Xocalı qurbanlarını hüzn və ehtiramla yad edirlər

 

 

Səbail

Xocalı faciəsinin ildönümü paytaxtın Səbail rayonunda da dərin hüzn və ehtiramla anılır. Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, idarə, təşkilat və  müəssisələrdə faciə ilə bağlı fotoekspozisiyalar, bədii kompozisiyalar sərgilənir, anım mərasimləri keçirilir. Mədəniyyət və təhsil müəssisələrində müxtəlif görüşlər təşkil olunur, faciənin dəhşətli epizodlarını əks etdirən tamaşalar göstərilir.

Dünən rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, müxtəlif anım tədbirləri keçirilmişdir. Dövlət Gənc Tamaşaçılar Teatrında və Badamdar Mədəniyyət Evində soyqırımının dəhşətləririni canlandıran tamaşalara ictimai baxış olmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin “Şəhidlər Xiyabanı”ndakı qərargahında isə Səbail rayonda məskunlaşmış 26 Xocalı ailəsinin nümayəndələri ilə görüş keçirilmişdir. Mərasimin əvvəlində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olmuş Xocalı soyqırımı, varlığımıza qənim kəsilmiş ermənilərin zaman-zaman soydaşlarımıza qarşı törətdikləri xəyanətkarlıq və vəhşiliklərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı həyata keçirilmiş, görülməsi vacib olan işlərdən ətraflı söz açmışdırr.

 Başçı daha sonra bildirmişdir ki,  bu faciənin dünya xalqlarına və dövlətlərinə, beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün ümummilli lider Heydər Əliyev strateji əsas yaratmışdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu qanlı aksiyaya siyasi qiymət verilmiş, faciənin bəşəri mahiyyətinin açılıb dünyaya göstərilməsi ilə bağlı ardıcıl işlərə başlanmışdır. Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Xocalıda, eləcə də işğal altında olan digər torpaqlarımızda ermənilərin törətdikləri insanlığa zidd əməllər dünyada geniş əks-səda doğurur. Bütün bunlar Qarabağın azad edilməsi, müharibə canilərinin cəzalandırılması üçün zəruri əsaslar yaratmışdır.  Qeyd olunmuşdur ki, fevralın 26-da Səbail rayonunun kollektivləri də “Xocalı harayı” abidəsini ziyarət edəcək, səslərini xalqımızın gur harayına qataraq soyqırım cəlladlarını və havadarlarını lənətləyəcəklər. Rayondakı məscidlərdə Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, “Bibiheybət” və İçərişəhər məscidlərində ehsanlar veriləcək.

Mərasimdə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və şəhid şəhərin  digər didərginləri Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və  buna inandıqlarını bildirmişlər. Görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Qarabağın işğaldan azad ediləcəyinə bir daha əminlik ifadə olunmuşdur.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə Rayon İcra Hakimiyyətinin növbəti maddi və ərzaq yardımları  çatdırılmışdır.

RİH-nin başçısı Asif  Əsgərov xocalıları ayrılıqda qəbul etmiş, müraciətlərini cavablandırmışdır.

Zaqatala

Tədbir iştirakçıları Şəhidlərin xatirə kompleksinə gəlmiş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Sonra məktəblilərin əl işlərindən ibarət “Xocalı, məktəblilərin gözü ilə” rəsm sərgisinə baxış keçirmişlər. 

Faciə qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı soyqırımına həsr olunmuş filmə baxış keçirmiş, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin  “XX əsrin ən qanlı faciəsi” adlı məruzəsi dinlənilmişdir. İcra başçısının vəhşiləşmiş erməni millətçiləri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 22 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 613 nəfər soydaşımızın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını, 1275 nəfərin isə əsir düşdüyünü qeyd etmiş, həmin gün Xocalıda 10 ailənin tamamilə məhv edildiyini, 21 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini xüsusi vurğulamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunduğunu vurğulamış, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu bildirmişdir.

Sonra tədbirdə çıxış edən Xocalı rayonu üzrə səlahiyyətli nümayəndə, məcburi köçkün Vaqif Allahverdiyev, ziyalılar və gənclər ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində gördüyü işlərin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Məhz bu siyasətin məntiqi nəticəsi kimi, bu gün dünya ictimaiyyəti artıq Xocalı soyqırımının əsil səbəblərini bilir və erməni terrorçularının törətdikləri vəhşilikləri pisləyir.

Natiqlər öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması, qaçqın və məcburi köçgünlərin doğma torpaqlarına qaytarılması istiqamətində fəaliyyətində ölkə rəhbərinə uğurlar arzulamışlar.

Daha sonra tədbirdə iştirak edən xocalılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına müraciət qəbul olunmuşdur. Sonra rayonda məskunlaşmış 20 Xocalı məcburi köçkün ailəsinə RİH tərəfindən maddi yardımlar göstərilmişdir.

Tahir AYDINOĞLU,

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında