Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olundu. Lakin xalqımız Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. O vaxtkı dövlət rəhbərliyini təmsil edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti heyrətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazimi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.
Bu siyasət indi Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin əsası isə məhz ulu öndər tərəfindən qoyulub. Belə ki, ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bununla ulu öndərimizin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Ulu öndərin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırılır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması Heydər Əliyev adına liseydə də artıq ənənə şəklini almışdır. Bir neçə gündür ki, bu təhsil müəssisəsində soyqırımın 21-ci ildönümü ilə əlaqədar “Xocalı əsrin cinayətidir” adlı tədbirlər keçirilir. Son günlər “Xocalı cinayəti uşaqların gözü ilə” mövzusunda rəsm, “Xocalı əsrin faciəsidir” mövzusunda isə inşa yazı müsabiqələri təşkil edilmişdir. Liseyin foyesində “Bu dəhşəti biz yaşamışıq” fotostendi nümayiş etdirilir. Şagirdlər tərəfindən hazırlanan sinif divar qəzetləri, Xocalı hadisələrinə aid guşələr də gənc nəsildə bu dəhşətli faciə barədə ətraflı təsəvvür yaradır.
Liseyin müəllimləri tədbirlərdə bu soyqırımını dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük əməyi olduğunu qeyd edirlər. Bildirirlər ki, məhz ulu öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına respublikada siyasi-hüquqi qiymət verilmişdir.
Müəllimlər şagirdlərə həmçinin Xocalı soyqırımı və Qarabağın tarixi barədə ətraflı məlumatlar verir və Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu bir daha xatırladırlar.
Fikrət XƏLİLOV,
Heydər Əliyev adına liseyin direktoru,
əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.