Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

 

 

Fevralın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı yığıncaq keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xocalı qətliamını bəşər tarixində qanlı hadisə kimi qiymətləndirən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbir iştirakçılarına soyqırımı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda misli görünməmiş vəhşilik törətmişlər. Xocalının işğalı zamanı bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, yüzlərlə insan girov götürülmüşdür. Böyük  bir yaşayış məskəni yerlə-yeksan edilmişdir. Ötən hər ilin bizi bu qanlı faciədən uzaqlaşdırmasına baxmayaraq xalqımız soyqırımının acısını daim hiss edir. 

Xocalı soyqırımına məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini bildirən S.Mehbalıyev, ayrı-ayrı ölkələrdə bu faciəyə həsr edilmiş tədbirlərin keçirilməsinin dünya ictimaiyyətinin qanlı cinayət barədə daha çox məlumatlandırılması baxımından əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu istiqamətdə artıq mühüm addımlar atılır. Keçən il Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilmişdir. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı İstanbul şəhərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinin və Türkiyədə fəaliyyət göstərən həmkarlar təşkilatlarının üzvlərinin iştirak etdikləri yürüş keçirilmişdir. Həmçinin bir neçə ölkədə və ABŞ-ın bir neçə ştatlarında Xocalı soyqırımı ilə əlaqədar parlament səviyyəsində qətnamələr qəbul edilmişdir. Dünya dövlətlərinin ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlər haqqında məlumatlanması üçün həmkarlar təşkilatları gələcəkdə də bu istiqamətdə işləri davam etdirməlidir.

AHİK-in sədri S.Mehbalıyev vurğulamışdır ki, xarici ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşlərdə, beynəlxalq tədbirlərdə Xocalı faciəsi ilə bağlı həqiqətləri onlara çatdırmağımız insanlığa qarşı törədilmiş bu cür dəhşətli cinayətlərin gələcəkdə təkrar olunmaması üçün vacibdir.

Tarix elmləri doktoru Vəkil Həsənovun Xocalı soyqırımı ilə bağlı məruzəsində ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı həyata keçirdikləri terror hadisələri, o cümlədən Xocalıda törətdikləri vəhşiliyin ağır nəticələrini konkret faktlarla nəzərə çarpdırmışdır. Bildirmişdir ki, bu qətliam bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli soyqırımı, qanlı cinayətdir.

Natiq Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri və əldə edilmiş nailiyyətləri xüsusi vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında