366-cı alayın canfəşanlığı
Alay Xocalı və Şuşanın azərbaycanlı kəndlərinin atəşə tutulması və işğalında dəfələrlə iştirak etmişdir. Əslində bu hərbi birləşmə SSRİ-dən daha çox Ermənistanın irqçi maraqlarının birbaşa təminatçısına çevrilmişdi. Bunun səbəblərindən biri də bu idi ki, alay rəhbərliyindən tutmuş, sıravi əskərlərədək şəxsi heyətin yarısını milliyyətcə ermənilər təşkil edirdi. 1991-ci ilin avqust ayında SSRİ-nin dağılması prosesi sürətləndi, çox keçmədən sovet ordusu Azərbaycan ərazilərini tərk etməyə başladı. Bu proses ermənilər üçün bir fürsətə çevrildi, çünki ermənilər hələ SSRİ dağılmazdan əvvəl Qarabağı ələ keçirmək üçün gərgin əmək sərf edirdilər. 1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuş Dağlıq Qarabağ ermənisi Robert Köçəryanın çoxdan hazırladıqları bu plana necə aydınlıq gətirməyi barədə “BBC”, “Moscou Times” və “The Times of London” - da çalışan jurnalist, “Black Garden” kitabının müəllifi Tomas de Vaal yazır: “Sovet ordusu Qarabağdan çıxandan sonra biz azərbaycanlılarla baş-başa qaldıq. Lakin biz təşkilatlanmışdıq və ən azı 3-4 illik gizli təcrübəmiz var idi. Ərazidəki bütün sovet silahları bizə qaldı və onların silahları aparmalarına icazə vermədik”.
Sovet silahlarını ələ keçirdikdən sonra ermənilərin Qarabağa hücumları intensivləşdi. Onların ilk məqsədləri Xankəndi ətrafındakı kəndlərdən azərbaycanlıları çıxarmaq və Ermənistanla qurudan əlaqələri bərpa etmək idi. 1991-ci il sentyabrın 24-də Ağdərənin İmarət Qərvənd, oktyabrın 30-da Tuğ, noyabrın 12-də Axullu, 19-da Xocavənd, dekabrın 15-də isə Cəmilli kəndləri 366-cı motoatıcı alayın hərbçiləri və zirehli texnikanın dəstəyi ilə işğal olundu. Fevralın əvvəlində isə növbəti Azərbaycan kəndləri Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal olundu və bu zaman 99 mülki insan həyatını itirdi, 140 nəfər isə yaralandı.
Beləliklə, Xankəndinin ətrafı azərbaycanlılardan təmizləndi. Xocalı ətrafındakı mühasirə həlqəsi isə yavaş-yavaş daralmağa başladı. Bununla da Xocalının işğalı reallaşdı.
Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdı ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçisi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldı. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Nəticədə silahsız Azərbaycan əhalisi güclü silahlanmış erməni nizami birləşmələri ilə üz-üzə qaldı.
Vladimir Savelyev Xankəndindəki 366-cı alayda yerləşən 02270 nömrəli hərbi hissəsinin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il martın 19-da, 1998-ci il avqustun 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına, sonda Baş Kəşfiyyat İdarəsinə “məxfi arayış”ını təqdim edir. O, son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərib. Polkovnik erməni terror təşkilatları ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə, “Agentura” gücü ilə əldə etdiyi informasiyalarda bütün olub- keçənlərin şərhini verib etiraf edir: “... Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də MN-ə, VKİ-nin generallarına göndərdim. Oxuyun , – dedim”.
Bu, bir zabitin xatirələridir. Kaşki 366-cı alayın bütün kontingenti bu cür düşünəydi. Lakin onlar bu bəşəri cinayətə imza atmaqdan çəkinmədilər. Baxmayaraq ki, V.Savelyevin özü də 366-cı alayın heyətinə daxildir. Lakin o, rus zabitinin şərəfinə ləkə gətirən bu cinayətdə iştirakından vicdan əzabı çəkdiyini etiraf edir. Polkovnik bu barədə yazır: “... Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçatdılar, şərəfinə lənət damğasını vurdular... Mən on addımlığımda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...”
Onu da xüsusi olaraq qeyd edək ki, həmin gün ermənilərin özünümüdafiə dəstəsi adı ilə vuruşan, əslində ASALA terror təşkilatının Xankəndində yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allahverdiyan 24 nəfər rus zabitinə və əsgərinə pul mükafatları elan etdi. Məsələn, şəxsi heyətin önünə çıxarılmış rus zabiti Yevgeni Qolubevə üstündə ASALA yazılmış 25 qramlıq qızıl medal və beş min ABŞ dollarını təntənəli surətdə təqdim etdi. Və yaxud, həmin gün sıravi Anastas S. İvanova 10 min ABŞ dolları təqdim etməklə İrəvanda onu gözləyən “Hunday” markalı avtomobilin sənədlərini verdi. Bu fakt ermənilərin Xocalı faciəsini törətmək üçün 366-cı alayın heyəti ilə əvvəlcədən razılığa gəldiyini və bu aktın sırf soyqırımı və qarətçilik xarakteri daşıdığını təsdiqləyir. Ermənilər üçün nəyin bahasına olursa-olsun Xocalı işğal edilməli və əhali məhv edilməliydi. Onlar bu işğal üçün tarixlərində görünməmiş şəkildə “səxavət” göstərməyə hazır idilər. ASALA və dünyada öz mənfur əməlləri ilə ad çıxarmış digər erməni terror birləşmələrinin Xocalı faciəsində iştirakını “Valer aktuel” jurnalı (Paris) 14 mart 1992-ci il tarixli nömrəsində verilən məlumatlarla da təsdiqləyir: “ Bu muxtar regionda erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər ”.
David Xerdiyanın
“ Xaç uğrunda” əsəri və Roma Papası II İohan Pavelin məxfi məktubu
Bəzi erməni dairələri bunları etiraf etməkdən çəkinsələr də, təkzibolunmaz faktlardan qaçmaq mükün deyil. Kimliyindən asılı olmayaraq bu faciəni görən insanın vicdanı oyanmalı idi, heç olmasa bu vandalizmə haqq qazandırmamalı idi. Bunu isə ermənilərdən, onların ziyalılarından gözləmək sadəlövhlük olardı. Çünki bu millətin hətta ziyalıları belə Xocalıda törədilən soyqırıma haqq qazandırır və bu hadisəni törətmələri ilə “milli” qürur duyurlar. Livanda yaşayan erməni jurnalisti David Xerdiyan da belələrindəndir. O, özünün “Xaç uğrunda” əsərində yazdıqları ilə bunu bir daha təsdiqləyir. Müəllif yazır: “Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (bu daşnak azərbaycanlıları belə adlandırır) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o, hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi...”
Sözsüz ki, yazıçının öz əsərini “Xaç uğrunda” adlandırmasından bəllidir ki, bu insanın qeyri dinlərin mənsublarına münasibəti hansı səviyyədədir. O, bütün əsərini xristianların tiran hakimiyyətinin qurulmasına və hər kəsin məcburi xristianlaşdırılmasına, özlərinin “müqəddəs” hesab etdiyi amallara yönəldib. Bundan əlavə, Xocalıda ağlamaq və imdad səsləri gəldiyini qeyd edən müəllifin öldürülənləri təhqir etməsi, onlara “alçaq monqol” deməsi ermənilərin nə qədər insani hisslərdən, vicdan anlayışından uzaq olduğunu bir daha isbatlayır.
Ən acınacaqlı hal isə odur ki, hətta Roma Papası belə bu soyqırımı hadisələrinə dini-tolerant mövqe sərgiləmək, qırğını pisləmək əvəzinə şəxsi mövqeyini öz statusuna yaraşmayan şəkildə nümayiş etdirmişdi. Belə ki, 1992-ci ilin fevral ayının 4-də Roma Papası II İohan Pavelin Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə və rus qoşun birləşmələrinin generallarına məxfi məktubu daxil olur. Məktubda o, bu vuruşmanın “dini mücadilə” olduğunu xatırladır, onlara dua edəcəyini açıqlayırdı. Roma Papası Dağlıq Qarabağ uğrunda vuruşmanı “din uğrunda savaş” kimi qiymətləndirib yazır: “... İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm...” Papa dediklərini sübut edərək 2003-cü il sentyabrın 21-də Ermənistana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarını yad edir.
Biz yalnız onu bilirik ki, Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların havadarlarının hərəkətləri insan haqlarının kobud şəkildə pozulması ilə müşayiət olunmuş beynəlxalq hüquqi aktların - Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və Siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi barədə Bəyannamənin tələblərinə məhəl qoyulmamışdır.
Beləliklə, yuxarıda sadaladığımız faktlardan da aydın olur ki, Xocalı hadisələrinin dünyada soyqırımı kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi və real əsaslar vardır. Ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət - genosid kimi qiymətləndirilməli və bu ümumbəşəri cinayətə beynəlxalq məhkəmələr ədalətli hüquqi qiymətini verməli və buna görə günahkarlara cəza müəyyənləşdirməlidir.
Şahidlərin tükürpədici etirafları
Mirzə Allahverdiyev: Biz həmin gün Horagül istiqamətində postda dayanmışdıq. Amma “Finski” evlər yananda geri çəkildik. Fevralın 26-da onların çoxu “Beşmərtəbə” deyilən yerə toplaşmışdı. 100-ə qədər adam vardı orda. Sonra çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28-də ermənilər mühasirəyə alıb tutdular bizi. Həmin saat əl-ayağımızı bağlayıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apardılar Əsgərana. Orada bizi milis idarəsinin həbs otağında saxlayırdılar. Bir neçə qızıl dişim vardı. Yerə yıxıb əl-ayağımı bağladılar. Başladılar kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə dartır, çəkiclə vururdular dişimə, ağrıdan inildəyir, zarıyırdım. Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağı xahiş edirdim. Neçə saat huşsuz qaldığımı bilmirəm. Amma gözümü açanda hiss etdim ki, qızıl dişlərimi sındırıb götürüblər. Ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi sındırmaqla bitmədi. Söyüş, təhqir, təpiklə vurmaq, döymək hər gün olurdu. Girovluqda qaldığım 18 günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsinlər. Yaman vəhşi idilər, gözlərini qan tutmuşdu. Ürəklərində heç bir insaf, ədalət yox idi. Bizi döyməkdən, təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub dubinka ilə döydülər. Ürəkləri soyumadığından götürüb ikinci mərtəbədən atdılar məni yerə. Bütün bədənim əzilmişdi. Necə kinli, qəzəbli idi bu ermənilər bizə qarşı? Edik adında bir erməni vardı. Hər gün içəri girib mənə özünəməxsus xüsusi işgəncə verirdi. Ağır çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan ləzzət alırdı. Mənim iniltim, qışqırtım ona təsir etmirdi, əksinə kefi açılırdı... Ermənilər tez-tez bizə deyirdilər: “Sizi qıracağıq, buralardan tamam qovacağıq. Donuzlarımızı gətirib Kürdə suvaracağıq”. Hər gün bizə bir parça çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib möhkəm döyürdülər. On səkkiz gün girovluqda qalandan sonra məni dəyişib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da ermənilər bir neçə gün girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım Elşəni isə mənim günümə salıblar. Girovda işgəncələr verib qızıl dişlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaşımı öldürüblər.
10 yaşlı Ramil Həsənov: “Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz orada qalmışam. Susuzluqdan ölürdüm, çoxlu qar yemişəm”.
4 yaşlı Fuad Gülməmmədov: “Ermənilər məni tapança ilə ayağımdan vurdular”.
Sənan Abdullayev: “Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam, atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam”.
Camal Orucov: “16 yaşlı oğlumu güllələdilər. 23 yaşlı qızımı iki əkiz oğlu ilə, 18 yaşlı hamilə qızımı əlimdən aldılar”.
Xədicə Abdullayeva: “Bir sutka meşədə qaldıqdan sonra atam, anam və 16 yaşlı bacım şaxtaya tab gətirmədilər. Sağ qalan xocalılılarla birgə məni də girov götürdülər. Bizi ac-susuz, döşəməsinə su doldurulmuş zirzəmidə saxladılar. Bir daşnakla dəyişdirildim. İndi iki ayağımdan da məhrumam.”
Elbrus Abbasov: “Əsirlik müddətində Artur və Slavik adlı serjantlar və Feliks adlı leytenant bizi dayanmadan döyürdülər. Onlar Xocalı sakinləri Novruzov Ələsgər Xanlar oğlunu və Vəliyev Elçin Vəkil oğlunu döyüb işgəncə verməklə öldürmüşdülər”.
Sonda hadisələrin bir şahidi də var ki, onun fikirlərini də bildirməyi özümüzə borc bilirik. Bu şahidin digərlərindən fərqi isə onun zərərçəkən yox, zərbəvuran tərəf olmasıdır. Bu, bədnam Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyandır. “Black Garden” kitabının müəllifi Tomas de Vaal yazır: “Hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan Xocalının işğalı barəsində soruşduqda o, belə cavab vermişdir: “Düşünürəm ki, əsas məsələ başqa şeydədir. Xocalı olayına qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu yanlış təəssüratı dağıda bildik. Baş verənlər göz önündədir”.
Beləliklə, bu, tipik bir erməninin fikridir. Bu, o erməninin fikridir ki, dövlətə başçılıq edir və erməni xalqının simasını müəyyənləşdirir.
Hər halda bir şəhərin məhvi ilə nəticələnən bu dəhşətli faciə heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək və gec-tez haqq-ədalət öz yerini tapacaq, cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.