Ermənilər istifadəyə vermək istədikləri Xocalı aeroportunun sahəsini yeni eradan əvvəlki minilliklərə aid olan kurqanları və tarixi abidələrlə zəngin Xocali qəbristanlıqlarını məhv etmək hesabina genişləndiriblər. Xocalı soyqırımında dişləri Azərbaycan türkünün qanına batmış ermənilər silahsız dinc əhalini qırdıqdan sonra indi də onun tarixi abidələrini soyqırımına məruz qoyurlar.
Xocalı aeroportunun ermənilər tərəfindən yenidən qurulması, sahəsinin genişləndirilməsi xəbəri xocalılara Xocalı soyqırımı qədər dəhşətli və amansız bir bəd xəbər şoku yaşatdı. Xocalı aeroportunda erməni qəsbkarları gözlərimiz görə-görə, qulaqlarımız eşidə-eşidə Xocalı soyqırımı qədər ağır olan və bütün bəşəriyyətə qarşı çevrilən, misli bərabəri olmayan daha bir vandalizm aktını yerinə yetiriblər.
Xocalı aeroportu kiçik təyyarələrin uçuşu üçün nəzərdə tutulmuş məhdud bir sahədə yerləşirdi və oranı yaxınlıqdakı tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət inciləri olan qədim kurqanları, qəbiristanlığı, eləcə də bütöv bir kəndi - yaşayış məntəqəsini uçurub dağıtmadan genişləndirmək mümkün deyildi. Çünki o sahənin yaxınlığında tarixi baxımdan yeni eradan əvvəlki minilliyə aid edilən, hələ SSRİ dövründə bəşər tarixinin qədim mədəniyyət incisi kimi, qoruq sahəsi kimi dövlət tərəfindən rəsmi qaydada mühafizə olunan bir sahə idi. Bu sahədə təyyarələrin enmə zolağına paralel istiqamətdə yerləşən və tarixi abidə kimi qorunan 21 qədim kurqan var idi. Kurqanlar zolağından da bayır tərəfdə qədim qəbiristanlıq zolağı və möhtəşəm bir abidə – Qülləli kümbəz yerləşirdi. SSRİ dövründə – XX əsrin 60-cı illərində Moskvadan gəlmiş alimlərdən ibarət arxeoloji qazıntılar aparan ekspedisiyanın tərkibindəki insanlar bu sahədə, aeroportun yuxarı tərəfində yerləşən möcüzəli “Dik daş” və onun ətrafındakı qədim qəbiristanlıqda qazıntı işləri apardılar. “Dik daş” yerüstü hissəsinin hündürlüyü 5-6, eni 2-3 metrə yaxın, qalın sal daş idi. Arxeoloqlar deyirdilər ki, “Dik daş” abidəsinin yeraltı hissəsi daha böyükdür. Arxeoloqlar sovet dövründə qazıntı işlərini yalnız hələlik onun həndəvərində aparmışdılar. Onlar “Dik daş”dan və aeroportdan cənub-qərb tərəfdə yerləşən kurqanlardan da birinin ətrafında sınaq qazıntıları apararaq, əsas tədqiqatları sonraya saxladıqlarını bildirmişdilər. Oradan külli miqdarda Xocalı-Gədəbəy mədəniyyəti nümunələrini, türkçülük nişanələrini təsdiqləyən təkzibedilməz sübutlar əldə etdilər və digər kurqanlarda qazıntı işlərinin aparılmasına və onlara toxunulmasına qadağa qoydular. Yəqin ki, onlar burada erməni izi tapmaq istəyirmişlər, tutarlı türk mədəniyyəti nümunələrini görəndən və erməniyə aid heç nə tapmadıqdan sonra qalan işləri təxirə salmağı lazım bildilər. Sonralar bildik ki, nəinki Xocalıya, Azərbaycana, eləcə də bütövlükdə bəşər sivilizasiyasına aid qədim insan məskəni olan bu sahə böyük bir tarixin - qədim türk tarixinin sirlərini özündə gizlədir. Keçən əsrin 60-cı illərindən də əvvəl bir neçə dəfə müxtəlif millətlərin nümayəndələrindən ibarət ekspedisiya qrupları Xocalıda arxeoloji qazıntı işləri aparıb çoxlu miqdarda qədim zinət və məişət əşyaları, daş, tunc, mis dövrlərinə aid əşyalar, ovçuluq ləvazimatları, üzərində Assuriya çarının şəkli həkk olunmuş və onun dövrünə aid edilən sikkələr, muncuqlar tapılmışdı.
Burada aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən bu tarixi incilər bir sıra dünya muzeylərinin bəzəyinə çevrilmişdi.
Mən 1972-1973-cü illərdə Sankt-Peterburqda Meçnikov adına Sanitariya-Gigiyena İnstitutunun müalicə-profilaktika fakültəsində və Hərbi Tibb Akademiyasında kursda təhsil alarkən ilk növbədə Sankt-Peterburqdakı məşhur “Ermitaj” muzeyini görmək istədim. Oradakı otaqlardan birində Azərbaycan SSR-in Xocalı guşəsinə aid lövhə olduğunı görəndə dərin iftixar hissi keçirdim. Lövhə olan guşədə Xocalıda qazıntılar zamanı əldə edilmiş qədim mədəniyyət inciləri yerləşdirilmişdi. Yanımdakı rus həmkarlarıma da fəxrlə göstərdim ki, Xocalı mənim, Azərbaycanımın kəndidir. Lakin 10 il sonra mən yenidən “Ermitaj”da olanda artıq o guşəni tapa bilmədim. Onun yerində Ermənistan SSR sözləri yazılmış lövhə asılmışdı. Orada muzey işçisi olan qadından soruşdum ki, bunu niyə dəyişdirmisiniz. 10 il əvvəl burada “Azərbaycan SSR, Xocalı kəndi” sözləri yazılmış guşə var idi. Qadın dedi ki, “Biz balaca adamlarıq. Onu ”Ermitaj"ın direktoru dəyişdirib". Bəli, bu da acı bir həqiqətdir! Ermənilər tək “Ermitaj”da yox, dünyanın bütün muzeylərində müxtəlif fırıldaqlarla belə dəyişikliklər aparıb, Azərbaycana məxsus olanları öz adlarına keçiriblər. Bu yolla aparılan müharibə yalnız erməninin daşnak ideologiyasına xas olan xüsusiyyətdir.
İndi isə ermənilər əllərinə düşən fürsətdən istifadə edib işğal altında olan torpaqlarımızdakı tarixi abidələrimizin məhvi ilə məşğuldurlar. Bu, qədim tarixi abidələr haqqında beynəlxalq konvensiyalara zidd olan bir vandalizm aktıdır. Bu, əsl cinayətdir. Ona görə də sulara qərq olan gəmi kimi tarixi məhv edilən xocalılar da “SOS” harayı qaldırır, beynəlxalq təşkilatlardan kömək gözləyirlər.
Xocalının və bütövlükdə Qarabağın, Azərbaycanın həm qədim, həm də indiki tarixini ermənilər də çox gözəl bilirlər. Ermənilər Xocalıda mövcud olan tarixi abidələrin türk xalqlarına mənsub olduğundan xəbərdar idilər, lakin bunu məharətlə ört-basdır etməyi və öz adlarına çıxmağı bacarırlar. Mən hələ Tibb İnstitutunu bitirəndən sonra — 1966-68-ci illərdə Xankəndidə həkim işləyəndə orada vilayət xəstəxanası var idi və bu xəstəxana uzun illər burada işləmiş erməni həkimi Qukasyanın adını daşıyırdı. O vaxtlar Qukasyanın özü hələ sağ idi və 80-ə yaxın yaşı var idi. O, vilayət xəstəxanasının həyətində tikdirilmiş kiçik birotaqlı mənzildə tək yaşayırdı. Ermənilər onun adını xəstəxanaya versələr də, özü ilə maraqlanan, ona qulluq edən belə yox idi. Ona yalnız Leyla xanım adlı bir azərbaycanlı tibb bacısı rəhmdillik edib iynələrini vaxtlı-vaxtında vurur, dərmanlarını verir, tibb xidməti göstərirdi. Leyla xanım Əliyeva erməni və rus dillərini də öz doğma Azərbaycan dili kimi təmiz bilir, səlis danışırdı. O, çox obyektiv və sözü üzə deyən, erməni xislətini dərindən bilən, cəsarətli, cüssəli, öz işini, sənətini mükəmməl dərəcədə sevən, səliqə-sahmanlı, səriştəli bir tibb bacısı idi. Ermənilərə onların öz dillərində tənə edərək deyirdi ki, Azərbaycan çörəyini yeyib, azərbaycanlılara xor baxırsınız. Üzlərinə deyirdi ki, siz nankor və çörəyi dizinin üstündə olan gəlmələrsiniz. Sizi yedirib qudurtduq, indi bizə qarşı çıxırsınız. O zaman ermənilər Silva Kaputikyanın bütün Türk dünyasına qarşı çevrilmiş və 1915-ci ildə olmayan, süni surətdə üfürülüb şişirdilmiş və sabun köpüyü kimi partlamağa məhkum olan “soyqırımın” qisasını almağa səsləyən “Karvan hələ yoldadır” əsərini oxuyurdular. Leyla xanım da bundan halı idi və belə nankorluqdan hiddətlənərək xəstəxanada erməni daşnaklarının ağzını təkbaşına yummağı bacarırdı. Leyla xanımın qızı (dəqiq adını bilmirdim Leyla xanım ona Ada deyirdi) Bakıda Xarici Dillər İnstitutunda dərs deyirdi. Mən indi dərk edirəm ki, Leyla xanım həm də həqiqətən Vətənini, millətini, dilini, dinini sevən qəhrəman bir qadın olubdur.
Yenə bu yerdə Vətən xaini Əkrəm yadıma düşdü. Əkrəm Naibovun “Daş yuxular” adlı cızmaqarasını oxuyanda, deyirəm kaş o qadının Vətən qeyrətinin, Vətən təəssübkeşliyinin mində, milyonda biri də Əkrəmdə və onun kimi satqınlarda, xainlərdə olaydı. Leyla xanım bir tərəfdən millətçi erməniləri dəlil-sübutlarla öz yerində oturda bilir, onlara kəskinliklə kim olduqlarını və haradan gəldiklərini başa salır, digər tərəfdən də bir ayağı burda, bir ayağı görda olan, baxımsızlıqdan əldən düşmüş ixtiyar qoca erməni həkimi Qukasyana ürək dərmanı verir, təzyiqsalıcı iynələr vurur, ona dayaq olurdu. Ermənilərin özləri tərəfindən unudulmuş bu köməksiz qocanı mümkün olan qədər ölümün pəncəsindən qurtarmağa çalışırdı.
Budur bəşərilik, Əkrəm Naibov ! Budur beynəlmiləlçilik ! Budur insanlıq, nankor Əkrəm!
Leyla xanımı xatırlamağım səbəbsiz deyil. O, hərdən məni də özü ilə erməni həkimi Qukasyanın yanına aparırdı. Erməni həkim azərbaycanc a təmiz danışırdı. Məndən haralı olduğumu soruşdu. Xocalıdan olduğumu biləndə, gözlərinin dərinliyində bir işartı duydum. O, mənə Xocalıdan danışdı. Bu, həqiqətdir. Bu “Daş yuxular”ın uydurması deyil. Dedi ki, “Xocalının tarixi çox qədimdir. İndiki Xocalının yerində yeni eradan əvvəl çox böyük bir türk şəhəri olub. Sonra eramızın əvvəllərində zəlzələ nəticəsində o şəhər batıb. Ancaq sağ qalan türklər yenə də orada binə salıb yaşayıblar. Türklər erməni kimi deyillər, onlar doğulduqları torpağa çox bağlı olurlar və nə fəlakət baş versə də, öz torpaqlarını, dədə-baba yurdlarını hər şeydən üstün tuturlar. Sən (mənə müraciətlə) gərək həkim yox, arxeoloq olaydın. Orada ciddi qazıntı işləri aparıb o şəhəri aşkar etmək lazımdır. Bu, sizin tarixinizdir. Bunu etmək lazımdır”.
Sonra Qukasyan sözünə ara verib dedi ki, “Bəlkə də bu dediklərimə heç yerdə rast gəlməyəcəksən. Ancaq İrəvanda Matendarandakı əlyazmaları arxivində bunlar var. Mən özüm oxumuşam, ona görə də bunu sənə inamla deyirəm. Bizi (erməniləri nəzərdə tuturdu) buraya Qarabağa, Azərbaycana ruslar köçürüblər. Azərbaycan da sağ olsun, bizə dayaq oldu”.
Mən indi də Leyla xanıma minnətdaram ki, o, mənə imkan yaratdı və Xocalının, Qarabağın, Şuşanın, Xankəndinin, Ağdamın əbədi və əzəli türk torpağı olduğunu dünyagörmüş bir erməni ziyalısının da dilindən eşitdim.
İndi Xocalı aeroportunun yaxınlığındakı tarixi abidələrin dağıdılması hesabına genişləndirilməsi ürəyimi parçaladı. Xocalıdakı Dərələyəz kəndinin viran qoyulub düzlənməsi, iri təyyarələr üçün enmə zolağı edilməsi sinəmi göynətdi.
Aeroportun dayanacaq sahəsinin böyüdülməsinin ulu babalarımızın “Dik daş” ətrafındakı qəbirlərinin ermənilər tərəfindən buldozerlərlə qaşınıb, kürünüb dağıdılması hesabına olmasını biləndə bütün varlığım titrədi, lərzəyə gəldi, onların ruhlarının qışqırtısı, hönkürtüsü hər bir azərbaycanlı kimi, mənim də qulaqlarımda cingildədi, səsləri qayalarda, dağların zirvələrində əks-səda verən şəhid ruhları bizi köməyə çağırdı. Lakin bunun qarşısını ala bilmədik, onlara əlimiz, ünümüz yetmədi.
Keçən yay xocalıların bir hissəsinin məskunlaşdığı Göranboyun Ağcakənd qəsəbəsinə getmişdim. Ağcakəndin yaxınlığında erməni qəbiristanlığı var idi. Kənd sakinlərindən biri dedi ki, bura keçmiş SSRİ dövründə dəyişdirilərək S.Şaumyanın adını daşıdığına görə Şaumyankənd adlanırdı. Paskeviçin, Qriboyedovun vaxtında İrandan Azərbaycana köçürülmüş ermənilərin bir qismi də burada yerləşdirilmişdi. Bu qəbirlərə bu vaxtacan heç kim əl vurmayıb. Ancaq bizim Ermənistanda, Qarabağda olan qədim qəbiristanlıqlarımızın hamısı dağıdılıb. Bir dəfə keçi buynuzunu erməni qəbrinin daşına sürtmüşdü. Dərhal “Qırmızı Xaç” Cəmiyyəti nümayəndələri burada peyda oldular və dedilər ki, güya biz qəbirə toxunmuşuq və niyə bunu etmişik? Bütöv kurqanları, qədim abidələri, türk qəbiristanlıqlarını məhv edib dağıdan ermənilərə isə bunu deyən yoxdur. Onlar istənilən vaxt nə istəsələr onu da edirlər.
(ardı var)
Mübariz ALLAHVERDİYEV,
Xocalı sakini, ATU-nun insan anatomiyası kafedrasının professoru,
əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.