Xocalı qətliamı günahsız azərbaycanlıların qəddarlıqla qətlə yetirildiyi çox dəhşətli faciədir

 

 

Xocalı qətliamı günahsız azərbaycanlıların – uşaqların, qadınların və qocaların qəddarlıqla qətlə yetirildiyi çox dəhşətli faciədir. Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır.  Bu fikir Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar fevralın 25-də İsraildə keçirilmiş anma mərasimində səsləndirilmişdir.

Fevralın 25-də Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspor Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyasının dəstəyi, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (AzİZ) və AzərTAc-ın təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anma mərasimi keçirilmişdir.

Tədbirin keçirildiyi binanın foyesində Xocalı faciəsindən bəhs edən fotosərgi açılmışdır.

Sərgidə Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar hazırladığı fotostendlər, nəşr etdirdiyi kitablar, broşürlər, audio-video materiallar, AzərTAc-ın təqdim etdiyi fotoşəkillər nümayiş etdirilmişdir.

Tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxmış, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən dəhşətə gəlmişlər.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, İsrail parlamentinin deputatları, İsrail Dövlətinin və hökumətinin üzvləri, Təl-Əvivdəki Türkiyə, Qazaxıstan, Özbəkistan, Bosniya və Herseqovina, Rumıniya və digər ölkələrin səfirliklərinin, Şimali Kipr Türk İcmasının nümayəndələri, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır. O demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda keçmiş sovet erməni hərbi birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşi soyqırımı aktı dünya tarixinə qanlı hərflərlə yazılmışdır.

Ermənistan silahlı qüvvələri və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisindəki Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın birgə həyata keçirdikləri bu soyqırımının statistikası yüzlərlə insanı əhatə edir. Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Günahsız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülmüş, başları kəsilmiş, gözləri çıxarılmış, dərisi soyulmuş, süngüyə taxılmışdır. Erməni işğalçılarının Xocalıda törətdikləri qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq əlil olmuşdur.

Təl-Əvivdəki Dağ Yəhudiləri Sinaqoqunun ravini Şmuel Siman Tov şəhidlərin ruhuna dua oxumuşdur.

Ravin Xocalı soyqırımı qurbanlarının xatirəsinin əziz tutulmasını yüksək qiymətləndirmiş və demişdir ki, tarixdə bir neçə soyqırımı olmuşdur. Yəhudilər bu acını yaşamışlar və bu baxımdan azərbaycanlıların dərdini anlayır və şərik çıxırlar. 

İsrail hökumətinin üzvü, absorbsiya (məskunlaşma, miqrasiya) naziri Sofi Landver Azərbaycan ilə İsrail münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və bunun hər iki xalqın milli maraqlarına cavab verdiyini bildirmişdir.

Çıxışında Xocalı soyqırımına geniş yer verən S.Landver  demişdir ki, bu, Azərbaycan xalqına qarşı əsl cinayətdir və təəssüf ki, dünya ictimaiyyəti hələ də faciəyə lazımi qiymət verməmişdir. Həm İsrail, həm də Azərbaycan xalqı böyük faciələr yaşamışlar. Biz azərbaycanlı qardaşlarımızın bu ağrısını yaxşı anlayırıq və hər zaman Azərbaycanın yanındayıq.

Xocalı soyqırımını kəskin şəkildə pisləyən nazir demişdir ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair qərar və qətnamələri yerinə yetirilməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov İsrail-Azərbaycan əlaqələrinin inkişafının əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, biz Xocalı məsələsində də İsrail Dövlətinin dəstəyini daim hiss etmişik. Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin inkişafına böyük önəm verir. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Ümid edirik ki,  diaspor təşkilatlarımız bundan ən geniş surətdə istifadə edəcək, nəinki iki ölkə arasında, eləcə də Azərbaycanın digər ölkələrlə də əlaqələrinin inkişafına çalışacaqlar.

Azərbaycanın mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən danışan F.Muradov bu işdə Heydər Əliyev Fondunun, xüsusən də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu yüksək dəyərləndirmişdir.

Xocalı soyqırımından danışan deputat demişdir ki, bu il 80-dən çox ölkədə anma tədbirləri keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu soyqırımına beynəlxalq aləmdə hüquqi, siyasi qiymət verilməsi üçün yetərincə imza toplamışdır. İnanırıq ki, xarici ölkələrdəki diaspor təşkilatlarımız, eləcə də AzİZ-in dəstəyi ilə biz Xocalı soyqırımının dünyada tanıdılmasına nail olacağıq.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış  “Sonu görünməyən dəhliz” sənədli filmi nümayiş etdirilmişdir.

Filmdən sonra çıxış edən AzİZ-in prezidenti Aleks Miller demişdir ki, bu faciədən 21 il keçməsinə baxmayaraq azərbaycanlılar, eləcə də əslən Azərbaycandan olan yəhudilər Xocalı qətliamının adı gələndə ürəkağrısı keçirir, bu acını unuda bilmirlər. Bu filmə ürəkağrısı ilə baxdıq. Bizim fikrimizcə, bu, təkcə hərbi cinayət deyil, həm də erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə idi.

Sonra digər çıxış edənlər Xocalı soyqırımı barədə hazırlanmış filmlə bağlı təəssüratlarını bölüşmüşlər. Bildirmişlər ki, sivil dünyanın gözü qarşısında Ermənistan tərəfindən törədilən bu soyqırımı hər yerdə kəskin pislənilməli, Azərbaycanın işğal altında olan əraziləri azad edilməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan yaradılmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycana bu istiqamətdə dəstəyini daha da artırmalıdır.

İsraildəki Azərbaycan Mədəni Mərkəzinin direktoru Yeganə Salman, tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna, STENGİ Fonduna, AzərTAc-ın rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Tədbir “Yediot Ahronot”, “Jerusalem Post”, “Maariv” qəzetlərində, eləcə də Türkiyənin “TRT-Türk” kanalında geniş işıqlandırılmışdır.

Xətayi ƏZİZOV,
AzərTAc-ın müxbiri
Təl-Əviv

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında