ABŞ-ın Florida ştatının Mayami şəhərində Xocalı soyqırımının anım mərasimi keçirilmişdir

 

Mart ayının 1-də ABŞ-ın Florida ştatının Mayami şəhərində Florida Azərbaycan - Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Xocalı qətliamının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Florida Türk Amerika Assosiasiyasının Florida Türk Mərkəzində təşkil edilən mərasimə yerli ictimaiyyət nümayəndələri, Azərbaycan, türk, ukrayna icmalarının təmsilçiləri qatılmışlar. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin əməkdaşları Ramiz Hüseynov və Samir Becanov da iştirak etmişlər.

Tədbirdə çıxış edən Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova Xocalı qətliamı haqqında iştirakçılara məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin Xocalı hadisələrinin soyqırımı kimi tanınmasına dair tarixi sərəncamını xatırladan T.Eminova  son illər Xocalı faciəsinin ABŞ-da bir sıra ştatlar, habelə Çexiya, Pakistan, Meksika, Türkiyə, Bosniya və Herseqovina, Honduras və digər dövlətlər tərəfindən tanınmasının Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd etmişdir. Ermənistanın işğalçılıq, etnik təmizləmə siyasətinin, habelə qonşulara qarşı ərazi iddialarının Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ən böyük təhdid olduğunu bildirən diaspor nümayəndəsi ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan diasporunun ildən-ilə təşkilatlanaraq erməni təbliğatını ifşa etməsini diqqətə çatdırmışdır.

Mərasimdə çıxış edən Florida Türk Amerika Assosiasiyasının vitse-prezidenti Fuat Ornarlı Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə olan cinayət aktı kimi xarakterizə etmişdir. Xocalı şəhidlərinin xatirəsinin daim əziz tutulacağını bildirən natiq bu qətliamı törətmiş ermənilərin gec-tez ədalət mühakiməsi qarşısında öz əməllərinə görə cavab verməli olacağını bildirmişdir.

Daha sonra Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı səfirlik tərəfindən hazırlanmış “Xocalı qətliamı: kiçik şəhərin böyük faciəsi” adlı təqdimatla çıxış etmişdir. Təqdimat zamanı Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı tətbiq edilən qəddarlıq qətiyyətlə pislənilmiş, baş verənlərin beynəlxalq humanitar hüququn təməl norma və prinsipləri ilə ziddiyyət təşkil etdiyi və təqsirkarların ədalət mühakiməsi qarşısına çıxarılmasının zəruriliyi vurğulanmışdır.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən Xocalı qətliamına dair hazırlanmış  sənədli film nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında