Beynəlxalq hüquq müstəvisindən baxış
Etnik azərbaycanlılara qarşı ermənilər tərəfindən XIX-XX əsrlərdən geniş miqyas alan silsilə soyqırımıları ümumi siyasətin tərkib hissəsi olaraq məqsədli plan əsasında həyata keçirilib. Bu siyasətin mahiyyətinə varmaq üçün öncə soyqırımı cinayətinin hüquqi əsasına, anlayış və əlamətlərinə müraciət etmək lazımdır. Ermənistanda aparılan etnik təmizləmə və Xocalı soyqırımı cinayəti 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəza haqqında” Konvensiya, Ruanda, Yuqoslaviya üzrə Tribunalların nizamnamələri və Beynəlxalq Cinayət Məhkəməsinin Statutu əsasında qiymətləndirilməlidir.
Soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə müvafiq qrupun üzvlərinin qətlə yetirilməsi; müvafiq qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi; belə bir qrupun üzvlərinin sağlamlığına ağır zərər yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrupun üzvlərinin zorla köçürülməsidir.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Bu obyektiv əlamət soyqırımı cinayətini digər analoji beynəlxalq cinayətlərdən, məsələn, insanlıq əleyhinə cinayətlərdən, müharibə cinayətlərindən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllər şüurlu və əvvəlcədən düşünülmüş ümumi plan və siyasətin nəticəsi olur. Bu əməllər təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilmir. Soyqırımı cinayətinin əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir. Burada niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfən bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmayıb, bütövlükdə qrupun məhvinə istiqamətlənir. Soyqırımı qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur. Bu, əslində, bir insan qrupunun yaşamaq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkət) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır; niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin tamamilə və ya qismən məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı cinayətinə görə, bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir. Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir. Soyqırımının obyektiv tərəfi olan “məhv etmək” anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.
1. Etnik azərbaycanlılara qarşı soyqırımı siyasəti Azərbaycanın Rusiya tərəfindən işğal edilməsini və Azərbaycan ərazisində erməni icmasının siyasiləşdirilməsini şərtləndirir. Azərbaycan ərazisində erməni siyasi elementlərinin yaradılmasında əsas məqsəd davamlı olaraq Azərbaycanı və Xəzər hövzəsini nəzarətdə saxlamaq istəyi ilə bağlı olmuşdur. Təsadüfü deyildir ki, işğaldan 8 il sonra, 1836-cı ildə çarın 11 mart fərmanı ilə ermənilərin dini-siyasi mərkəzi – Eçmiədzin Patriarxlığı təsis edilir və erməni kilsəsi tədricən Zaqafqaziyada siyasi məsələləri də öz nüfuz dairəsinə keçirməyə başlayır. Eçmiədzin tədricən dini mərkəzdən bu bölgə üçün dövlət idarəsinə, ermənilərin Vatikanına çevrilir. Rusiyanın Qafqazdakı nümayəndəsi qeyd edirdi ki,... Eçmiədzinə süni surətdə dini-siyasi mərkəz statusu verməklə ermənilərin siyasi fəaliyyətinə rəvac verildi. Eçmiədzin Patriarxlığı o qədər güclənir ki, onun təkidi ilə 1868-ci ildə qədim Alban kilsəsi də Peterburq sinodunun göstərişi ilə bağlatdırılır.
Beləliklə, Azərbaycan ərazisində yerli xalqın (azərbaycanlı türk-müsəlman əhalisinin) siyasi (xanlıq), dini idarəçilik institutları erməniləşdirilməyə başlanılır. Bu proses əhalisinin böyük əksəriyyətini türk-müsəlmanlar təşkil edən iri şəhərlərin özünüidarə sistemləri üçün də tətbiq edilir. Şəhər özünüidarəsində ermənilər həmişə xristian azlıq bəhanəsi ilə mandat çoxluğuna malik olurdular.
2. Bu cinayətkar siyasətin mənfi nəticələrə səbəb ola biləcəyini 1876-cı ildə Qafqazda Rusiya dövlətinin canişini Xarici İşlər Nazirliyinə məktubunda yazırdı: “40 illik təcrübəyə əsasən qətiyyətlə demək olar ki, Eçmiədzinə birdəfəlik itirilmiş, siyasi əhəmiyyət kəsb edən statusu vermək cəhdi və ondan (ruslar tərəfindən -K.B.) istifadə etmək nəinki xeyir gətirməyib, əksinə, həmişə ziyanlı olub. Bizim beynimizdə erməni xalqından bizə kömək olacaq ideyasının kök salması bu ziyanlara səbəb olub. Erməni xalqının tarixinə əsasən qətiyyətlə demək olar ki, bu xalq dövlətçilik ideyalarını yaşatmağa heç vaxt qabil olmayıb. Bu semit tayfası həmişə özündə siyasi anarxiyanın cücərtilərini gəzdirib.”
3. Xocalı cinayətinə Azərbaycan xalqının 200 il ərzində erməni şovinistlərinin və onları yönəldən dövlətlərin, o cümlədən Rusiyanın etnik təmizləmə və soyqırımı siyasətinin davamı kimi baxılmalıdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Özünün təcavüzkar siyasətini həyata keçirən Rusiya 1905-ci ildə, 1918-ci ildə Bakıda ermənilərin əli ilə müsəlman (türk) qırğını törətmiş, həmçinin azərbaycanlı türklərin Ermənistan ərazisindən deportasiyasını həyata keçirmişdir. Soyqırımı cinayəti üçün davamlı və planlı deportasiya xarakterikdir. Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində, onlar üçün qeyri-əlverişli iqlim, məişət şəraitində yerləşdirilmişdir. Yalnız 1954-1956-cı illərdə keçirilən deportasiya prosesində yüz mindən çox azərbaycanlı bu təzyiqə məruz qalmışdır. Onların hər üç nəfərindən biri yeni şəraitə uyğunlaşa bilmədiyi üçün aclıq və xəstəlikdən həlak olmuşdur. Köçürülən azərbaycanlı əhalinin tarixi torpaqlarında isə İrandan və digər xarici ölkələrdən gətirilən ermənilər yerləşdirilmişdir. Nəhayət, 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da bir xalq özünün təbii mühitindən (kökündən) birdəfəlik ayrılmışdır.
4. Cinayət tərkibi təkcə soyqırımı aktının törədilməsi deyil, həm də soyqırımı törədilməsi məqsədilə sui-qəsd, soyqırımının törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, qəsd və bu cinayətdə iştirakdır. Etnik azərbaycanlılara qarşı Rusiya tərəfindən həyata keçirilən etnik təmizləmənin son nümunəsi keçmiş sovetlərdən qalma 366-cı alayın birbaşa iştirakı ilə Xocalı şəhərində baş vermişdir. 1992-ci il fevral aynın 25-də erməni hərbi birləşmələri və 366-cı alay Xocalı şəhərinə hücum etmiş, uzun müddət mühasirədə saxlanılmış şəhər ələ keçirildikdən sonra dinc əhaliyə divan tutmuşdur. Şəhərdəki qətillərlə kifayətlənməyən Ermənistanın və 366-cı alayın hərbi qüvvələri şəhərdən qaçmağa müvəffəq olmuş bir qisim dinc əhalini fevralın 26-da Xocalıdan 6-7 kilometr aralıda, Qaraqayada meşədən çıxarkən gülləbaran etmişlər. Digər qisim qaçqınlar da Abdal-Gülablı kəndinə getmək istiqamətində mühasirəyə alınaraq qətlə yetirilmişdir. Qətliamin törədilmə vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırımı kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini – nifrəti üzə çıxarmaq tələb olunur.
Bu cinayətə qərəzlilik və qəddarlıq xasdır. Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyitinin ilkin ekspertizası zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Ekspertlərin rəyinə görə, onların əksəriyyəti çox yaxın məsafədən güllələnmişdi. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması və digər qəddarlıq faktların da qeydə almışdır. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Xocalıda xilas olmağa can atan mülki əhalinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması ilə öldürülməsi formalaşmış qərəzi və soyqırımı niyyətini sübut edir. Etnik azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş cinayətkar əməllər və öldürülmüş şəxslərin cinsiyyət orqanlarının təhqir edilməsi, hamilə qadınların qarınlarının deşilməsi və digər bu yönümlü hərəkətlər etnik qrupun kökünün kəsilməsi niyyəti ilə əlaqəlidir. Xocalı cinayətində hərbi birləşmələrə bilavasitə rəhbərlik edən, Ermənistanın hazırki prezidenti Serj Sarkisyan xarici jurnalistlə müsahibəsində həyata keçirdikləri soyqırımı və vəhşilik faktnı təsdiqləyərək demişdir: “Xocalıya qədər azərbaycanlılar elə fikirləşirdilər ki, bizimlə zarafat etmək olar. Onlar elə fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi dağıda bildik. Bu, baş verdi.”. İnsanlıqda yeri olmayan bu məxluq özünün etnik-dini nifrətini açıqca ifadə edir və bu nifrətdən doğan vəhşiliyi ilə qürur duyur.
5. Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq edilir və bu cinayətdə əmrin icrasına istinad etmək şəxsləri məsuliyyətdən azad etmir. Rəhbərlər soyqırımı cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır. Soyqırımı cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir. Yerli əhalinin özünün yaşayış mühitindən məcburən köçürülməsi və digər ifadə etdiyimiz əməllər müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə müddətin keçməsinin tətbiq edilməməsi haqqında Konvensiyaya (1968) uyğun olaraq iddia müddəti tətbiq edilməyən beynəlxalq cinayətlərdəndir. Soyqırımı cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edilən ölkəyə verilməlidirlər.
6. Soyqırımını dövlət siyasətinə çevirmiş Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətə cəlb olunmasına gəlincə, hazırda Azərbaycan Respublikası daha tərəfsiz beynəlxalq mexanizm kimi BMT Beynəlxalq Məhkəməsinə müraciət edə bilər. Beynəlxalq Məhkəmənin Statusuna (mad.36.2) görə məhkəmənin yurisdiksiyasına: “...beynəlxalq hüququn istənilən məsələsi; ... beynəlxalq öhdəliyin pozulmasına gətirib çıxaran faktın mövcudluğunun müəyyən edilməsi;... beynəlxalq öhdəliyin pozulmasına görə dəymiş zərərin xarakterinin və həcminin müəyyən edilməsi daxildir.”
Qəbul edilməsi ehtimal edilən qərarın hüquqi əhəmiyyətini (məsələn, konkret şəxslərin fərdi cinayət təqibi üzrə müxtəlif tədbirlərin təşviq edilməsini) bir kənara qoysaq, onun ən azı siyasi dəyəri sülhün və təhlükəsizliyin gələcək təminatı baxımından əhəmiyyətli olardı.
Kamran BEHBUDOV,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı, Azərbaycan Diplomatik Akademiyasının baş müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.