“Xocalıya ədalət!” kampaniyasının 5 illik fəaliyyəti və perspektivlərinə həsr olunmuş tədbir keçirilmişdir

 

 

Fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illik fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı tədbir keçirilmişdir.

Kampaniyanın əlaqələndiricisi Nicat Məmmədli tədbiri açaraq indiyədək həyata keçirilmiş layihələr, əldə edilmiş nailiyyətlər, məlumatlandırma sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.

N.Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamının tarixi əhəmiyyət daşıdığını və müvafiq istiqamətdə fəaliyyət göstərməyə böyük dəstək olduğunu vurğulamış, dövlətimizin başçısına dərin minnətdarlığını bildirmişdir.  

Tədbirdə kampaniyanın əlaqələndiricisi Sevinc İsgəndərova, hüquq məsləhətçisi Vüsal Qurbanov gələcəkdə görüləcək işlər barədə məlumat vermişlər.

Bildirilmişdir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona bağlı qurumların qəbul etdiyi sənədlərin əsas müddəaları, o cümlədən  faciəyə “kütləvi qırğın” və “insanlığa qarşı cinayət” kimi qiymət verilməsi gələcəkdə bu soyqırımını törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsinə imkan yaradacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini vurğulamış və müvafiq sahədə işlərin bundan sonra da davam edəcəyini bildirmişlər.

Çıxışlarda bu sahədə akademik araşdırmaların aparılmasının vacibliyi xüsusi qeyd edilmişdir.

Tədbirdə son beş ildə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə dair elektron təqdimat keçirilmişdir.

Qeyd olunmuşdur ki, kampaniyanın 40-dək ölkədə milli koordinatorluğu yaradılmış, İƏT-in zirvə toplantısı və ona aid qurumlar çərçivəsində faciə ilə bağlı indiyədək 10-a yaxın qətnamə qəbul edilmiş, məşhur amerikalı reper Toni Bləkmənin ifasında “Xocalıya ədalət!” videoklipi yayımlanmış, avropalı rejissorların iştirakı ilə “Sonu olmayan dəhliz” sənədli filmi çəkilmiş, Qarabağ həqiqətləri ilə bağlı Rusiya ictimaiyyəti üçün iki kitab nəşr olunmuş, bütövlükdə 5 il ərzində 200-dək müxtəlif xarakterli tədbir həyata keçirilmişdir.

Diqqətə çatdırılmışdır ki, yaxın illər ərzində dünyanın aparıcı ölkələrində faciə ilə bağlı elektron sərgilərin təşkili, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə xarici ekspertlərin iştirakı ilə tədqiqatların aparılması üçün təqaüdlərin təsis olunacağı nəzərdə tutulmuşdur.

Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov kampaniya çərçivəsində təmsil etdikləri qurumların birgə fəaliyyətinin vacibliyini vurğulamışlar. 

Sonda “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma və təbliğat kampaniyasının koordinatorluğu ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “İrəli” İctimai Birliyi arasında kampaniyanın səmərəliliyini və bundan sonra daha geniş miqyasda fəaliyyətini təmin etmək məqsədilə Anlaşma Memorandumu imzalanmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında