Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması

 

 

 

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrindən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Belə ki, burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qırarkən soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi. Çünki Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.

Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi.

1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Belə ki, fevral ayının 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək isə ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində kəndin 92 nəfər müdafiəçisi və 54 sakini öldürülərək silos quyusuna atılmış, 118 nəfər kənd əhalisi (uşaq, qadın, qoca) girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdi. Bundan əlavə, 1991-ci il iyunun 28-də ermənilər həmin kəndin Vərəndəli fermasında 6 nəfəri diri-diri yandırmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bu baxımdan, Heydər Əliyev Fondu, xüsusilə fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı - uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır.

2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla davam etdirilir.

2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir.

Bu uğurlu kampaniyanın əsas nəticəsi başlanandan az sonra İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmasıdır. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.

Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.

2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının XIII sessiyası keçirilmişdir. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsini “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Əbu Dabi Bəyannaməsi qəbul edilmişdir.

2012-ci il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının üzvü olan dövlətlərin İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir. “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı son illər davamlı olaraq qəbul edilən qətnaməyə forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunmuşdur. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd olunur: “Konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir”.

Bu tanınma 2009-cu ildən həyata keçirilən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyətinin nəticəsi olmuşdur. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Xatırladaq ki, İƏT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və ən böyük parlamentlərarası beynəlxalq qurumlardandır. Bu qətnamə Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün çox mühüm əhəmiyyətli bir sənəddir.

2012-ci il noyabrın 15-17-də  İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında  İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır. İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır. İƏT-in ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınmışdır.

(ardı var)

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası  “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında