Romada Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

 

 

Martın 4-də İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin təşkilatçılığı ilə Romanın “Tempio di Adriano” sarayında “Münaqişələr zamanı insan hüquqlarının pozulması: Xocalı qətliamı – Qafqazda Srebrenitsa” adlı beynəlxalq konfrans keçirilmişdir.

 Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən AzərTAc-a verilən məlumatda bildirilir ki, konfransı İtaliyanın Sapienza Universitetinin beynəlxalq inkişaf və əməkdaşlıq üzrə prorektoru professor Antonello Biacini açmışdır. A.Biacini çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmış, Xocalı və Srebrenitsanın oxşar və fərqli cəhətlərini qeyd etmişdir. 

 Sonra Sapienza Universitetinin beynəlxalq hüquq üzrə professoru Sercio Markizio münaqişələr zamanı insan hüquqlarının pozulmasına görə məsuliyyətin təyin edilməsi üçün Xocalı qətliamı haqqında beynəlxalq ictimaiyyətə məlumatın çatdırılmasının vacibliyini vurğulamışdır. S.Markizio bildirmişdir ki, Xocalı qətliamının Srebrenitsa ilə müqayisədə əsas fərqi hüquqi nöqteyi-nəzərdən beynəlxalq ictimaiyyət tərəfindən indiyədək heç bir addımın atılmamasıdır.

Daha sonra Almaniyanın “Freedom Rights Project” təşkilatının aparıcı mütəxəssisi professor Aaron Rods qaçqın və məcburi köçkünlər haqqında danışaraq bir neçə dəfə Azərbaycanda olmasını, qaçqın düşərgələrinə səfərlərini və orada yaşayanların ağır vəziyyətini xatırlamışdır. A.Rods Xocalı qətliamı ilə bağlı ədalətin bərpa olunmasının vacibliyini və beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirəcəyinə inandığını bildirmişdir.

İnsan hüquqları və beynəlxalq humanitar hüquq üzrə Azərbaycan mütəxəssisi Azad Cəfərli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq münaqişələr zamanı insan hüquqlarının pozulmasında təqsirli olanların məhkəmə mühakiməsi yolu ilə cəzalandırılmasının vacibliyini  diqqətə çatdırmışdır. A.Cəfərli Xocalı soyqırımına ədalətin bərpa olunması üçün fərdi məsuliyyətin təyin edilməsi məsələsini qeyd etmişdir.

Sonda İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo müzakirələri yekunlaşdıraraq Xocalı qətliamına dair ədalətin bərpa olunmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində mühüm rol oynayacağını bildirmişdir.

Tədbirin sonunda auditoriyanın çoxsaylı sualları cavablandırılmış və mövzu ilə əlaqədar müzakirələr aparılmışdır.

Konfransda İtaliyanın nüfuzlu ali təhsil ocaqlarının, dövlət və ictimai təşkilatlarının, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun  nümayəndələri iştirak etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında