Nərimanov rayonunda Xocalı faciəsinin ildönümü qeyd olundu

 

 

Xalqımızın  yaddaş salnaməsinin qanla yazılmış ən acı səhifələrindən sayılan Xocalı faciəsinin 21-ci ildönümü paytaxtın Nərimanov rayonunda da dərin hüznlə anıldı. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə tər gül dəstələri qoydular, ulu öndərə ehtiramlarını bildirdilər.

Anım mərasiminin iştirakçıları 1992-ci il Xocalı soyqırımı hadisələrinin günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Xocalı şəhidlərinin yaxınlarına və doğmalarına bir daha başsağlığı verdi. Qeyd olundu ki, bugünlərdə xalqımız erməni millətçilərinin qanlı əməllərinin qurbanı olmuş Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, XX əsrin ən dəhşətli cinayətinə imza atmış erməni cəlladlarının insanlığa sığmayan bu bəd əməli lənətlənir. Natiq bildirdi ki, Xocalı hadisələrindən uzun müddət keçməsinə baxmayaraq, anım mərasimlərinin hər il keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyət daşıyır. Son illər dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün  həyata keçirdiyi uğurlu xarici siyasətin müsbət nəticələr verdiyini diqqətə çatdıran A. Fərzəliyev qeyd etdi ki, artıq dünya ictimaiyyəti erməni terrorizminin acı nəticələrindən getdikcə daha yaxından xəbərdar olur, Azərbaycan torpaqlarını işğala məruz qoymuş Ermənistanın əsl siması ilə tanış olur. Məhz bunun nəticəsidir ki, artıq dünyanın bir sıra dövlətlərində Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı kimi qiymətləndirilir.

İcra hakimiyyətinin başçısı onu da diqqətə çatdırdı ki, bu gün ölkəmizin müxtəlif şəhərlərində yaşayan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Xocalılılar hər an olduğu kimi, bu gün də dövlətçiliyimizə sadiqdirlər, onlar ölkəmizdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edirlər. Vətənimizin ərazi bütövlüyü bərpa olunduqdan sonra xocalılılar doğma şəhərlərinə qayıdıb orada geniş quruculuq işləri aparacaqlar.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Adil Əliyev müdhiş Xocalı faciəsinin acı nəticələrindən söhbət açdı. Qeyd olundu ki, anım mərasimləri, Xocalının sağ qalmış sakinlərinə göstərilən qayğı və diqqət bu amansız qətliamın acı nəticələrini heç zaman unutdura bilməz. Xocalılılar yalnız o zaman təskinlik tapa bilərlər, şəhidlərin ruhu o zaman rahat olar ki, o müdhiş faciənin günahkarları layiqli cəzalarına çatsınlar, işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olunsun. Azərbaycanın dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasət isə bizi getdikcə o günə yaxınlaşdırır.

Xocalı sakinləri adından çıxış edən şəhid ailəsinin üzvü Mehriban Əliyeva o dəhşətli gecədə baş vermiş qanlı hadisələri göz yaşları ilə bir daha yada saldı. Erməni cəlladlarının törətdikləri ağlasığmaz vəhşiliyin bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu bildirən M.Əliyeva əminliklə bildirdi ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız yağı düşməndən geri alınacaq. O, Xocalı şəhidlərinin  əziz xatirəsinin daim əziz tutulmasına və məcburi köçkün həyatı yaşayan xocalılılara göstərilən qayğı və diqqətə görə sakinlər adından minnətdarlığını bildirdi.

Anım mərasimi Odlar Yurdu Universiteti tələbələrinin hazırladıqları “Son güllə” adlı ədəbi-bədii kompozisiya ilə başa çatdı.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında