(əvvəli qəzetin 24 fevral 2013-cü il tarixli sayında)
Qarabağ zonasında vəziyyətin ağırlaşması ilə əlaqədar olaraq respublika prezidenti 2 yanvar 1992-ci il tarixli fərmanı ilə Xankəndi şəhəri, Şuşa, Ağdərə, Xocavənd, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xanlar, Goranboy və Tərtər rayonlarını əhatə edən ərazidə prezident idarə üsulu tətbiq etmiş, ərazinin idarə olunmasını prezident müvəkkili Musa Məmmədova tapşırmışdı.
21 yanvar 1992-ci il tarixdə prezident müvəkkili Qarabağ zonasında vəziyyət və onun sabitləşdirilməsi üçün lazım olan tədbirlər barədə respublika prezidentinə arayış təqdim etmişdi. Arayışda ermənilərin hərbi gücünün həm canlı qüvvə, həm də texnika cəhətdən azərbaycanlılardan üstün olduğu göstərilir, eyni zamanda vəziyyəti sabitləşdirmək üçün təkliflər irəli sürülürdü. Birinci təklif Qarabağda olan pərakəndə silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi olmuşdu.
10 fevral 1992-ci il tarixdə o vaxtkı prezident Ayaz Mütəllibov Qarabağ ərazisində olan silahlı qüvvələrin üzərində vahid komandanlıq yaradılması barədə 2 və 3 №-li əmrlər vermişdir. 2 №-li əmrdə vahid komandanlıq Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Qarabağ zonası üzrə Daxili İşlər İdarəsinin rəisi T.Əliyevə tapşırılmışdı. Elə həmin əmrdə Goranboy ərazisində müdafiənin təşkili respublika müdafiə nazirinin müavini D.Rzayevə həvalə olunduğu göstərilir. Əmrin başqa bir bəndində Şuşa şəhərinin müdafiəsi R.Qazıyevə həvalə edilmişdi.
Hadisələrin sonrakı inkişafı göstərdi ki, prezident sərəncamları elə havada qalası kağız parçası kimi idi. T.Əliyev prezidentin 18 fevral 1992-ci il tarixli 577 №-li fərmanı ilə üzərində olan üç vəzifə saxlanılmaqla, Ağdam şəhərinin də komendantı təyin edilmişdi. O, 21 fevral 1992-ci il tarixdə Bakıya, prezident iqamətgahına çağırılıb, 24 fevral 1992-ci il tarixli fərmanla respublikanın müdafiə naziri təyin edilmişdi.
T.Əliyev göstərilən vəzifələrə təyin edilərkən, əvvəllər tutduğu vəzifələrin heç birindən azad edilməmiş, həmin vəzifələrə heç bir şəxs təyin olunmamış, ancaq 28 fevral 1992-ci ildə Xocalı hadisələrindən sonra Qarabağ zonası üzrə silahlı qüvvələrə komandanlıq D.Rzayevə, Ağdam şəhərinin komendantlığı isə Ağdam rayon DİŞ-nin rəisi R.Məmmədova tapşırılmışdı.
İstintaqla müəyyən edilmişdir ki, Azərbaycan Xalq Cəbhəsinin liderlərindən biri olan Fəhmin Hacıyev Nəsimi Rayon Xalq Məhkəməsinin 11 yanvar 1983-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin 2-ci hissəsi ilə dələduzluq üstündə məhkum edilmişdir. 1989-cu ildə Biləcəri çağırış məntəqəsinin normal iş fəaliyyətini pozduğuna görə haqqında Azərbaycan Respublikası CM-nin 188-3-cü maddəsi ilə cinayət işi qaldırılmışdır. 1990-cı ilin fevralında Sovet Ordusunun polkovniki rütbəsində Qubadlı rayonu ərazisində saxlanılmış, üstündə qanunsuz gəzdirdiyi silah müəyyən edildiyindən həbs edilmişdi. Haqqında Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi qaldırılmışdır. Hər iki iş bir icraatda birləşdirilərək baxılmasından ötrü Bakı şəhər məhkəməsinə göndərilmiş, 5 noyabr 1990-cı ildə isə əlavə istintaqa qaytarılmışdı. Əlavə istintaq zamanı Hacıyev haqqında seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək, o, azadlığa buraxılmışdı. Haqqında olan cinayət işi isə 8 iyul 1992-ci il tarixli qərarla xitam edilmiş, onun törətdiyi cinayət hərəkətləri isə respublikanın azadlığı uğrunda mübarizə kimi qəbul edilmişdir (?).
Prezidentin fərmanı ilə 11 dekabr 1991-ci ildə V.Bərşadlının yerinə T.Mehtiyev müdafiə naziri təyin edildikdən sonra F.Hacıyev onun əleyhinə piketlər təşkil edərək istefasını tələb etmişdi. T.Mehtiyev piket təşkilatçılarını qəbul edərək, onlardan Müdafiə Nazirliyinin işinə maneçilik törətməməyi xahiş edərək, əməkdaşlıq təklif etmişdi. F.Hacıyev bu təkliflə razılaşdıqda, T.Mehtiyev 3 yanvar 1992-ci il tarixli əmri ilə ehtiyatda olan serjant F.Hacıyevi tərbiyə işləri üzrə nazir müavini vəzifəsinə təyin etmişdi. Bundan üç gün sonra isə müdafiə naziri müavini vəzifəsinə təyin etmək hüququ prezidentin səlahiyyətlərinə aid olduğundan T.Mehtiyev 6 yanvar 1992-ci il tarixli əmri ilə F.Hacıyevin müdafiə nazirinin müavini təyin edilməsi barədə əmri ləğv etmişdir.
6 yanvar 1992-ci ildən 1 fevral 1992-ci ilə kimi F.Hacıyevin Müdafiə Nazirliyində hansı vəzifədə işləməsi barədə heç bir əmr olmamışdır. Ancaq ifadələrlə müəyyən edilir ki, həmin vaxt ərzində F.Hacıyev Silahlı Qüvvələrin Qərargahında işləmişdir. 1 fevral 1992-ci ildən isə müdafiə nazirinin vəzifəsini icra edən Ş.Musayevin əmri ilə F.Hacıyev leytenant rütbəsində hərbi qulluğa qəbul edilib, əməliyyat idarəsinin baş zabiti vəzifəsinə təyin edilmişdir (?).
15 fevral 1992-ci il tarixdə Ş.Musayev F.Hacıyevə müdafiə naziri əvəzi və baş qərargah rəisinin səlahiyyətli nümayəndəsi olması barədə vəsiqə verib onu Ağdama göndərmişdir (ona həmçinin qarşıya çıxan çətinlikləri (?) yerindəcə həll etmək hüququ da verilmişdi).
Həmin gün Ağdama gələn F.Hacıyev Qarabağ zonası üzrə silahlı qüvvələrin vahid komandanı T.Əliyevin iş otağını zəbt etmiş, giriş qapılarını qorumaq üçün silahlı şəxslər təyin etmişdi. Az keçmir ki, o, özünü prezident tərəfindən göndərilən səlahiyyətli nümayəndə, bütün silahlı qüvvələrin komandanı elan etmişdi.
17 fevral 1992-ci il tarixdə Ağdam Rayon Daxili İşlər Şöbəsi rəisinin kabinetində keçirilən, Ağdamda yerləşən bütün silahlı qüvvələrin komandirlərinin iştirak etdiyi müşavirədə Qarabağ Zonası üzrə Daxili İşlər İdarəsi rəisinin müavini Ş.Cahangirov Xocalı əhalisini mühasirədən çıxarmaq üçün aparılacaq D.Rzayev tərəfindən hazırlanmış əməliyyat planını təqdim etmişdir. Müşavirədə özünü komandan kimi aparan F.Hacıyev əməliyyatın həmin plan əsasında keçirilməsini qadağan etmiş və Xocalını mühasirədən çıxarmaq üçün rəhbərliyi öz üzərinə götürmüşdü.
21, 22, 23, 24, 25 fevral 1992-ci il tarixlərdə, hər gün F.Hacıyev Xocalı şəhərini mühasirədən çıxarmaq üçün əməliyyatın başlama vaxtını təyin etmiş, hər dəfə də müxtəlif bəhanələr irəli sürərək əməliyyatın keçirilməsini Xocalı faciəsi baş verənədək başqa günə keçirmişdi. O, 23 fevral 1992-ci il tarixdə “Qrad” qurğularını səbəb göstərmədən Ağcabədi rayonunun aeroportuna aparmışdı. Xocalı faciəsi baş verərkən “Qrad”lar Ağdamda yerləşdirilmədiyindən hücum edən ermənilərə zərbə vurmaq üçün həmin qurğulardan vaxtında istifadə etmək mümkün olmamışdır.
25 fevral 1992-ci il tarixdə axşam saat 22 radələrində erməni quldurları Xocalı şəhərinə hücum edərkən F.Hacıyev Ş.Mirzəyevin batalyonunda olmuş, Xocalı əhalisini qırğından qurtarmaq üçün nə o, nə də Ş.Mirzəyevin batalyonu heç bir tədbir görməmişdi.
Asif Məhərrəmov, Allahverdi Bağırov və Yaqub Rzayevin başçılığı altında Ağdam rayonunun özünümüdafiə dəstələri Xocalı şəhərindən qırğından canlarını qurtarıb qaçan əhalinin yolunu ermənilərdən təmizləmək üçün döyüşə atılanda F.Hacıyev gizlənmişdi. Ş.Mirzəyevin və komandir olduğu batalyon isə gözləmə mövqeyi tutmuşdu. Səlahiyyətlərinin alındığını bəhanə edən F.Hacıyev isə onlara heç bir əmr verməmişdi. F.Hacıyev Xocalı əhalisinin gizli yollarla mühasirədən çıxarılmasından ötrü Qarabağ zonası üzrə Milli Təhlükəsizlik İdarəsi tərəfindən ona təqdim edilən bələdçiləri yanından qovmuş, insanları qırğına vermişdi.
1991-ci ilin payızından başlayaraq ermənilərin Dağlıq Qarabağdan kütləvi surətdə qovduqları azərbaycanlılar, əsasən, Ağdam şəhərinə pənah gətirirdilər. 15 fevral 1992-ci il tarixdə Qaradağlı kəndinin işğalı Ağdamda hadisələrin gərginliyini daha da şiddətləndirdi. On minlərlə qaçqın hər gün Ağdam şəhərinin mərkəzi meydanında mitinqlər keçirirdi. Qaçqınlar əhalinin təhlükəsizliyinin təmin edilməsi tələbi ilə Qarabağ zonası üzrə daxili işlər idarəsinin binasına basqın edib, pəncərə şüşələrini sındırır, telefon xətlərini qırırdılar. Belə bir vəziyyətdə respublika DİN 18 fevral 1992-ci il tarixli əmri ilə Ağdam Rayon DİŞ-nin rəisi İslah Paşayev vəzifəsindən azad edildi. Onun yerinə Rəşid Məmmədov təyin edildi. Ayaz Mütəllibovun 21 fevral 1992-ci il tarixli fərmanı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Səyyaf Verdiyev vəzifəsindən azad olundu. Bütün bu gülünc, həm strateji, həm də taktiki cəhətdən səhv olan yerdəyişmələr regionda yeni faciələrin başlanğıcını qoyurdu.
Xocalı hadisələri ərəfəsində Ağdam şəhərində əsl özbaşınalıq idi. Hakimiyyətsizlik, mənəm-mənəmlik və səriştəsizlik əhalini əldən salmışdı.
24 fevral 1992-ci il tarixdə saat 22 radələrində Ağdam – Əsgəran yolu ilə Xramort kəndinə kəşfiyyata gedən xüsusi təyinatlı milis dəstəsi ilə “Qarabağ” könüllülər dəstəsinin 18 üzvü yük maşınında naməlum səbəbdən qəzaya düşmüşdülər. Nəticədə, döyüşçülərdən üç nəfəri partlayış nəticəsində ağır bədən xəsarəti alaraq, ömürlük şikəst olmuşdular.
23-26 fevral 1992-ci il tarixlərdə Ağdam rayonu ərazisində yerləşən Uzundərə hərbi sursat anbarının və mühəndis-istehkamçı batalyonunun əmlakı zəbt edilmişdi. Böyük miqdarda döyüş və hərbi sursat necə gəldi dağıdılmış, sıradan çıxarılmışdı.
İstintaq zamanı tam sübuta yetirilmişdir ki, 15-25 fevral 1992-ci il tarixlərdə Xocalı əhalisini mühasirədən itkisiz, vertolyotlar vasitəsilə çıxarmaq üçün respublikamızda imkanlar olmuşdu. Respublika müdafiə nazirini əvəz edən, insanları qırğına verən Baş Qərargah rəisi Ş.Musayevin bilavasitə öz tabeçiliyində 8 ədəd Mİ-24 markalı hərbi vertolyot olmuşdu. Sonra bu vertolyotlar Səngəçal ərazisindəki hərbi hissədən Zabrat aeroportuna gətirilmişdi. Kimin üçün, nə üçün? Bütün bu sualların cavabları hələlik açıq qalıb.
Xocalı hadisələri ərəfəsində “Azalaero” aviaşirkətinin sərəncamında onlarla sərnişin daşıyan Mİ-8 markalı vertolyot uçuşa hazır vəziyyətdə idi. Doğrudur, 28 yanvar 1992-ci il tarixdə Şuşaya uçan vertolyotlar ermənilər tərəfindən vurulduqdan sonra mülki vertolyotlarla uçuşlar dayandırılmışdı. Ancaq hərbi vertolyotların müşayiəti ilə sərnişin vertolyotlarının uçuşunu təmin etmək mümkün idi. Buna hər cür imkan var idi.
Şübhəsiz, Xocalı şəhəri əhalisinin evakuasiyası barədə qərar hökumət səviyyəsində qəbul edilməli idi. Çünki belə göstəriş var idi. 1986-cı il DNQO-0014 №-li direktivinə görə, hər hansı bir yaşayış məntəqəsinin evakuasiyası barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilməli idi. Xocalı şəhər əhalisinin evakuasiyası barədə qərarda hökümət səviyyəsində qəbul edilməli idi.
Xocalının müdafiəsi və əhalinin köçürülməsi ilə bağlı törədilən cinayətlər nəticəsinə görə olduqca faciəvi oldu. Səhlənkarlıq, məsuliyyətsizlik, etinasızlıq, səriştəsizlik və bir də ağılsızlıq (başqa cür demək mümkün deyil) insanların kütləvi şəkildə qırılmasına, yurd yerlərinin böyük dağıntısına, ağlagəlməz itkilərə səbəb oldu.
O vaxtkı Azərbaycan rəhbərliyinin buraxdığı bağışlanmaz taktiki və strateji səhvlərdən istifadə edən erməni terror birləşmələri, silahlı separatçı, muzdlu dəstələr Dağlıq Qarabağın yaşayış məntəqələrini viran qoydular, Qaradağlıda, Meşəlidə, Xocalıda, Bağanis-Ayrımda... əsl etnik təmizləmə siyasəti apardılar. Azərbaycanlılara qarşı erməni soyqırımı heç nə ilə inkar edilə bilməz. Buna heç kəsin, heç bir beynəlxalq qurumun, erməni havadarlarının və qəyyumlarının sübut-dəlili çatmaz. Fakt faktlığında qalır. Maraqlıdır ki, bu gün ermənilərin özləri də 1990-94-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində törətdikləri vəhşiliklərdən vahimələnib qorxurlar. Qorxurlar ona görə ki, nə vaxtsa bütün bunların qisası alınacaq, işğal altında saxlanılan torpaqlar azad olacaq, cinayətkarlar cəzalarını alacaqlar.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xalqımıza, millətimizə qarşı aparılan soyqırımla bağlı, törədilən cinayətlərlə bağlı xüsusi kartotekalar tərtib olunmuşdur. Burada cinayətləri sübuta yetirilmiş, ermənilərdən ibarət böyük terrorçu qrupun üzvlərinin hər biri haqqında kifayət qədər material var. Xocalı soyqırımı ilə bağlı 200 nəfərdən çox cinayətkar (erməni və rus millətindən olan) haqqında dəqiq fakt və sənədlər yığılmışdır. Əldə olunan videolentlər, sənədlər, dindirmə protokolları, foto-şəkillər, ifadələr... təkzibolunmaz fakt kimi saxlanılır.
Tarix separatçıların liderləri olan Zori Balayanı, Arkadi Qukasyanı, Robert Köçəryanı, Serj Sarkisyanı, Seyran Ohanyanı... çox keçməz ki, ifadələri alınmaq üçün “həqiqət kürsüsü”nə dəvət edəcək.
Azərbaycan xalqına qarşı Dağlıq Qarabağda etnik təmizləmə siyasətinə başçılıq edən, soyqırımı törədən qruplara yardımçı olan ermənilərin siyahısını “Xalq qəzeti”nin oxucularına təqdim edirik:
İsrayelyan Boris İsraeloviç, Qriqoryan Andon Artsronikoviç, Qaramyan Suren Nikolayeviç, Arakelyan Marat Borisoviç, Balayan Emil Vartanoviç, Qriqoryan Aleksandr Stepanoviç, Qayamayan Qabriel Gevorkoviç, Vartanyan Melik Yenokoviç, Cavaxyan Qriqoriy Eduardoviç, Akopyan Armais Yaşayeviç, Terzikyan Sergey Vanikoviç, Arutyan Movses Aşotoviç, Dulunts Movses Qaraşoviç, Saroyan Armais Vldaimiroviç, Saakyan Qrışa Sergeyeviç, Ayanyan Sarkis Taşisoviç, Gevorkyan Nikolay Mixakoviç, Safaryan Mixayil Abramoviç, Nolyan Aleksandr Robertoviç, Mecyan Albert Manveloviç, Akopoxvyan Melki Armaisoviç, Qriqoryan Karen Papikoviç, Markosyan Papik Ayxazoviç, Zarkaryan Daniel Vasilyeviç, Caqaryan Mixail Sarkisoviç, Akopxyan Sarkis Arutyunoviç, Qriqoryan Qevorq Vaqanoviç, Xaçatryan Valeriy Mövsesoviç, Saakyan Martik Aleksandroviç, Markosyan Nikolay Rantikoviç, Qurqazaryan Papik Arşakovıç, Ağacanyan Aşot Arşaviroviç, Markosyan Yurik Aykazoviç, Ayranyan Seyran Qriqoryeviç.
Separatçıların ideoloqu Z.Balayanın, R.Köçəryanın, A.Qukasyanın... adları, zaman gələcək, beynəlxalq qurumlarda dünyanın ən qəddar terrorçuları ilə eyni cərgədə çəkiləcək. X-XV əsrlərdə baş verən müharibələri, münaqişələri araşdıran, tədqiq edən müsəlman sərkərdəsi Əmir Saleh “Qiyamət günü” əsərində yazırdı: “...İnsanları diri-diri yandıranları, uşaqları, şikəst qocaları, hamilə qadınları əzən, məhv edən, öldürən, təhqir edən kəsləri öz adları ilə çağırın. Onların bir adı var: Əclaf. Bu, ağır sözdür. Amma nə etmək ki, ondan da ağırı olsaydı, deyərdim...”.
(ardı var)
Rövşən NOVRUZOĞLU,
politoloq-publisist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.