Xocalı soyqırımı erməni vandalizminin dəhşətli səhifəsidir

 

 

 

 

 

  Tarix boyu Azərbaycan xalqı ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də məhz Xocalı soyqırımıdır. Sovetlər dönəmində Xocalı adına rəsmi mətbuatda, demək olar ki, rast gəlinmirdi. Təəsüfflər olsun ki, Xocalı tarixə “Xocalı faciəsi” kimi düşdü. Xalqımız haradan biləydi ki, müdhiş Qanlı Yanvar gecəsindən sonra onu, Xocalı soyqırımı kimi faciə də gözləyir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları və uzun illər dünya ictimaiyyətinə “sülhsevər” ordu kimi təqdim edilən Sovet Ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı Azərbaycanın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktını törətdilər.

Bu o dövr idi ki, Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenicə elan etmişdi. Özünə hələ ordu yarada bilməyən yeni dövlətin başına tarixdə görünməmiş bir faciə gətirildi.

Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüşdü. 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşdular. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışdılar. Təsəvvür edin ki, bütün ailə üzvləri öz doğma evlərində şirin yuxuda ikən qəfildən divar yarılır və zirehli texnika içəriyə daxil olur, müxtəlif çaplı silahlardan atəş açılır və günahsız insanlar qanlarına qəltan edilirlər.

Misli görünməmiş bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi. Lakin çox təəssüflər olsun ki, bu faciənin qarşısının alınması üçün respublikanın həmin dövrdəki rəhbərliyi tərəfindən, nəinki zəruri tədbirlər görülmədi, əksinə, faciə haqqında məlumat ictimaiyyətdən gizlədildi.

27 fevral 1992-ci il tarixdə rəsmi mətbuatda “Xocalıda vəziyyət haqqında” Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin məlumatı dərc edilmişdi. Xocalı yaşayış məntəqəsi yerlə yeksan edildiyi, 613 nəfər dinc azərbaycanlı qəddarcasına qətlə yetirildiyi halda, yalnız iki sakinin həlak olması göstərilmişdi(?!). Məlumatda daha sonra göstərilirdi ki, Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətə uyğun  deyildir.

Hələ bu azmış kimi, 29 fevral 1992-ci il tarixdə MDB birləşmiş silahlı qüvvələri baş komandanı, aviasiya marşalı Yevgeni Şapoşnikovun Azərbaycan və Ermənistan respublikalarının rəhbərlərinə teleqramı barədə məlumat da dərc edilmişdi. Teleqramda qeyd edilirdi ki, “görülən müsbət tədbirlərə baxmayaraq, Dağlıq Qarabağ ətrafında vəziyyətdə dinc yolla nizamlanmağa doğru meyillər yoxdur”. Məntiqə baxın, Xocalı yaşayış məntəqəsinin yerlə yeksan edilməsinə, günahsız insanların kütləvi surətdə, qəddarcasına öldürülməsinə teleqramda “görülən müsbət tədbir” kimi qiymət verilirdi (?!).  Teleqramda daha sonra göstərilirdi ki, Baş komandan 366-cı motoatıcı polku Dağlıq Qarabağ ərazisindən çıxarmağı əmr etmişdir. Lakin artıq gec idi. 366-cı motoatıcı polk öz mənfur niyyətini həyata keçirmişdi...

Bəli, həmin vaxtdan artıq 21 il keçir və hamını belə bir haqlı sual düşündürür: Bu faciənin qarşısını almaq mümkün idimi?!

Cavab isə birmənalıdır:  Əlbəttə mümkün idi. Ümummilli lider Heydər Əliyevin xəbərdarlıqlarına vaxtında əməl  edilsəydi,  Xocalı  köməksiz  qalıb şəhid olmazdı.

Ümummilli lider Heydər Əliyev müdrikcəsinə demişdir: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”.

Ölkəmizin həmin ağır vaxtlarında dahi şəxsiyyət Heydər Əliyev respublika rəhbərliyində olsaydı, nəinki Xocalı faciəsinin, hətta bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin, həmçinin, bundan sonra, torpaqlarımızın 20 faizinin itirilməsinin, xalqımızın başına gətirilmiş digər faciələrin də, şübhəsiz ki, qarşısı alınmış olardı.

Xocalı faciəsi kimi kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və dinc insanları məhv etmək niyyəti güdmüşlər.

Erməni təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20 faizi işğal edilərək 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi,  bütün var-dövləti orada qalmışdır.  Bununla da respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.

Kütləvi informasiya vasitələrində gedən məlumatlardan göründüyü kimi, ermənilər işğal edilmiş ərazilərdə ötən illərdə ardıcıl kütləvi yanğınlar törətmişlər. Bunların isə respublikamızın flora və faunasına, bir sözlə ekoloji durumuna ciddi zərərini nəzərə alsaq, ölkəmizə vurulan ziyanın məbləği ilbəil, aybay deyil, günbəgün artır. Ümumiyyətlə, bütün bunları nəzərə alsaq respublikamıza vurulmuş ziyanın məbləği 60 milyard ABŞ dollarından artıqdır.

Bu işğalın yalnız maddi nəticəsidir. Bəs mənəvi zərər?!. Atalar demişkən: “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Bu doğrudan da, belədir. Mənəvi ziyanı isə heç nə ilə kompensasiya etmək mümkün deyil.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü il tarixdə hakimiyyətə qayıtdıqdan sonra, ölkə başçısı kimi bütün xarici səfərlərində dövlət rəsmiləri ilə, iş adamları ilə, ictimaiyyətin nümayəndələri ilə görüşlərində yorulmaq bilmədən Qarabağ həqiqətlərini onlara çatdırmış və beynəlxalq aləmdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bu ərazinin tarixən Azərbaycan torpaqları olması haqqında obyektiv fikrin formalaşdırılmasına çalışmışdır.

Nə qədər ki, Xocalı faciəsi qondarma “Dağlıq Qarabağ problemi” ilə əlaqədardır, bununla bağlı bir məqamı da qeyd etmək, xüsusilə, yerinə düşər.  Xalqımız bu problemin beynəlxalq hüquq normalarına müvafiq, dinc yolla yaxın vaxtlarda ədalətli həllini səbirsizliklə gözləyir. Lakin Qarabağ probleminin dinc yolla həlli istisna olduğu halda, şübhəsiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, torpaqlarımızın müharibə yolu ilə geri qaytarılması xalqımızın təbii, ayrılmaz və konstitusiya hüququdur.

Çox təəssüflər olsun ki, Xocalı qətliamından 21 il keçməsinə, hazırda 6 ölkə tərəfindən Xocalı soyqırımı tanınmasına baxmayaraq, bütövlükdə beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımına lazımı qiymət verilməmiş və bunu törədən cinayətkarlar bu günə qədər öz layiqli cəzalarını almamışlar. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) quruma üzv ölkələrin dövlət başçılarının iştirakı ilə bu ilin fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən Xll sessiyası Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanımışdır. Bütün bunlara baxmayaraq, dünyada hələ də ikili standartlar mövcuddur.

İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru,
hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında