gəlir
Xocalı soyqırımı, eyni zamanda, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərkib hissəsidir. Təsadüfi deyildir ki, XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırımı kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir, dünyanın bir çox dövlətləri tərəfindən bu soyqırımı aktı pislənmişdir.
Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlər: Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru və Sudan. Həmçinin, ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya,Vest Virginia, Konnektikut və Florida ştatları da Xocalı soyqırımını tanımışlar.
“Xocalıya ədalət - Qarabağa azadlıq” beynəlxalq kampaniyası
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması və qətliamın obyektiv qiymətləndirilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Məhz fondun məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisi təşkil olunub, Azərbaycan mədəni irsinin düşmən tərəfindən tapdalanması, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər xaricdə yayımlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış “Xocalıya ədalət!” kampaniyası Xocalı gerçəkliklərinin bəyan olunması istiqamətində səmərəli iş aparır. Ötən dövrlər ərzində uğurlu təbliğatı ilə aksiyaya dünyanın əksər ölkələrindən yüzlərlə könüllü qoşulub. Təbliğat-təşviqat kampaniyası yalnız Xocalı soyqırımını dünyaya tanıtmaqla kifayətlənmir, eyni zamanda, Ermənistanın destruktiv və təcavüzkar siyasətinin ifşası ilə bağlı faydalı iş görür.
Ümumiyyətlə, İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu da Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında pislənməsi istiqamətində birmənalı fəaliyyət reallaşdırır. Onlarca ölkənin gənclər təşkilatlarını birləşdirən İKT-nin Gənclər Forumu İslam Konfransı Təşkilatının affilyasiya edilmiş təsisatı, eləcə də BMT-nin “Sivilizasiyaların alyansı” qurumunun rəsmi tərəfdaşıdır. İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçilməsi isə İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsi idi ki, həmin il mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESCO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət - Qarabağa azadlıq!” kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı Soyqırımı Gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. İKT Xarici İşlər Nazirləri Konfransının 35-ci sessiyasında “Xocalıya ədalət - Qarabağa azadlıq!” kampaniyası ilə bağlı qətnamənin Xarici İşlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.
2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə “Xocalıya ədalət - Qarabağa azadlıq!” kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırdı. Bununla da Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş beynəlxalq məlumat və təşviqat kampaniyası fəaliyyətə başladı.
2011-ci ildə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul etdi. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi Bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırdı. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənədlə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırıldılar.
Məhz kampaniyanın birbaşa yorulmaz zəhməti Xocalı həqiqətlərinin dünyanın bir sıra ölkələrində yayılması, əsrin soyqırımı vəhşətinin nümayişi ilə nəticələnmişdir. 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyasında təmsil olunan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən sessiyaya Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qətnamə layihəsi təqdim edilmişdir. İƏT XİNŞ həmin qətnaməni qəbul etməklə Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etdi. Sessiyanın bəyannaməsində “Xocalıya ədalət!” kampaniyasına dair xüsusi bənd yer almışdır. Həmin bənddə deyilir: “İƏT XİNŞ ”Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır".
Kampaniya çərçivəsində görülən məqsədyönlü fəaliyyət nəticəsində 2013-cü ilin fevralında Qahirədə keçirilən İƏT Dövlət Başçılarının Zirvə görüşündə də Xocalı faciəsi insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanındı.
“Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir. Bu il də kampaniya “Yalanla mübarizə üçün alov yandır!” (“Light a fire to fight the liar”) başlığında təbliğata start verib və artıq dünyanın bir sıra dövlətlərində anım tədbirlərini reallaşdırmışdır.
Sağalmayan yaramız ...
1992-ci il fevralın 26-sı Xocalı faciəsi xalqımıza qarşı törədilmiş soyqırımıdır. Humanizmə, sülhə, təhlükəsizliyə, insanların ən əsas və vacib hüquqlarına yönəlmiş aktdır. Bu tarix bir şəhərin əhalisinin şüurlu, düşünülmüş şəkildə məhvi məqsədini daşıyan addımdır. Bu faciə bir daha onu göstərdi ki, ermənilər yalnız bizim torpaqlarımızı zəbt edib, yiyələnməklə deyil, həm də bizim bir millət kimi axırımıza çıxmaq hərisliyi ilə yaşayırlar. Erməni millətçiləri öz körpələrinə belə türkə nifrət ilə göz açdırıb, türkə düşmən hissi aşılayırlar. Türkün əzabla məhvi, tarix səhnəsindən silinməsi bir vəzifə kimi hər bir erməninin qarşısına qoyulur. Belə bir şovinist, qəddar, cəllad, kinli bir ruhla böyümüş millətdən hansı humanizmi gözləmək olar?
Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.
“Erməni soyqırımı” altında dünyaya yalan informasiyalar yayan, tarixi və insanlığı ləkələməyə çalışan ermənilər yaxın keçmişdə baş verən faciəni “Xocalı döyüşü” adı altında təqdim edir, vəhşi niyyətlərini gizlətməyə çalışırlar.
Bu gün çoxmilyonlu Azərbaycan millətinin qarşısında duran əsas vəzifələrdən biri, məhz harada yaşamasından asılı olmayaraq, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaqdır. Bu, ən azı Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Soyqırıma beynəlxalq siyasi-hüquqi qiymətin verilməməsi, Ermənistan hökumətinin destruktiv siyasətinin ifşa olunmaması dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı iştirakçıları, havadarları beynəlxalq məsuliyyətə cəlb olunmalıdır.
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities”
analitik qrupunun üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.