Xocalı soyqırımı Türkiyənin Egey bölgəsində anıldı

 

 

Həm ölkə daxilində, həm də xaricdə XX əsrin faciəsi kimi  anılan Xocalı soyqırımı amansızlığına, əhaliyə qarşı qeyri-insani cəza üsullarına, kütləviliyinə görə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı bir vəhşilik aktıdır. Nəhayət ki, bu mənfur akt dünya ictimaiyyəti tərəfindən ittiham edilməyə başlanılıb və bir sıra dövlətlər tərəfindən Xocalı qətliamı soyqırım kimi tanınıb.

Fevral ayında Ağ Evin rəsmi internet səhifəsində Xocalı ilə bağlı yerləşdirilən petisiyaya 100 mindən çox səsin verilməsində gənclərimizin fəallığı təqdirəlayiqdir. Dünyanın hər yerində olduğu kimi Türkiyənin Egey bölgəsinin bir sıra şəhərlərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilmişdir.

Fevral ayının 20-də Uşak şəhərində keçirilən ilk tədbirdə millət vəkili Qənirə Paşayeva və Dünya Azərbaycanlıları Konqresinin sədr müavini  Asif Qurban Uşak şəhərinin valisi Mehmet Üfüq Erden və bələdiyyə sədri  Əli Ərdoğan ilə  görüşmüşlər. Sonra Uşak Universitetində Xocalı soyqırımını anma konfransı keçirilmişdir. Konfransda universitetin rektoru prof. Sait Çelik, DAK sədri müavini  Asif Qurban və TUMIB sədri Çingiz Bayramov çıxış etmişlər. Xocalı soyqırımı haqqında geniş salonu doldurmuş universitet tələbələrinə geniş məlumat verən millət vəkili Qənirə Paşayeva 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrin torpaqlarımızda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımıları və 20-ci əsrin sonlarında Ermənistanın işğal etdiyi torpaqlarımızda dinc insanlarımıza qarşı törətdiyi soyqırımlar və vandalizm aktları haqqında danışmışdır.  Egey bölgəsinin məşhur şəhərlərindən olan Turqutluda da konfrans keçirilmişdir. Konfransda Turqutlu Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Hüseyn Adıgözəl,  Doqquz Eylul Universitetinin dosenti, fəlsəfə doktoru Vəfa Qurban çıxış etmiş və  konfrans iştirakçıları tərəfindən böyük  maraqla dinlənilmişlər. Tədbirdə “Xocalı Soyqırımı: tanıkların dili ilə”, “Qaradağlı soyqırımı: şahidlərin dili ilə” kitablarının həmmüəllifi, “Azərbaycan həqiqətləri” filmlər toplusunu, “Ruhum Qarabağlıdır” filmlərini hazırlayan təşkilatlardan biri olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılar - “Soyqırımı:Bakı”, “Soyqırımı:Quba”, “Soyqırımı:Şamaxı” adlı 3 film şəklində 3 diskdə öz əksini tapır.

“Xocalı soyqırımı: tanıkların dili ilə” kitabında Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələrinin yer aldığını qeyd edən millət vəkili Qənirə Paşayeva Türkiyə türkcəsində nəşr olunmuş kitabın Xocalı həqiqətlərinin qardaş ölkədə də daha geniş təbliği işinə xidmət edəcəyinə inandığını söyləyib. Materiallar Turqutlu şəhərinin universitetlərinə, kitabxanalarına, KİV-inə və qeyri-hökumət təşkilatlarına təqdim olunub. 

Türkiyənin üçüncü böyük şəhəri olan  İzmir şəhərində də tədbirlər və görüşlər davam etdirilmişdir.  İlk olaraq İzmir valisi  Cahit Kıraçla keçirilən görüşdə  millət vəkili Qənirə Paşayeva, DAK sədrinin müavini Asif Qurban, İzmir Azərbaycan Kültür Evi və Dərnəyinin sədri Turqut Arat və dərnək rəhbərləri, Azərbaycanlı tələbələrin nümayəndəsi Cavid Əliyev iştirak etmişlər.

Sonra görüşlər İzmir Böyükşəhər bələdiyyə başçısı Əziz Kocaoğlu və İzmir Konak bələdiyyə sədri Hakan Tartan ilə davam etdirilmişdir. İzmir ilə Bakı şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir. DAK sədrinin müavini Asif Qurban Azərbaycanın paytaxtı Bakıda İzmir parkı olduğunu və İzmirdə də Azərbaycan tarixini və mədəniyyətini əks etdirən park olmasını arzuladıqlarını dilə gətirmişdir. Həmin gün  Egey Universitetində və Doqquz Eylul Universitetində də görüşlər keçirilmişdir.

Axşam Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı İzmir ziyalılarının və tələbələrin iştirakı ilə geniş konfrans keçirilmişdir. İzmir Azərbaycan Kültür Evi və dərnəyinin, Dünya Azərbaycanlıları Konqresinin və azərbaycanlı tələbələrin təşkil etdiyi konfransda çıxış edən İzmir Azərbaycan Kültür Evi və Dərnəyinin sədri Turqut Arat, DAK sədrinin müavini Asif Qurban və  tələbə Cavid Əliyev 21 il əvvəl ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törəkdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımının heç vaxt  unudulmayacağını söylədilər. DAK sədri müavini Asif Qurban  çıxışında bildirdi ki, bu dəhşətli cinayətə heç cür haqq qazandırmaq olmaz. Xocalı faciəsinin təşkilatçıları  və icraçıları layiq olduqları cəzanı almalıdırlar. Gənclərimizə  ermənilərdən hər zaman zərər gələ biləcəyini vurğulayan natiq işğal edilmiş torpaqlarımızda görüşmək diləyi ilə çıxışını tamamlamışdır.

Konfransda çıxış edən professor Bayram Bayrakdar, professor Kamal Arı, dosent Vəfa Qurban bildirmişlər ki, Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidirlər. Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyən, Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Ermənistanın torpaqlarımızın 20 faizini işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışdı. Millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edərək, erməni diasporuna qarşı birlikdə mübarizə aparmağın vacibliyini söylədi.

Türkiyənin Egey bölgəsinin bir sıra şəhərlərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş  tədbirlər 3 gün davam etdirilmişdir. Tədbirlərin əhəmiyyətini dəyərləndirən DAK sədrinin müavini Asif Qurban  bu cür tədbirlərin müntəzəm olaraq davam etdirilməsinin vacibliyini söyləmişdir.

 

Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında