Xocalı soyqırımında yaşananların tarixi xronikası

 

 

Azərbaycan xalqı XX yüzilliyin sonlarında ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşandan sonra əsrin əvvəllərində yaşadığı faciələrlə yenidən üz-üzə qaldı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, soyqırımlar, deportasiyalar və Xocalı kimi qədim milli mədəniyyət abidələrinin tarixini özündə yaşadan şəhərin bir əsrdə ermənilər tərəfindən üç dəfə yerlə-yeksan olunması ilə başa çatdırıldı. Hələ də dünyanın söz sahibi olan dövlətlərinin əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ikili standartlarla yanaşır, təcavüzkarın öz adı ilə çağrılmasını nədənsə dillərinə belə gətirmək istəmir. Təkcə bunu qeyd etmək kifayətdir ki, ABŞ Senatı münaqişənin ilk günlərindən Ermənistanın Azərbaycana qarşı yeritdiyi ekspansiya siyasətini nəzərə almadan 1991-ci il iyunun 25-də ermənilərin Azərbaycan ərazisindən “zorla köçürülməsini” pisləyən qətnamə qəbul etmişdir.

Sovet imperiyasının tərkibində olduğumuz XX əsrdə Azərbaycan həm də haqqı tapdanan, daim milli ayrı-seçkiliyə məruz qalan bir respublika olub. Dəhşətli məhrumiyyətlərlə üzləşən xalqlardan biri olan azərbaycanlıların məhrumiyyətlərlə üzləşməsinin səbəbkarı əsrlərlə torpağımızda yaşayan, suyumuzu içən, çörəyimizi yeyən nankor qonşularımız ermənilərdir.

Artıq Azərbaycanı yaxından tanıyan ölkələr də şahidlik edə bilərlər ki, ermənilər bir kütlə halında, hətta bir toplu halında hər hansı bir məkanda, məmləkətdə yaşadıqları əraziləri 30, 40, bəzən də 50 ildən bir özlərinin əbədi, tarixi torpağı, vətənləri sayırlar. Onlar bununla kifayətlənməyib, yaşadıqları torpağın yerli sakinlərini sıxışdırmağa, ata-baba ocaqlarından qovub çıxarmağa, didərgin salmağa başlayırlar.

Daşnaksütyun Partiyası dənizdən-dənizə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yarandığı gündən indiyə qədər azərbaycanlılara qarşı millətçilik mübarizəsini davam etdirir. Bu da həqiqətdir ki, ermənilərin həmin mənfur istəklərindən bəzi dövlətlər öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu dövlətlər, məsələn, rus imperiyası Qafqazı öz nəzarətində saxlamaq üçün ermənilərdən həmişə bir vasitə kimi istifadə etmişdir. Hələ ötən əsrin əvvəllərində, yəni 1905-1907- ci illərdə Rusiyada baş vermiş Birinci Rusiya inqilabı dövründə rus çarizminə arxalanan ermənilər düz iki il azərbaycanlılara qarşı qırğın törətdilər.

Ermənilər 1918-ci ilin martında Bakıda, Naxçıvanda, Qarabağda, Qubada, Şamaxıda və digər bölgələrdə yeni, daha dəhşətli qırğınlar törətdilər. Həmin qırğınlar nəticəsində Azərbaycanda 15 mindən artıq soydaşımız qətlə yetirildi. Bu qırğınlar Şuşada və onun ətrafında azərbaycanlıların sıx yaşadığı kəndlərdə daha çox tüğyan etmişdir. O, dövrün arxiv sənədlərində göstərilir ki, 1918-ci ildə ermənilər Qarabağın bir sıra kəndləri ilə yanaşı, Xocalıya da hücum etmişlər. Əvvəlcə ermənilər xocalılara ultimatum verirlər ki, sakitcə öz yerlərini tərk etsinlər. Xocalılar öz kəndlərini tərk etmir və azğın daşnaklardan qorunmağa qərar verirlər. Lakin ermənilər güclü silahla hücuma keçərək, əhalini qırır, Xocalını isə tamamilə yandırırlar. O vaxt yüzlərlə Azərbaycan kəndləri erməni daşnakları tərəfindən yandırılmış, əhali qətlə yetirilmişdir.

1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gəldiyi vaxtdan SSRİ adlanan nəhəng imperiya sürətlə zəifləməyə başladı. Ermənilər bundan istifadə etməyi qarşılarına məqsəd qoydular. Onlar 1988-ci ildə çoxdan hazırladıqları məkrli planlarını həyata keçirmək iddiasına düşdülər. Dünya erməni lobbisinə, erməni diasporuna, xüsusən də ələ aldıqları M.Qorbaçova arxalanan şovinist ermənilər Azərbaycan xalqının əzəli torpağı olan Qarabağın bir hissəsini-Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün fitnəkarlığa əl atdılar. Moskvanın birtərəfli mövqeyi erməni millətçilərini daha da azğınlaşdırdı, həm də fəallaşdırdı. Ermənistanda və Dağlıq Qarabağda öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı qırğınlar başlandı.Yüzlərlə azərbaycanlı qəddarlıqla öldürüldü, diri-diri yandırıldı, bir milyondan çox insan öz doğma yurdundan qaçqın düşdü və məcburi köçkün oldu. Bu, erməni vandalizmi olmaqla Ermənistanın dövlət siyasəti idi.

1988-ci ildən başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri sayıla bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Xatın, Xirosima, Liditse, Sonqmi faciələri ilə bir sırada durur. Nəticədə XX əsrin əvvəllərində Dağlıq Qarabağda və Xocalıda baş verən hadisələr əsrin sonlarında bir daha təkrar olundu.

Xocalıya qədər Qarabağın on bir kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə-yeksan edilmişdi. Belə ki, böyük dövlətlərin və dünya ictimaiyyətinin məsələyə etinasızlığını görən Ermənistanın başladığı işğalçılıq müharibəsinin geniş vüsət aldığı bir dövrdə (1992-ci il fevralın 12-də) Şuşa şəhərinin Malıbəyli və Quşçular kəndlərinin əhalisi erməni quldurlarının həmlələri nəticəsində böyük itki verərək ev-eşiklərini tərk etməyə məcbur olmuşdular. Həmin gün ABŞ-ın dövlət katibi Ceyms Beyker Bakıya səfərə gəlmişdi. İki ölkə arasında rəsmi münasibətlər yaratmaq məqsədilə o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da geniş məlumat aldı. 1992-ci il martın 18-də ABŞ ilə Azərbaycan Respublikası arasında rəsmi diplomatik münasibətlər yaradıldı. Ancaq ABŞ rəsmisi Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində apardığı döyüşlərə ciddi reaksiya vermədi. Bundan bir neçə gün sonra, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi Ermənistan quldurları tərəfindən zirehli texnikanın köməyi ilə işğal olundu.

1992-ci ilin dəhşətli Xocalı faciəsinə qədər Xocalıda 7 min əhali yaşayırdı. Bu şəhərdə 1988-ci il sentyabrın 18-də Xankəndindən, 1988-989-cu ilin noyabrında Ermənistandan çıxarılmış soydaşlarımızla bərabər, 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətindən qovulmuş Ahıska türkləri də məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri keçmiş SSRİ-dən qalma 366-cı motoatıcı polkunun köməyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etdilər. Əsir düşənlər və meyitlər qeyri-insani hərəkətlərlə təhqir edildi. Onların başı və digər bədən üzvləri kəsildi, başlarının dərisi soyuldu, uşaqların gözləri çıxarıldı, hamilə qadınların qarınları yarıldı. Bütün beynəlxalq normalara zidd olaraq erməni silahlı qüvvələri əsirlərə qarşı qeyri-insani rəftar etdilər. İşğalçılar Cenevrə Konvensiyasının bütün maddələrinə zidd olaraq şəhəri tərk etmək istəyən dinc sakinlərin yollarını kəsərək onlara işgəncələr verdilər. Bir sözlə, XX əsrin sonlarında bütün dünyanın gözü qarşısında “əzabkeş” ermənilər dinc sakinlər üzərində tarixdə analoqu olmayan vəhşilik törətdilər.

Fevral ayının 26-sı səhər saat 5-ə qədər şəhər zəbt edilmişdi. Öz ev-eşiklərini tərk etməyə məcbur qalan əhali dağlara, meşələrə, bir çoxu da vahimə içərisində hara gəldi üz tutmuşdu. Şəhərdən çıxan əliyalın əhali silahlı ermənilərin atəşinə tuş gəldi. Qoca, uşaq, cavan ağlasığmaz müsibətlərlə qarşılaşdı. Sonralar şahidlər yazırdılar ki, çarəsiz ana öz qucağında 6 aylıq körpəni boğdu, bir yaşlı körpə döşləri kəsilmiş anasının qanlı döşlərini acından ağlaya-ağlaya əmirdi, qız- gəlinlər əsir düşdülər, girov oldular, həftələrlə meşələrdə onlarla insan acından, soyuqdan tələf oldu.

Erməni silahlı dəstələrinin Xocalını hədəf götürməsini ilk növbədə şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 nəfər əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıda yerləşirdi. Xocalı azərbaycanlıların tarixən məskunlaşdığı qədim yaşayış yerlərindəndir və oradakı qədim (tarixi) abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII yüzillərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son tunc və ilkin dəmir dövrlərinə aid edilən daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin, Xocalı ərazisində memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV yüzil) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən hazırlanmış ev əşyaları və s. tapılmışdır (ərazidən tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Bu, bir faktdır ki, məlum işğaldan sonra həmin ərazilərdəki tarixi abidələrimiz,qədim yaşayış məskənlərimiz ermənilər tərəfindən yerlə-yeksan edilir, və yaxud “restavrasiya” adı altında erməniləşdirilir. Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş rayonlarımızda qədim yaşayış məskənlərimizə, tarixi abidələrimizə qarşı sözün əsl mənasında soyqırım həyata keçirilir.

Xocalı soyqırımı zamanı 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca vəhşicəsinə öldürülmüşdür. 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşağın valideyninin hər ikisi, 130 uşağın valideynlərindən biri qətlə yetirilmişdir. 1275 nəfər əsir və girov götürülmüş, 150 nəfər qız-gəlinin taleyi isə bugünədək naməlum olaraq qalır... Ümumilikdə, həmin gecə 487 nəfər şikəst edilmişdir ki, bunun da 76-sı uşaqlardır.

Ermənilər Xocalı faciəsini işıqlandırmaq üçün Xankəndinə 32 ölkədən 47 jurnalist dəvət etmişdilər. Həmin jurnalistləri Xocalı faciəsinin təşkilatçılarından olan Y. Zarvıqarov təlimatlandırmış, çəkilişlər aparmağa, qeydlər götürməyə şərait yaratmışdır. Dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər ki, “Azərbaycanlılar günahsız erməniləri qırırlar. Ermənilər Xocalı ilə bağlı”Azərbaycanı qan tökməkdə günahlandıran” materialları təkrar-təkrar çap edirdilər. Məsələn, ermənilər “azərbaycanlılar Xocalını yandırıb getdilər” fotoreportajını 49 dəfə dünya mətbuatında çap etdirdilər.

Ermənilər və onların havadarları dünya ictimaiyyətini nə qədər çaşdırmağa çalışsalar da, öz cinayətlərini ört-basdır etməyə nail ola bilmədilər. Necə deyərlər, erməni yalanı ayaq tutsa da, yeriyə bilmədi. Nəhayət, dünya Xocalıda törədilmiş erməni vəhşiliyindən xəbər tutdu. Heç bir günahı olmayan dinc azərbaycanlı sakinlər diri- diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətiriləsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdi. Bütün bunlar lentə alınmış, foto sənədlərə köçürülmüş və dünya ictimaiyyətinə çatdırılmışdır. Bundan sonra nə qədər çalışsalar da, erməni vandalizmini, qəddarlığını və vəhşiliyini beynəlxalq aləmdən heç cür gizlətmək mümkün deyil.

İndiki dövrdə dünya ictimaiyyəti erməni yalanını, erməni təcavüzünü çox yaxşı bilir və bilməyənlər də dərk edir. Təkzib olunmaz sənədlər, dəqiq və düzgün məlumatlar Azərbaycan dövləti, Heydər Əliyev Fondu, tarixçi alimlərimiz, ziyalılarımız və o müdhiş hadisələri öz gözləri ilə görmüş, həmin hadisələrin iştirakçısı olmuş şahidlər tərəfindən dünya ictimaiyyətinə çatdırılıb və bu gün də bu iş davam etdirilir.

Ermənilərin Qarabağda və eləcə də Xocalıda törətdikləri vəhşiliklər barədə təkcə azərbaycanlılar tərəfindən deyil, qeyri xalqların nümayəndələri, xüsusən erməni və rus əsilli jurnalistlər tərəfindən də çox yazılmış və mətbuatda çap edilmişdir. Rus zabiti, polkovnik Vladimir Savelyev Xocalı faciəsi haqqında belə deyir: “Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların - uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə 19 səhifəlik məxfi arayışı həm Kremlə, həm də MN, BKİ-nin generallarına göndərdim. Oxuyun - dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi. Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı polk ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda polkun ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı”.

Davud Xeyriyanın Beyrutun “Əş- Şərq” nəşriyyatında çıxan “Xaç uğrunda” kitabının xeyli hissəsi Xocalı faciəsinə həsr edilmişdir. Xocalıda olan müəllif yazırdı: “Bəzən çaşıb ayaqlarımızı meyitlərin üstünə qoyub keçib gedirdik. Daşbulaq kəndindəki bataqlıqdan keçmək üçün ölənləri sıraya düzüb keçib getməyə başladıq. Mən ayaqlarımı ölənlərin üstünə qoyub getmək istəmədim. Ancaq polkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Müharibənin qanunlarından biri budur. Mən ayaqlarımı sir-sifəti qana bulanmış bir qızın sinəsinə qoydum... Ayaqlarım, fotoaparatım, dizim bütün qan içərisində idi”. Sonra qeyd edir ki, 100 nəfərdən çox türkün meyitini yığıb Xocalının 1 kilometrliyində yandırdılar. “– Sonra mən meyitlər yığılmış maşında 10 yaşında bir qız uşağını gördüm. O alnından və qulaqlarından yara almışdı. Sir-sifəti göyərmişdi. Asta-asta nəfəs alırdı. Özü ilə çarpışan bu qız uşağının gözlərini unuda bilmirəm. Heysiz-hərəkətsiz uzanan bu qızın dırnaqlarından qan süzülürdü. Bu zaman Tiqranyan adlı bir əsgər onu da meyitlərin üstünə atdı. Meyitlərə od vurdular. Mən elə zənn etdim ki, yanan meyitlərin içərisində kimsə qışqırır. İrəli gedə bilmədim...”

Akop Arakilov vaxtilə Rusiyanın Çeboksarı şəhərindəki Sarayev adına hərbi zavodda işləyib. O, özünün 1998-ci ildə Parisdə dərc etdirdiyi “Qarabağ gündəliyi” kitabında yazırdı: “Meyitlərin yandırılması haqqında təssəvürüm yox idi. Mən zavodda işləyərkən yanıma gələnlər danışırdılar ki, Xocalıda qəbiristanlıq yoxdur. Hərbi həkim Mirzoyanın tapşırığı ilə meyitlərin yığılıb yandırılması qərara alındı. Mən sual verdim ki, bəs yaralılar ? Zabit Çebotaryan mənə anlatdı ki, yaralılar öldürülmədən tonqallara atılır. Bundan sonra mən zavodda qala bilmədim. Ermənistanı, erməniləri, Dağlıq Qarabağı bir daha görməmək üçün oranı tərk etdim”.

Fransada çıxan “ Frans katolik-ekklezia ” jurnalında erməni jurnalisti Berain Siraelyan o günlərdə belə yazmışdır: “Xocalını gözlərimlə gördüm. Mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə aparılmasının tərəfdarı deyildim. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqlanmış kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum... Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın... Bu gün ruslar bizimlədir. Bəs sabah ? Biz tənha qala bilərik...”

Bu faktlar çox şeydən xəbər verir. Rusların, fransızların və eləcə də ermənilərin uzaqgörən insanları dərk edirlər ki, xalqımız, gələcək nəsillərimiz heç vaxt ermənilərin Vətənimizdə törətdikləri vəhşilikləri unutmayacaqlar. Ermənilər özlərinə əbədi nifrət hissi yaradıblar. Bu nifrət hissi nəsildən- nəsilə keçərək əbədiləşəcək və onların Xocalıda törətdikləri soyqırımı yaddaşlara əbədi həkk olunacaqdır.

Xocalı faciəsinə ilk siyasi qiyməti 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev vermişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Vətən uğrunda şəhid olanların və soyqırımına məruz qalanların xatirəsinin yad edilməsini və hər il anım mərasimlərinin keçirilməsini daim diqqət mərkəzində saxlayır. Xocalı soyqırımı qurbanlarının 20 - ci ildönümü paytaxtımızda 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilmişdir. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri ümumxalq yürüşündə iştirak etmişlər. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə daha ətraflı məlumat verilməsi məqsədilə bu faciənin 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır.

Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətin yadına salınır. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın da daxil olduğu İslam Konfransı Təşkilatı ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir. Bu təşkilata daxil olan ölkələr Xocalı soyqrımını rəsmi olaraq qəbul etmişlər. Xocalı soyqrımından 22 il ötür. Bu faciənin dünyada soyqrımı kimi tanınmasında və haqq işimizin dünya ictimayyətinə catdırılmasında bütün ictimai- siyasi birliklər, ictimai təşkilatlar, türk-Azərbaycan diaspor təşkilatları, Azərbaycanın və Türkiyənin yaxın dostları bu yolda öz mübarizəsini yorulmadan davam etdirməlidir.

Havva MƏMMƏDOVA,

tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında