Çexiya parlamenti Ermənistanı insanlığa qarşı cinayət törətməkdə pisləyən qətnamə qəbul etmişdir

 

 

Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur.

Fevralın 7-də ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir.

Qəbul edilmiş sənəddə qeyd olunur ki, “bu qırğın haqqında dünyanın bir çox kütləvi informasiya vasitələri məlumat yaymış və bu hadisə “Human Rights Watch/Helsinski” təşkilatı tərəfindən erməni hərbi qoşunlarının münaqişə zonalarında dinc əhaliyə münasibətdə beynəlxalq hüququn adi normalarının pozulması kimi bəyan edilmişdir”.

Sənəddə xüsusi vurğulanır ki, “insanlığa qarşı törədilən bu cinayəti bir çox dünya hökumətləri də pisləmişlər”.

Qəbul edilmiş sənəddə o da qeyd edilir ki, “Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalına son qoyulmasına çağıran BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri indiyədək yerinə yetirilməmişdir. BMT Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyası öz qətnamələrində Azərbaycan Respublikasının Dağlıq Qarabağ da daxil olmaqla suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər”.

Nəhayət, yekdilliklə qəbul edilmiş qətnamənin sonuncu paraqrafında deyilir: “Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, qırğın və soyqırımı hallarını törədilmə vaxtından və yerindən asılı olmayaraq pisləyir. Bütün bu cür aktları pisləyən, qəbul edilmiş qətnamələrin ardıcıllıqla yerinə yetirilməsinə çağırırıq. Bu kontekstdə Xocalıda törədilmiş qırğını insanlığa qarşı cinayət hesab edərək, onu pisləyir və rədd edirik. Bununla həmin faciənin 21-ci ildönümünü anır və Azərbaycan xalqına başsağlığı veririk”.

Beləliklə, Çexiya parlamenti Avropa İttifaqında Ermənistanı Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə pisləyən ilk qanunverici orqan olmuşdur. Çexiya bu qətnamə ilə Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının tərkib hissəsi kimi, Ermənistanı isə bu ərazini işğal etmiş, Xocalıda ən ağır cinayətin törədilməsində təqsirkar olan dövlət kimi tanıdığını bir daha rəsmən təsdiq etmişdir.

Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Praqa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında