Heç bir azərbaycanlının Xocalı soyqırımını unutmağa haqqı yoxdur

 

 

 

 

Ulu öndər Heydər Əliyevin  20 Yanvar faciəsi kimi Xocalı soyqırımını da ən yüksək səviyyədə, bütün detallarıyla  müzakirə edərək siyasi və hüquqi qiymət verməsi bu iki qanlı hadisənin milli yaddaşımızda əbədilik yaşamasını təmin etmişdir. Həmin müzakirələr mənim yadımdadır.

 O günlər sanki bütün soydaşlarımız adıçəkilən faciələri yenidən yaşamışdılar. Həmin müzakirələr liderin  istənilən məsələni xalq ilə birlikdə müzakirə etməsinin nümunəsi idi. Ümummilli lider Xocalı soyqırımı barədə söz açarkən demişdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda , bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Bu il fevralın 19-da, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hazırdırlar!” devizi altında keçirilən təntənəli mərasimdə görüşdüyüm Əfqanıstan  veteranlarının hamısının fikri bu idi ki, Xocalı soyqırımının günahkarları öz cəzalarına çatmayınca, o qanlı gecədə vəhşicəsinə qətlə yetirilmiş insanların ruhu bizi bağışlamayacaq. Biz o qanı yerdə qoysaq, nəinki şəhidlərin ruhu, heç milli tariximiz də bizi bağışlamaz.

Yeri gəlmişkən , tədbirdə iştirak edən Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti, MDB Hökumət  Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşev bir qrup veterana “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə medalı”nı təqdim edərkən bir daha vurğuladı ki, bizim hər birimizin Əfqanıstanda qazandığımız təcrübə sonradan öz xalqlarımızın problemlərinin həllində də köməyimizə çatıb.  Bu fikri bir qədər də genişləndirən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dedi ki, bu insanlar Əfqanıstan müharibəsi bitəndən sonra Azərbaycan Milli Ordusunun yaradılması və formalaşdırılması , Azərbaycan torpaqlarının işğalçı Ermənistan qoşunlarından azad edilməsi istiqamətində sözün həqiqi mənasında qəhrəmanlıq nümayiş etdiriblər. Əfqanıstan veteranlarından 7 nəfərin Milli Qəhrəman adına layiq görülməsi, 37 nəfərin  “Azərbaycan Bayrağı”ordeni ilə təltif olunması bu insanların cəsarət və şücaətindən xəbər verir. Bu məqamları ona görə yada salıram ki, bizim düşmənlərimiz və bədxahlarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində sülh və danışıqlar yolunu üstün tutan Azərbaycanın mövqeyinə hörmətlə yanaşsınlar. Əks təqdirdə - cənab Ali Baş Komandanın əmri olarsa,  Azərbaycandakı Əfqanıstan  veteranları Xocalı soyqırımını törətmiş insanların başına od yağdıracaqlar.

Xocalı soyqırımının ildönümü münasibətilə hörmətli şeyximiz Hacı Allahşükür Paşazadənin təşəbbüsüylə Qafqaz Müsəlmanları İdarəsində keçirilmiş tədbirdə də həm din xadimlərinin, həm də sadə insanların çox böyük bir qətiyyətinin şahidi oldum. İnsanların yaşadığı qisas hissləri sözün həqiqi mənasında dolmuş kasanı xatırladırdı. Bu boyda vəhşiliyi törətmiş cəlladların hələ də cəzasız qalmasını görən qeyrətli insanların haqq səsini qaldırması tamamilə təbiidir. Çünki Xocalı faciəsi həm miqyasına görə qeyri-adi dərəcədə dəhşətlidir, həm də tamamilə günahsız insanların qırılmasına, min illərlə tarixi olan bir yaşayış məntəqəsinin xəritədən silinməsinə görə heç bir bəraət qazandırılması mümkün olmayan cinayətdir.  Bəzi adamlar deyirlər ki, ermənilər həmin ərazidəki bütövlükdə bəşər tarixi üçün önəmli olan tarixi dəlil-sübutları mənimsəmək üçün Xocalını ələ keçiriblər. Bəs elə isə insanların günahı nə idi? Alman faşistləri bu qəbildən olan addımları atarkən insanları sonuncu nəfərə qədər köçürürdülər.  Deməli, erməni faşistləri  bu  addımı  tarixi abidələrə sahib olmaq üçün deyil, bilavasitə azərbaycanlılara qarşı soyqırımı törətmək məqsədiylə atmışdılar.

İndi artıq dünyada savadsız adam yoxdur. Hamı oxuyur, öyrənir, görür, bilir ki,  Azərbaycan xalqı son  200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.  Həmin deportasiyalar  sovet dövründə daha qəddarlıqla  davam etmişdir. Hamının yadındadır. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş,  nəticədə  Ermənistan monoetnik dövlətə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin Moskvadakı mövqeyi zəiflədikdən dərhal sonra  - 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi azərbaycanlıların yaşadığı kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə soydaşımızın öz tarixi torpaqlarından didərgin salınması  ilə nəticələnmişdi.

Möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxış və nitqlərində dönə-dönə demişdir ki, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyik. Dövlət başçımız dünyanın bütün alimlərinə, deməli, həm də erməni alimlərinə məlum olan bir faktı xatırladır. Ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövləti indi də bütün beynəlxalq hüquq normalarına zidd olaraq  Dağlıq Qarabağı özünə birləşdirmək istəyir. Ermənilər  bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı  həmin  aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.  Ötən əsrin sonunda baş vermiş  həmin  faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımını həmin  əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə  eyniləşdirənlər tamamilə haqlıdırlar. Bəzi ekspertlər soruşurlar ki, ermənilərin həmin məqamda Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki  yuxarıda qeyd etdiyimiz kimi , Xocalı  Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu abidələr  mədəniyyət tarixinə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Bu, həm də dünyaya meydan oxumaqdır.

Həmsöhbət olduğum insanların fikrincə, Xocalı soyqırımının Azərbaycan xalqına və Azərbaycan tarixinə vurduğu yaraların nə zamansa sağalacağına inanmaq olmur. Çünki o yaralar bir, iki, üç istiqamətdə deyil,  bütün istiqamətlərdə vurulmuşdur. Üzdə olan, daha doğrusu, hər bir azərbaycanlının dünya ictimaiyyətinə çatdırmaq istədiyi konkret tarixi faktlar isə bunlardan ibarətdir:  1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində sözün həqiqi mənasında soyqırımı törətdilər. Şəhərə hücum zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, şəhərin mühasirədə qaldığı 4 aydan artıq  müddətdə  əhalinin xeyli hissəsi  evlərindən çıxmaq məcburiyyətində qalmışdı.  Gecə vaxtı törədilmiş soyqırımında  613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Öldürülənlərdən  106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri isə  qoca idi.  8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

 Heydər Əliyev Fondunun bu soyqırımı ilə əlaqədar hazırladığı çap məhsullarından oxuyuruq ki,  şəhərin viran qoyulması  erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.  Qırğın, qarət və yanğınların törədilməsində hamıdan çox “fəallıq etmiş” mayor Oqanyan Seyran Muşeqoviç sonralar  Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri” olmuşdur. Məhz onun  komandanlığı altında, 366-cı alayın 2-ci batalyonunun köməyi ilə Xocalı oda qalanmışdı.

Mətbuatda verilmiş  “Xocalının işğalına dair istintaq materiallarından” adlı yazıda qeyd edilir ki, şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Yəni, ermənilər iyirminci əsrə xas olmayan elə alçaq əməllərə əl atmışdılar ki, onları heç orta əsrlərdə də törətməzdilər. Onlar  sağ qalmış insanların  üzərində tükürpədici,  təhqiredici hərəkətlər həyata keçirmişdilər. Bu vandallar sağ insanın başının dərisini soymuş, sonra girovların başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxartmış, hamilə qadınların qarnını yarmışdılar.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya  ədalət” kampaniyası çərçivəsində hazırlanmış kitabda oxuyuruq: “Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir”.

Azərbaycan dövlətinin, xüsusən, Prezident İlham Əliyevin həyata keçirdiyi əhatəli siyasi-diplomatik fəaliyyət nəticəsində bu gün artıq dünyanın bütün beynəlxalq təşkilatları və aparıcı dövlətlərin başçıları Xocalı soyqırımı barədə faktları tam təfsilatı ilə bilirlər. Hətta bir neçə ölkənin parlamenti artıq bu faciənin həqiqətən soyqırımı olduğunu təsdiqləyən rəsmi sənəd qəbul etmişdir. Bütün xalqların və bütün dinlərin təmsilçilərinin tamamilə yekdil mövqe nümayiş etdirdiyi bir məqam vardır ki, o da törədilmiş cinayətlərlə bağlıdır. Az qala bütün xalqlarda belə bir deyim var ki,  törədilmiş cinayət cəzasız qalmamalıdır. Doğrudur,  Ermənistanın Azərbaycana  hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilir. Ancaq beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bu məqamda söhbət ermənilərdən deyil, bilavasitə Ermənistan dövlətindən getməlidir.

Hacı Xanəli BABAYEV,

filologiya elmləri doktoru, Əfqanıstan veteranı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında