Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

 

Fevralın 25-də Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciə ilə bağlı AzərTAc tərəfindən hazırlanmış film nümayiş olunmuşdur.

Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışmışdır. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə bir gecədə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmiş, 1275 dinc sakin girov götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan Konstitusiya Məhkəməsinin sədri qeyd etmişdir ki, Prezident İlham Əliyev bu qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması və dünya dövlətləri tərəfindən tanıdılmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin, yaxınlarının sosial müdafiəsinin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır. Məhz bu addımların sayəsində son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır. Ötən il Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Bakıda keçirilmiş ümumxalq yürüşü, eləcə də hər il ənənəvi olaraq respublikamızda, həmçinin xarici ölkələrdə diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən bu soyqırımının anılması, müxtəlif tədbirlərin, aksiyaların, yürüşlərin keçirilməsi məhz bu sistemli işin nəticəsidir.

Fərhad Abdullayev Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, Fond tərəfindən bu istiqamətdə xaricdə məqsədyönlü iş aparılır, müxtəlif tədbirlər həyata keçirilir.

Qeyd olunmuşdur ki, 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da Xocalı soyqırımının dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasına mühüm töhfələr vermişdir. Məhz bu ardıcıl tədbirlər nəticəsində artıq bir neçə ölkə Xocalı qətliamını soyqırımı kimi tanımışdır.

Hüquqda “Cinayət olan yerdə cəza da olmalıdır” prinsipini diqqətə çatdıran Fərhad Abdullayev, bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını almalarının vacibliyini vurğulamışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Azərbaycan hüquqşünaslarının da üzərinə düşən vəzifələrdən danışan Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırmışdır ki, hər birimiz Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımını törədənlərin layiqli cəzalarını almaq istiqamətində səylərimizi artırmalıyıq.

Ermənilərin Xocalı aeroportundan istifadə etmək planlarına da toxunan Konstitusiya Məhkəməsinin sədri bu addımın Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmaması və danışıqlar prosesinə əngəl yaratmaq istəyinin nəticəsi kimi qiymətləndirmişdir.

Fərhad Abdullayev Azərbaycanda yüksək mükafatlarla, fəxri adlarla təltif edilməyinə baxmayaraq, dövlətimizə, xalqımıza xəyanət edən “yazıçı”ların olmasından təəssüfləndiyini bildirmişdir. Belə insanlar və onları dəstəkləyənlər Azərbaycan dövlətinin və xalqının haqq işinə mane ola bilməyəcəklər. Buna görə də bizim hər birimiz dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməli, ölkəmizin haqq səsini dünyaya yaymaq istiqamətində var gücümüzlə çalışmalıyıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında