Dünyada analoqu olmayan QƏTLİAM

 

 

İnsanpərvərliyi, tolerantlığı ilə tanınan Azərbaycan xalqı təkcə XX əsrdə xalqımız üç dəfə erməni vəhşiliyi ilə üzləşmiş və kütləvi qətllərə məruz qalmışdır. 1905-1907-ci və 1918-1920-ci illərdə Azərbaycanın müxtəlif yerlərində, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalıda törədilən dəhşətli qətliamlar bir daha göstərdi ki, ermənilər yer üzünün ən qəddar, ən şovinist millətlərindən biridir.

Bu gün bəşər tarixində XX əsrin ən dəhşətli faciələrindən biri kimi yer alan Xocalı soyqırımının törədilməsindən artıq 22 il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan silahlı birləşmələri keçmiş sovetdən qalma 366-cı motoatıcı alayın köməyi və birbaşa iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmiş və misli görünməmiş vəhşiliklər etmişlər. İnsanlığa qarşı kütləvi qırğın hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımı zamanı yüzlərlə dinc, silahsız insana yalnız azərbaycanlı olduqlarına görə, amansız divan tutulmuş,  külli miqdarda – ən azı 5 milyard manat dəyərində ziyan vurulmuşdur.

Moskva “Memorial” Hüquq-Mühafizə Mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması faktları barədə məlumatında göstərilir: “Qaçanlar ermənilərin pusqusuna düşmüş və gülləbaran edilmişlər. Dörd gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitdə təhqirə məruz qalma əlamətləri olmuşdur. Dörd meyitin başının dərisinin soyulduğu və bir meyitin başının kəsildiyi qeydə alınmışdır. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) dövlət məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuşdur. 10 nəfər isə küt alətlə vurulmaqla öldürülmüşdür”.

Xocalı qətliamı erməni quldurlarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin davamı və ən faciəli səhifəsidir. Yuxarıda işarə etdiyimiz kimi, ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilmişdir. Qədim Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması üçün əraziləri boşaltmaq məqsədilə 1920-ci ilədək yarım milyona qədər azərbaycanlı bugünkü Ermənistan ərazisindəki doğma yurdlarından qovulmuşdur. Etnik təmizləmə sonrakı dövrlərdə də davam etdirilmişdir. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edilmişdir. 1988-1993-cü illərdə isə 1 milyon azərbaycanlı Ermənistandan və Dağlıq Qarabağdan qovulub didərgin salınmışdır.

Onu da qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verilən savaş, əslində, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, açıq-aşkar ekspansiya siyasətidir. Ermənilər Xocalı faciəsinin törədildiyi günədək dinc azərbaycanlılara qarşı dəfələrlə terror aktları törətmiş, insanları kütləvi şəkildə qətlə yetirmək üçün müxtəlif iyrənc metodlardan istifadə etmişdilər. 16 sentyabr 1989-cu il çoxlu insan tələfatı ilə nəticələnən Tbilisi-Bakı, 18 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci kilometrliyində Şuşa-Bakı, 11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər, 10 avqust 1990-cı ildə Tbilisi-Ağdam marşrutları ilə hərəkət edən, 30 noyabr 1990-cı ildə Xankəndi aeroportu yaxınlığında sərnişin avtobuslarının partladılması, 9 yanvar 1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfərin qətlə yetirilməsi, 30 may 1991-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında, 31 iyul 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarlarının partladılması, 8 yanvar 1992-ci ildə Türkmənistandan Krasnovodsk-Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı, 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa marşrutu ilə uçan Mİ-8 mülki vertolyotunun Şuşa şəhəri yaxınlığında vurulması və bir çox digər terror aktları Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin yeni və daha amansız dalğasının açıq təzahürü idi.

Qeyd etdiyimiz kimi, bədnam qonşularımızın işğalçılıq hərəkətlərində 366-cı alayın əksəriyyəti ermənilərdən ibarət olan şəxsi heyyəti də yaxından iştirak etmişdir. Təsadüfi deyildi ki, 1991-ci il sentyabrın 24-də Ağdərənin İmarət Qərvənd, oktyabrın 30-da Tuğ, noyabrın 12-də Axullu, 19-da Xocavənd, dekabrın 15-də isə Cəmilli kəndləri 366-cı motoatıcı alayın hərbçiləri və zirehli texnikanın dəstəyi ilə işğal olunmuşdur. Fevralın əvvəlində isə növbəti Azərbaycan kəndləri Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal olundu və bu zaman 99 dinc sakin qətlə yetirildi, 140 nəfər isə yaralandı. 1992-ci ilin yanvarında Kərkicahan qəsəbəsi və 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndi yerlə-yeksan edildi. Bu vəhşiliklərin kuliminasiya nöqtəsi isə Xocalı faciəsi oldu.

Vladimir Savelyev Xankəndindəki 366-cı alayda yerləşən 02270 nömrəli hərbi hissəsinin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il martın 19-da, 1998-ci il avqustun 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına, sonda Baş Kəşfiyyat İdarəsinə “məxfi arayış”ını təqdim edib. O, son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərib. Polkovnik erməni terror təşkilatları ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə, “agentura” yolu ilə əldə etdiyi informasiyalarda bütün olub- keçənlərin şərhini verib etiraf edir: “... Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də MN-ə, VKİ-nin generallarına göndərdim. Oxuyun , - dedim”.

Maraqlı burasıdır ki, bu şəhər heç bir hərbi zərurət olmadan yerlə yeksan edilmişdi. Bu da onu göstərir ki, əsas məqsəd Xocalını ələ keçirməkdən daha çox, azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmək idi. Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri, Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şagen Barseqyanın, Dağlıq Qarabağda “Erməni Xalq Cəbhəsi”nin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu müəyyən edilmişdir. Bu gün cinayətkarlardan 30 nəfərinin adı Azərbaycanın istintaq orqanlarına məlumdur.

Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük bir hissəsi – 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10" raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. Bununla yanaşı, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.

Ermənilərin istər Xocalıda, istərsə də digər ərazilərdə törətdikləri qırğınlar heç bir çərçivəyə sığmır. Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədilməsi insan hüquqlarının, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktların, Cenevrə konvensiyalarının, Uşaq Hüquqları Bəyannaməsinin, Hərbi münaqişə dövründə və fövqəladə hallarda qadın və uşaqların müdafiəsi haqqında Bəyannamənin və bir sıra digər beynəlxalq-hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir.

Ermənilər “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyanı da kobud şəkildə pozmuşlar. Bu konvensiya BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmişdir. Konvensiya 19 maddədən ibarətdir və 12 yanvar 1951-ci ildən qüvvəyə minmişdir. İndiyədək 142 ölkə onu ratifikasiya etmişdir. Konvensiya soyqırımını beynəlxalq hüquq normalarını pozan cinayət əməli kimi tövsif etmişdir. Həmin konvensiyanın 1-ci maddəsində qeyd olunur ki, razılığa gələn tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımının, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. Beləliklə, konvensiya insanlığa qarşı ən ağır cinayət kimi soyqırımı anlayışının beynəlxalq hüquqi statusunu müəyyən edir və onun hüquqi tərifini verir. Buna əsaslanaraq Xocalı faciəsini də soyqırımı aktı kimi dəyərləndirə bilərik.

Məlumdur ki, müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət vermişdir. Milli Məclisin müvafiq qərarına əsasən, 26 fevral Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Bununla yanaşı, XX əsrdə erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq Prezidentin fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə Xocalı soyqırımının 20-ci ildönümü həm Azərbaycanda, həm də xaricdə genişmiqyaslı tədbirlərlə qeyd olunmuş, soyqırımı qurbanları anılmışdır. Növbəti belə bir sərəncam isə bu ayın 13-də imzalandı. Sərəncama əsasən beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dinamik inkişaf edir və onun hərbi qüdrəti gündən-günə artır. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Bu mənada, Ermənistan heç bir sahədə özünü Azərbaycanla müqayisə edə bilməz. Eyni zamanda, işğalçı dövlətə göstərilən beynəlxalq təzyiq də güclənməkdədir. Nüfuzlu beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bütün bunlar sülh danışıqlarında Azərbaycanın mövqelərini daha da möhkəmləndirir və haqq səsimizin dünyaya çatdırılmasında bizə yeni imkanlar açır. Ona görə də hər bir azərbaycanlı əmindir ki, gec-tez dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının və digər cinayətlərin bütün iştirakçıları layiqli cəzalarını alacaqlar.

Vüqar SƏRDAROV

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında