Erməni vandalizmi və XOCALI SOYQIRIMININ sağalmaz yaraları

 

 

 

Ona görə erməni cəlladlarının törətdikləri Xocalı soyqırımında təsadüfən sağ qalıb yarımcan olmuş xocalılar adından dünyaya haray çəkirəm, beynəlxalq təşkilatlara müraciət edirəm ki, erməni vandallarını dayandırsınlar, heç olmasa, onları bu hərəkətlərinə görə cəzalandırsınlar. Minilliklərdən bəri naxış-naxış yaradılmış və bütün bəşəriyyətin malı olan Xocalı, Xankəndi, Ağdərə, Xocavənd, Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam və Şuşadakı tarixi gözəllikləri, elm, mədəniyyət, incəsənət məbədlərini məhv etdiklərinə görə günahkarlar cəzalandırılsın.

Mən bu yaxınlarda (16 fevral 2013) İctimai televiziyada Türkiyə və Krım tatarları ilə keçirilən telekörpünün ikinci hissəsində bu yazdıqlarımın anonsu kimi xocalılar adından “SOS” harayı ilə çıxış edərək beynəlxalq aləmə səsləndim. Bu haray tək mənim yox bütün xocalıların, bütün Qarabağın, bütün Azərbaycanın harayıdır. Telekörpünün birinci hissəsində millət vəkillərindən, professor Nizami Cəfərov, Mübariz Qurbanlı, ikinci hissəsində Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev, Milli Məclisin deputatı Rasim Musabəyov, Dağlıq Qarabağın Azərbaycan İcmasının əlaqələndiricisi Orxan Əkbərov və başqaları çıxış etdilər. Mən onlardan da xahiş edirəm ki, imkanları daxilində  internet saytlarına girib şəkillər əldə etsinlər və erməni vandallarının Xocalı aeroportu ətrafındakı qədim kurqanların, qəbiristanlıqların, digər tarixi abidələrin başına gətirdikləri vəhşilikləri dünyaya çatdırsınlar. Mənim və digər xocalıların imkanları bu cəhətdən çox məhduddur.

1988-ci il fevralın 12 və 13-də Xankəndidə ermənilər “Miatsum” mitinqlərini başlayanda Dağlıq Qarabağda yaşayan azərbaycanlılar, o cümlədən də xocalılar vəziyyətin çox ciddi olduğunu hiss etsələr də torpaqların daşnak quldurları tərəfindən işğal olunacağını heç ağıllarına belə gətirmirdilər, ona görə də bu mintiqlərə hərə bir cür münasibət bəsləyirdi. Kimisi bunun ötəri bir hal olduğunu zənn edir, kimisi bunu separatçı hal kimi dəyərləndirib qarşısının tezliklə alınacağını güman edir, kimisi də ermənilərə arxa duran sovet hökumətini köməyə çağırırdı. Belələri həm Bakıya, həm də Moskvaya bu separatçılığın qarşısının alınması üçün dövlət tərəfindən tədbirlər görülməsini tələb edirdi və elə bilirdilər ki, Moskva buna reaksiya verəcək. O, zamankı Bakı, respublika rəhbərliyi Moskvanın əmrləri ilə hərəkət etdiyindən susur, Moskva, SSRİ rəhbərliyi isə ermənilərə həmfikir, onlarla əlbir olduğuna görə Xocalının, Xankəndinin, Şuşanın, Dağlıq Qarabağ azərbaycanlılarının harayına ironiya ilə yanaşırdı.

Xankəndidə başlayan mitinqlərin alovu Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı əhalini ayağa qaldırsa da onlar çarəsizlik məngənəsində boğularaq yuxarılara xəbərdarlıq məlumatları, “Krunk” təşkilatı rəhbərlərinin adlarını göndərməkdən başqa əməli bir tədbir görmək  iqtidarında deyildilər.

Xankəndidə mitinqlərin başlanılmasına ilk siqnal isə 1987-ci il noyabrın 18-də akademik Aqanbekyanın Fransada “Humanite” qəzetinə verdiyi müsahibədəki məlumat olmuşdu. O, demişdi ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında M.Qorbaçovun razılığını alıb və bu, baş tutacaq. Niyə məhz qeyd olunan tarix? Çünki həmin tarix ərəfəsində ermənilərin ən çox qorxduqları və çəkindikləri bir şəxsiyyət artıq Moskvada tutduğu yüksək vəzifədən kənarlaşdırılmışdı. Bu, ümummilli liderimiz Heydər Əliyev idi. Heydər Əliyev fenomenindən Mixail Qorbaçov da ehtiyatlanır, onu hiyləgər fəndlərlə aradan götürməyə çalışırdı. Ermənilərin fəallaşması ulu öndər Heydər Əliyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra başlandı. Yalnız ulu öndərin istefasından sonra ermənilərin fəallığı artdı. Bundan sonra daşnaklar həm Ermənistanda, həm də Dağlıq Qarabağda işğalçılıq siyasətinin icrasına, fasiləsiz mitinqlərə başladılar. Bu mitinqlərin də planı, proqramı Moskvada və Yerevanda hazırlanmışdı. Xankəndidə başlanan mitinqlərlə  paralel istiqamətdə Ermənistanda azərbaycanlıların etnik təmizlənməsi işləri böyük sürətlə aparılırdı. Hər gün Ermənistandan ağır xəbərlər gəlirdi. Erməni quldur dəstələri azərbaycanlıların evlərini dağıdır, məcburən Ermənistanı tərk etdirir, dəhşətli qırğınlar törətməkdən də çəkinmirdilər. Qukarkda, Spitakda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə SSRİ rəhbərliyi göz yumurdu.  Azərbaycanlı uşaqları, qadınları, qocaları borulara doldurub, borunun hər iki ucunu qaynaq edib onları diri-diri  boğub öldürürdülər. Ermənilər heç bir cəza almadıqlarını görüb daha da ürəklənirdilər. Belə vəhşiliklər Baqanis- Ayrımda da, Dağlıq Qarabağda da davam etdirilirdi.

1988-ci ilin fevral ayının 22-də Ağdamdan olan 2 azərbaycanlı gənc - Əli və Bəxtiyar Əsgəran yaxınlığında silahlı ermənilər tərəfindən qətlə yetirildi. Fevralın 28-də isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əli ilə və Qriqoryan soyadlı erməninin bilavasitə iştirakı ilə Sumqayıt hadisəsi törədildi. Sumqayıt hadisəsi hələ törədilməmiş ermənilər Xankəndidə artıq orada “ölənlərin xatirəsinə” həsr olunmuş abidəni yonub hazırlamışdılar və vilayət xəstəxanasının qarşısında elə həmin gün abidənin açılışını elədilər. Bununla ermənilər və onların Moskvadakı havadarları   azərbaycanlıları dünya ictimaiyyətinə “vəhşi” obrazında təqdim etmək  istəyirdilər, ancaq Qriqoryan faktı üzə çıxandan sonra quldurlar tələyə özləri düşdülər. Sumqayıt hadisəsini əlində bayraq edən ermənilər Xankəndidəki azərbaycanlıları kütləvi surətdə işdən qovur, küçələrə çıxmağa, çörək almağa belə imkan vermirdilər. Lakin bütün bu hədələrə baxmayaraq, 1988-ci ilin may bayramında Xankəndidəki Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin azərbaycanlı müəllimləri şagirdlərlə birlikdə nümayişə çıxmışdılar və başları üzərinə Azərbaycan bayrağını qaldırmışdılar. Ermənilər bayrağı onların əllərindən almağa cəhd etsələr də şagirdlər onu bədənləri ilə qoruyub buna imkan verməmişdilər.

1988-ci ildə azğınlaşan ermənilər azərbaycanlıların Ermənistandan zorla qovulma mərhələsini başa çatdırdıqdan sonra növbəti etnik təmizləmə dalğasını Dağlıq Qarabağa keçirdilər. Ermənilər Dağlıq Qarabağda da hamını birdən-birə yox, mərhələlərlə, tədricən, kiçik yaşayış məntəqələrindən böyüyə doğru, yəni “sadədən mürəkkəbə doğru” taktikasını işə saldılar. Volskinin Dağlıq Qarabağa gəlişi bu məsələni daha da asanlaşdırdı.

1988-ci il sentyabrın 18-də Xocalıya ilk çoxsaylı hücum oldu. Xankəndidə keçirilən növbəti mitinqdən sonra minlərlə mitinqçi qərar qəbul etdi ki, buradan birbaşa Xocalıya yürüş etsinlər, evlərə od vurub yandırsınlar, xocalıları Xocalıdan qovub çıxarsınlar. Buna qədər onlar artıq Meşəlidə, Cəmillidə və başqa kəndlərdə bu əməliyyatı aparmışdılar. Xocalıda isə bundan heç kimin xəbəri yox idi. Xocalıda həmin gün el-oba iki gəncin toy məclisinə yığışmışdı. Toyun qızğın çağında xocalıların tanımadıqları bir azərbaycanlı toy mağarına girib həyəcanla dedi ki, ermənilərdən ibarət böyük bir insan seli iri KAMAZ maşınlarının arxasınca Xocalıya yaxınlaşır. O dedi ki, Ağdamdan Şuşaya getmək istəyirmiş. Yolda daşla onun maşınının şüşələrini sındırıblar, bir təhər geriyə dönüb canını ermənilərin əlindən qurtara bilib.

Fikirləşməyə, tədbir görməyə vaxt yox idi. İlk növbədə gəlini və qızları, qadınları qonşu kəndə apara bildilər. Gülarə ana qızının uzun hörüklərini kəsib ona kişi paltarı geyindirmişdi ki, ələ keçməsin. Düşmən Həsənabadla aeroportun arasındakı asfalt maşın yolu ilə Xocalıya yaxınlaşırdı. Silahsız xocalıların cavanlarının əllərində ağac çomaqlardan, yabalardan başqa heç nə yox idi. Xocalının qonşu bölgələrinin oğlanları da köməyə gəlmişdilər. Onlara indi dünyasını dəyişmiş mərhum Yavər Əzimov başçılıq edirdi.

Xocalının ümumi əhalisindən qat-qat çox olan minlərlə mitinq iştirakçısı kuzası soyuq silahlarla  dolu olan nəhəng KAMAZ maşınlarının arxasınca irəliləyirdi. Ermənilər kəndin girəcəyindəki evlərə benzin töküb od vurdular. Yavər Əzimov ölümünü fikirləşmədən  KAMAZ-lardan  birinin üstünə atılıb bir anın içərisində cəld hərəkətlə maşının qapısını açdı və sürücünü  yerə saldı. Sonra təkbaşına digər, maşını da zərərsizləşdirdi. Kəndin içində əlbəyaxa döyüş başlandı. Yanan evlərin tüstüsü kəndi bürümüşdü. Köməksiz insanların qışqırtısı, naləsi ərşə qalxırdı. Kənd sakinləri mərdliklə vuruşub qəfil hücumun qarşısını ala bildilər. Aleksandr Motrosov kimi sinəsini qabağa verib ən böyük təhlükə mənbəyi olan KAMAZ-ları idarə edənləri zərərləşdirən və öz cəsarətli hərəkətilə nümunə göstərən Yavər Əzimov həmin döyüşdən təsadüfən salamat çıxdı, əsl qəhrəmana layiq şücaət göstərdi. Xocalılar həmin gün Azərbaycana şərəf gətirən bir qələbə əzmi nümayiş etdirdilər. Ermənilər 70 nəfərdən artıq erməni yaralısını özləri ilə gətirdikləri təcili yardım maşınlarına doldurub gəldikləri yolla geriyə qaçmağa məcbur oldular. Bu xocalıların qəhrəmanlıq salnaməsi idi və tarixə düşəsi bir hünərdir.

Həmin günün səhərisi rus əsgər və zabitləri Xocalıya gəlib hücumu təşkil edənlərin əvəzinə hücuma məruz qalanları tutub həbs elədilər, həbsxanada onlara işgəncələr verildi. Rus zabitləri istəsəydilər ermənilərin qarşısını elə Xankəndidə kəsər, heç onların 12 kilometrlik bir məsafəni  gəlib Xocalıya çatmalarına imkan verməzdilər. Lakin onlar bunu etmədilər, əksinə özləri şərait yaratdılar ki, ermənilər Xocalıya hücum edib kəndi talan etsinlər, viranəyə çevirsinlər. Təkbətək döyüşdə az sayda olan türkün çoxsaylı erməniyə qalib gəldiyini görən rusların özləri də çaş-baş qalmışdılar və gözlərinə inanmırdılar ki, xocalılar bu qədər erməninin qarşısını ala bilərlər.

Bundan sonra ermənilər soyqırımına qədər daha bir neçə dəfə Xocalıya həmlələr etmiş, onları dədə-baba yurdlarından qovmağa cəhd göstərmişdilər. Dəyanətli xocalılar torpaqdan güc alaraq yerlərində möhkəm dayanmışdılar və artıq erməniyə sübut etmişdilər ki, onları hürkütməklə qaçırmaq mümkün deyil.

1989-1991-ci illərdə ermənilər Xocalını və  azərbaycanlılar yaşayan digər yaşayış məntəqələrini toplardan, “Qrad” qurğularından açılan mərmilərlə sınağa çəkdilər. Xocalıda Lətif kişinin oğlu elə öz evinin qapısı ağzında erməni mərmisinin qurbanı oldu. Xocalıdan Ağdama getmək istəyən 5 nəfər qadın, uşaq Əsgəranda maşının içində öldürüldü.

Evimizin yanında partlayan raket evin pəncərə tərəfini uçuranda beyninə qan sızan atam bir neçə gündən sonra şəhid oldu və yalnız onda inandı ki, sovet hökuməti ermənilərin qarşısını almaq istəmir. Mitinqlər təzə başlayanda isə atam sadəlöhvlüklə deyirdi ki, “Ermənilər heç nə edə bilməzlər. Sovet hökuməti heç vaxt buna yol verməz!”. O, bunu 1935-ci ildən Kommunist Partiyasının üzvü kimi inamla deyirdi və bu inam da heç oldu.

1991-ci ildə mən Azərbaycan Tibb Universitetinin Qarabağdan olan 40-a yaxın tələbəsi ilə birlikdə Şuşada, Xocalıda, Malıbəylidə, Quşçularda, Qaybalıda oldum. Vəziyyətin təhlükəli məqama çatdığı aydın hiss olunurdu. Əvvəllər qorxa-qorxa ehtiyatla mitinqə çıxan ermənilər indi daha aqressiv görünürdülər. Dağlıq Qarabağda olan azərbaycanlılar tamam köməksiz qalmışdılar. Azərbaycana rəhbərlik edənlərin zəifliyi, səriştəsizliyi, Moskvanın təsiri altından çıxa bilməmələri aydın görünürdü. Azərbaycan KP MK-nın ovaxtkı birinci katibi Kamran Bağırov Xankəndiyə gələndə ermənilər onunla çox qaba rəftar etmişdilər, hətta onu təhqir etmişdilər. O vaxt Dağlıq Qarabağa xeyli azərbaycanlı polis işçisi gətirilmişdi və onlar deyirdilər ki, Azərbaycan rəhbərliyi bizə imkan vermir, əgər imkan versələr münaqişəni bir günün içində həll edə bilərik.

Xocalı 1988-ci ilin fevral ayından ermənilər tərəfindən mühasirəyə alınaraq blokada vəziyyətinə salındı. Xankəndidə, Meşəlidə, Kərkicahanda, Qaybalıda, Daşbulaqda  evləri yandırılmış, var-dövləti talan edilib əllərindən alınmış azərbaycanlıların ölümün pəncəsindən salamat çıxan hissəsi Xocalıya pənah gətirmişdi.  Axıska türklərindən, həmçinin Ermənistandan zorla qovulmuş bir neçə ailə Xocalıda məskunlaşmışdı.

1991-ci ilin noyabr ayında artıq Xocalıya gediş-gəliş tamamilə kəsilmişdi. Hərdən bir yalnız vertolyot uçuşları olurdu. 1992-ci ilin əvvəllərindən artıq vertolyotla da əlaqə saxlamaq mümkünsüz oldu.

Faciə ərəfəsində xocalıların ərzaq ehtiyatı tamam tükənmiş, ümid yalnız Allaha qalmışdı. Əvvəlcədən planlı şəkildə aparılan tədbirlər nəticəsində ermənilərin satın aldıqları Mixail Qorbaçovun əmri ilə rus əsgərləri azərbaycanlı əhalidə olan ov tüfənglərini də əllərindən almışdılar.

Silahsız, ərzaqsız, köməksiz qalan Xocalı 1941-1945-ci illərdə İkinci dünya müharibəsi dövründəki Leninqrad (Sankt-Peterburq) blokadasından da ağır bir vəziyyətə düşmüşdü. Lakin vətənsevər xocalılar ümidlərini itirmirdilər, torpaqlarını qorumaq üçün çıxış yolları axtarırdılar. Onları yaşadan torpaq sevgisi, doğma torpağa bağlılıq idi.

Dörd illik blokada zamanı dövlət tərəfindən heç bir dəstək almayan Xocalının köməyinə ayrı-ayrı həkimlərdən başqa gələn olmadı. Xocalılar şəhidliklə razılaşıb son nəfəslərinə, soyqırımı gününə qədər bir yerdə oldular. Xocalıların hamısı qəhrəman adına layiq idi.  Xocalının özü isə qəhrəman şəhər adına layiqdir. O, 4 ildən artıq bir müddətdə torpağını erməni yağılarından nə qədər gücü-qüvvəsi var idisə, o qədər qorudu. Şəhid olanda da Vətən uğrunda, torpaq uğrunda şəhid oldu. Xocalıda şəhid olanlardan Əlif Hacıyev, Araz Səlimov, Aqil Əliyev, Tofiq Hüseynov, Ələsgər Novruzov, Füzuli Rüstəmov, İnqilab İsmayılov, Hikmət Nəzərli Milli Qəhrəman adına layiq görüldülər. Hazırda Şuşa polis idarəsi şöbəsinin əməkdaşı olan Milli Qəhrəman Mövsüm Şahin oğlu Məmmədov (Xocalı rayonu Kosalar kəndi) Vətənə xidmətini şərəflə davam etdirir. Bunların sayı çox da ola bilərdi, xüsusilə də hamı Xocalı toxuculuq fabrikinin direktoru Yavər Əzimovun adını bu sırada görmək istəyirdi. Onun təkcə 1988-ci il sentyabrın 18-də həyatını təhlükəyə ataraq Vətən uğrunda göstərdiyi şücaət, ağlasığmaz igidlik buna kifayət edirdi.

Xocalı soyqırımından sonra Y.Əzimov bir müddət Xocalı icra başçısı nümayəndəsi vəzifəsində çalışdı. Xocalıda aldığı sarsıntılardən zədələnmiş ürəyinin döyüntüsü  2011-ci il may ayının 17-də iş başında dayandı. Xocalılar onun adını daim əziz tuturlar və bu adın böyüklüyü illər ötdükcə daha möhtəşəm görünəcək, Xocalı adının böyüklüyü ilə birgə çəkiləcək, heç vaxt unudulmayacaq, ölməzlik simvoluna çevriləcəkdir.

Mübariz ALLAHVERDİYEV,
Xocalı sakini, Azərbaycan Tibb Universitetinin
insan anatomiyası kafedrasının professoru,
əməkdar müəllim

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında