Xocalı soyqırımı – qan yaddaşımızın fəryadı

Nərimanov rayonu

Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasiminin iştirakçıları öncə erməni qaniçənlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri əks etdirən rəsm əsərlərindən ibarət səgi ilə tanış oldular.

Rayon icra hakimiyyəti rəhbərliyinin, Milli Məclis deputatlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, eləcə də rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin iştirak etdikləri tədbir XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. 

Tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq Xocalı faciəsi barədə ətraflı məlumat verdi, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırdı. Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını qeyd edən natiq bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, məhz onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, 26 fevral tarixinin “Xocalı soyqırımı günü” elan edildiyini və ulu öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Ölkə Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasətin, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımların müsbət nəticələr verdiyini vurğulayan

A. Fərzəliyev daha sonra bildirdi ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Mərasimdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Aqiyə Naxçıvanlı Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə – çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə etdilər.

Xocalıdan olan məcburi köçkün, şəhid ailəsi Mehriban Əliyeva erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirərək, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd etdi.  O,  bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən  Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların bu və ya digər problemlərinin həlli istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırdı.

Anım mərasimi C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ermənilərin tarix boyu xalqımızın başına gətirdikləri müsibətləri, eləcə də Xocalı soyqırımının dəhşətləri əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişi ilə sona çatdı.

Tədbirdən sonra rayonda yaşayan Xocalıdan olan şəhid ailələrinə maddi yardım göstərildi.

Xətai rayonu

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Xətai rayonunda keçirilən tədbirlər icra hakimiyyətinin başçısı Razim Məmmədovun bu rayonun ərazisində məskunlaşmış bir qrup Xocalı sakininin qəbulu ilə davam etdirilmişdir.

Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyətinin başçısı faciənin tarixindən bəzi məqamları xatırladaraq bildirmişdir ki, “bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu, kütləvi terror aktı  kimi daxil olub. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. Əslində, qəddar erməni şovinistlərinin həyata keçirdikləri bu soyqırımı aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addım idi.

Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı əməli tədbirlərin yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra həyata keçirildiyini bildirən R.Məmmədov daha sonra dedi:

— Məhz ümummilli liderimiz Heydər Əliyev işğalçı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini özündə dolğun əks etdirən faktların dünya ictimaiyyətinə çatdırılmasını müstəqil dövlətimizin xarici siyasətinin ən mühüm vəzifələrindən biri kimi müəyyənləşdirdi və bu vacib istiqamətdə səmərəli əməli tədbirlər həyata keçirdi. Bu məqsədlə atılan addımlardan biri isə Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi oldu. Prezident  Heydər Əliyev 1994-cü ildə Xocalı faciəsi ilə bağlı xüsusi fərman imzaladı və  Milli Məclisin qərarı ilə 26 fevral Xocalı soyqırımı və milli matəm günü elan olundu.

Natiq həmçinin qeyd etdi ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər miqyası ilə daha çox seçilir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq altı ildir ki, beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir. Məhz kampaniya xanım sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Məlimat verildi ki, bu il də “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər – konfranslar, dəyirmi masalar, etiraz aksiyaları həyata keçirilir və onların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Tədbirdə həmçinin qeyd edildi ki, rayon icra hakimiyyəti tərəfindən Xocalı soyqırımı ilə bağlı xüsusi buklet hazırlanmış, müəssisə və təşkilatlara paylanılmışdır. Bukletdə ümummilli lider Heydər

Əliyevin Xocalı soyqırımı ilə bağlı bu sözləri öz əksini tapmışdır: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Tədbirdə iştirak edən Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələrinin üzvləri Vərziyyar Əliyeva, Solmaz İsmayılova və başqaları onlara göstərilən diqqət və  qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Sonda görüşdə iştirak edən 15-dən çox Xocalı ailəsinə yardımlar paylandı.

Suraxanı rayonu

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı - bəşər tarixində görünməmiş vəhşilik” adlı tədbir keçirilmişdir.

Rayonda məskunlaşan xocalıların iştirak etdiyi mərasimin əvvəlində Qarabağ müharibəsinin şahidi fotoqraf Əlövsət Qasımovun “Xocalıya ədalət” adlı   foto sərgisinə, sonra isə “Xocalı faciəsi uşaqların gözü ilə” adlı sərgiyə baxış olmuşdur.

Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanan film göstərilmişdir.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi  diqqət və qayğını bir daha iştirakçıların diqqətinə çatdıraraq qeyd etmişdir ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan xalqımız növbəti belə faciə ilə 1992-ci ilin qışında Xocalıda üzləşmişdir.  XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu faciə tarixin yaddaşından heç vaxt silinməyəcəkdir.

İlqar Abbasov vurğulamışdır ki, o vaxtkı dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmamış, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində hazırda davamlı olaraq addımlar atılır. Bu siyasət dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən mütəmadi şəkildə davam etdirilir. Eyni zamanda, Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işlər də təqdirəlayiqdir. Fond bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl olaraq fəaliyyət göstərir.

Tədbirdə YAP rayon təşkilatının cədri Vüqar Seyidov, xarici dillər təmayüllü gimnaziyanın direktoru Məmmədəli Abbasov, Xocalı sakinləri Xəlil Vəliyev, Qədim Abbasov, Qarabağ döyüşlərinin iştirakçısı Əlövsət Qasımov çıxış etmişlər. 

Sonda mərasim  iştirakçıları 97 nömrəli tam orta məktəb şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyaya baxmışlar.

Mirbağır YAQUBZADƏ,
İlqar RÜSTƏMOV,
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında