XOCALI SOYQIRIMI – bəşəriyyətə qarşı tarixi cinayət

 

 

 

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi

daxil olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin Xocalı soyqırımının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində deyilirdi: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Belə ki, onlar təkcə azərbaycanlı olduqları üçün yaşadıqları tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovet dövründə daha intensiv şəkil almışdır. 1948-1953-cü illərdə Ermənistandan 150 mindən çox azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.

1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən dənizə Böyük Ermənistan” adlı sərsəm niyyətlərini reallaşdırmaq cəhdi yüzlərlə kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək istəyir, bu yolda dəhşətli cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirirdi. XX əsrin ən müdhiş faciəsi sayılan Xocalı soyqırımı bu aqressivliyin və cinayətkar erməni siyasətinin bariz nümunəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı iyirminci əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində sırf azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi güdürdü. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycanın ən qədim dövrlərindən indiyə qədər tarixi və mədəni ənənələrini özündə əks etdirirdi. Bu zəngin mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. 1992-ci il 26 fevral işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texniki vasitələrlə darmadağın olunması erməni vandalizminin bariz nümunəsi kimi həm də dünya mədəniyyətinə qarşı bir zorakılıq aktıdır.

1992-ci il fevralın 26-da Ermənistanın hərbi birləşmələri Dağlıq Qarabağdakı Rusiya Federasiyasına məxsus 366-cı moto-atıcı alayın yaxından köməyi ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənilərin hücumu zamanı burada yalnız 3 minə yaxın sakin qalmışdı. Bundan əvvəl mühasirədə olduğu dörd  aydan artıq bir vaxtda əhalinin xeyli hissəsini şəhərdən çıxarmaq mümkün olmuşdu. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. Öldürülənlərin 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130-u isə valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indiyədək məlum deyil.

Xocalı faciəsi erməni quldurları və onların havadarları tərəfindən xüsusi amansızlıqla,  ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Azərbaycanlılara qarşı törədilmiş bu qətliamda Seyran Ohanyanın komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi  Valeri Çitçyan, alayda xidmət edən 50-dən artıq erməni zabiti və praporşiki xüsusi amansızlıq nümayiş etdirmişlər.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən hazırlanmış pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdam rayonuna Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmişdir. Həmin meyitlərin bir çoxunun təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə öldürülmüşdür. Hüquq-Müdafiə Mərkəzi canlı  adamların baş dərisinin ermənilər tərəfindən soyulması faktını da qeydə almışdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni quldurlarının tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini demədiyi üçün diri-diri yandırılmışdır. Xocalı sakini Səriyyə Talıbova isə deyirdi ki, “4 mesxeti türkünün və 3 azərbaycanlının başını erməni qəbirinin üzərində kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.

Ermənilər sağ qalaraq əsir götürülmüş azərbaycanlıların üzərində təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın bəzilərinin başının dərisi soyulmuş, digərlərinin başları və bədəninin müxtəlif orqanları kəsilmiş, uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı yarılmışdı. Xocalının işğalı zamanı istifadəsi qadağan olunmuş 5,45 kalibrli güllələrdən və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Cenevrə Konvensiyasının protokollarına zidd hərəkətlərdir. Ermənilər bunu bilə-bilə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımında heç nədən çəkinmədən istifadə etmişlər.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi hadisə yerində olan rus, gürcü, ingilis, fransız, alman, amerikalı jurnalistləri və digər ölkələrin vətəndaşı olan publisistləri dəhşətə gətirmişdir.

Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına ünvanladıqları müraciətdə deyilir: “Artıq neçə illərdir ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər”.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, bunların yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq  Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar–Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçaryan və digərləri Xocalı soyqırımının əsas günahkarları kimi Beynəlxalq Məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi siyasi-hüquqi qiymət verməlidirlər.

Telman ƏLİYEV,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında