2013-cü il fevralın 26-da erməni quldurlarının xalqımıza qarşı törətdikləri Xocalı soyqırımının 21 ili tamam olur. Soyqırımı yunan “genos” sözü olmaqla, mənası hər hansı milli, etnik, irqi və yaxud dini qrupun tamamilə və yaxud qismən məhv edilməsi deməkdir. Genosid milli genefondun, xalqın gen daşıyıcılarının məhvi, millətin tarix səhnəsindən birdəfəlik silinməsidir.
Ermənilərin törətdikləri soyqırımı türk soyunun, türk nəslinin kəsilməsinə yönəlmiş qeyri-insani cinayətdir. BMT Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi Konvensiya dinc və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımı beynəlxalq cinayət adlandırmış, onu törədənləri ciddi cəzalandırmağı tələb etmişdir. Xocalı soyqırımı Xatun, Xırosima, Sonqmi soyqırımlarından daha dəhşətli, insanlığa sığmayan və analoqu olmayan qanlı cinayətdir.
XX yüzilliyin sonunda törədilmiş Xocalı qətliamı erməni quldurlarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin davamı və ən faciəli səhifəsidir.
Belə bir cəhəti vurğulamaq vacibdir ki, Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verilən savaş əslində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, açıq-aşkar ekspansiyaçı siyasətdir. Bunu əli qana batmış erməni rəhbərlərinin özləri etiraf edirlər. Ermənistan prezidenti S.Sarkisyan bildirmişdir: “İşğal etdiyimiz torpaqlar var, bunda utanılası heç bir şey yoxdur. Bu torpaqları təhlükəsizliyimizi təmin etmək üçün tutmuşuq”. Onun sözlərindən belə çıxır ki, istənilən dövlət öz təhlükəsizliyini təmin etmək pərdəsi altında qonşu ölkənin torpaqlarını işğal edə bilər. Əslində Azərbaycan heç vaxt terror və təcavüzkarlıq ocağı olan Ermənistan torpaqlarını işğal etmək niyyətində olmamışdır.
Azərbaycana qarşı erməni ekspansiyasının tarixi köklərinə nəzər saldıqda göstərmək vacibdir ki, heç bir ərazisi, vətəni və dövləti olmayan ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün dəfələrlə Rusiya çarlarına müraciət etmişlər.
1712-ci ildə erməni missionerləri çar I Pyotrla görüşmüş, ona 31 adda rüşvət vermiş, əvəzində erməniləri Azərbaycanın münbit və səfalı torpaqlarında yerləşdirməyi xahiş etmişdilər. Ermənilərin “hədiyyələrindən” -26 Qarabağ atı, Azərbaycan xalçaları, qiymətli ləl-cəvahirat, qızıl və digər əşyalardan məmnun olan çar I Pyotr azərbaycanlıları qovub onların ərazisində erməniləri yerləşdirməyi tələb etmişdi.
Onun sələfləri erməniləri hərtərəfli dəstəkləyərək rəsmi qaydada onların Azərbaycanda yerləşdirilməsi üçün hər şey etdilər. Ermənistan dünya xəritəsində özü də Azərbaycan ərazisində kiçik bir dövlət kimi meydana çıxdıqdan sonra Rusiya strategiyasının üzünmüddətli tələblərini yerinə yetirərək Azərbaycanın digər ərazilərini ələ keçirmək üçün çoxsaylı deportasiya və soyqırımları təşkil etdi. Totalitar sovet rejimi şəraitində də erməni mafiyasının təsiri altında olan SSRİ rəhbərliyi Azərbaycanın əzəli torpaqlarını fasiləsiz surətdə Ermənistana vermək siyasətini davam etdirdi. 70 il ərzində ən çox ərazi itkisinə, repressiyalara məruz qalan Azərbaycan Respublikası oldu, ölkəmizin maddi sərvətləri talan edildi. Çox şeyi unutmaq olar. Amma vətənə, millətə, torpağa qarşı edilən cinayətləri yaddaşlardan silmək olmaz.
1985-ci ilin əvvəllərində SSRİ-də hakimiyyəti zəbt edən M.Qorbaçov açıq şəkildə erməni separatizmini və ekspansiyasını dəstəkləyərək antiazərbaycan, antitürk siyasəti yeritdi. Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək vəzifələrdən kənarlaşdırılması da onu əhatə edən Şahnazarov, Aqanbekyan, Brutens, Sitaryan və başqa millətçi yanların ekspansiyaçılıq planlarını reallaşdırmaq siyasətinin nəticəsi idi. M.Qorbaçov və arvadı Raisa Maksimovnanın Parisdə və Vaşinqtonda rəsmi dövlət səfərlərində olarkən erməni biznesmenləri ilə görüşmələri və onlardan çox qiymətli “hədiyyələr”, daha doğrusu, rüşvət almaları da ermənilərin ərazi iddialarını həyata keçirmək məqsədi güdürdü. Erməni lobbisinin onlara bağışladığı 62 karatlı, üzərində “Arsax” (Qarabağ) sözü yazılmış qiymətli medalyon birbaşa Dağlıq Qarabağın Ermənistana verilməsinə tuşlanmışdır. Rusiyanın himayədarlığı sayəsində Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər son 20 il ərzində xalqımıza qarşı 6 deportasiya və 4 soyqırımı tətbiq edərək 2 milyondan artıq soydaşımızı qətlə yetirmişlər. Son deportasiya və qətliamdan bəhs edən sabiq SSRİ-nin Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini F.Babkov “DTK və hakimiyyət” adlı kitabında yazır ki, M.Qorbaçovun hakimiyyətə gəlməsilə Ermənistanda və Dağlıq Qarabağda şovinizim və separatçı hərəkat gücləndi, millətçi partiyaları açıq fəaliyyətə başlayaraq Azərbaycana qarşı ərazi iddiası irəli sürdülər. Bunun olduqca təhlükəli nəticələr verəcəyini Qorbaçova bildirdikdə o, bunun “yenidənqurmanın” vacib şərtlərindən biri olduğunu söyləyərək açıq şəkildə erməni separatizmini dəstəklədi. Azərbaycana qarşı erməni ekspansiyası getdikcə gücləndi. Qısa müddətdə Ermənistanda yaşayan 220 mindən çox, Dağlıq Qarabağdakı 50 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından qovuldular. Qorbaçov erməni millətçilərini cəzalandırmaq əvəzinə Bakıda 1990-cı il qanlı yanvar qətliamını törədərək təcavüzə məruz qalan Azərbaycan xalqının qəddar düşməni olduğunu bir daha təsdiqlədi.
Qorbaçovun antiazərbaycan siyasətini Rusiya prezidenti B.Yeltsin davam etdirərək ermənilərin geniş miqyaslı hərbi əməliyyatlar aparmalarına imkan yaratdı.
90-cı illərdə Rusiya Federasiyasının Ermənistanda səfiri işləyən V.Stupuşinin bu yaxınlarda çap edilmiş “Mənim Ermənistanda xidmətim” kitabı bir çox gizli məqamlardan xəbər verir. Erməni mafiyasının əlaltısına çevrilən bu rəzil səfir erməni bandit dəstələrini Rusiya silahları ilə silahlandırmaq sahəsindəki fəaliyyətlərindən qürur duyduğunu bildirir. Stupuşinin Azərbaycan xalqına qarşı böhtanlar atmasının bir səbəbi də onun arvadının erməni olmasıdır. Bütün hallarda qadın diplomatiyasından məharətlə istifadə edən ermənilər Azərbaycana qarşı böhtanla dolu kitablarını rus səfirinin və akademik A.Saxarovun imzası ilə çap etdirmişlər.
Ermənilərin ekspansiyaçı siyasətini hərtərəfli dəstəkləyən Rusiya 1991-ci ilin sonunda təcavüzkar Ermənistanla “dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə imzaladı. Bununla da Azərbaycana qarşı Ermənistana açıq-aşkar silahlanmaq imkanı yaratdı. 1992-ci il fevralın 19-da Rusiya Prezidentinin iqamətgahında Sapoşnikovla Ermənistan prezidenti L.Petrosyanın məxfi görüşü keçirilmiş və “Xocalı qırğınının” ssenarisi hazırlanmışdı. MDB silahlı qüvvələrinə məxsus olan ordunun 366-cı motoatıcı alayının Xankəndinə köçürülməsi də erməni ekspansiyasını həyata keçirmək məqsədi güdürdü. Zaqafqaziya qoşunları baş komandanının müavini general- leytenant Ohanyan erməni terrorçularına hərtərəfli yardım göstərirdi. 366-cı alayda xidmət edən və rus qoşunlarının hərbi texnikasından istifadə edən erməni silahlı qüvvələri 1991-ci ilin sonu—1992-ci ilin əvvəllərində Azərbaycanın 20-dən artıq kəndini işğal etdilər. Təsadüfi deyildi ki, 366-cı alayda xidmət edən 7 nəfər özbək və türkmən əsgərləri 1992-ci ilin yanvarında alaydan qaçaraq bildirmişdilər ki, alayın əsgər və hərbi texnikası erməni terrorçularına xidmət edir və onlardan Azərbaycan ərazilərini işğal etmək üçün istifadə olunur. Həmin alaydakı ukraynalı əsgərlər də bu faktları təsdiqləmişdilər. Ermənilər öz işğalçılıq planlarını həyata keçirmək üçün Fransadan çoxlu silah, hərbi sursat və ərzaq almışdılar. Onlar eyni zamanda, 1990-cı ilin yanvarından 1992-ci ilə qədər Zaqafqaziyadakı silah anbarlarına dəfələrlə hücum edib çoxlu miqdarda silah ələ keçirmişdilər. Rusiya səfiri Stupuşı kitabında erməni quldurlarının Rusiyanın Gümrüdəki silah anbarına hücum etmələri və beş rus zabitini qətlə yetirərək çoxlu miqdarda silah, hərbi sursat ələ keçirmələrini təsdiqləyir. Həmin qatillərin cəzasız qalmasında erməni rəhbərliyinin xidməti yüksək dəyərləndirilir. Ermənilər 366-cı alayın nəzdində “KRUNK erməni cəbhəsi” deyilən rota təşkil etmişdilər. Onun özəyini Livan, Suriya, Amerika, Kanada, İran, İsveç və Hollandiyadan gələn muzdlular təşkil ediblər.
“Financial times” qəzeti yazırdı ki, Livandan olan kinooperator onun ölkəsindəki varlı daşnak qüvvələrinin ermənilərə silahlarla və adamlarla kömək göstərdiyini nəzərə çatdırır. Fevralın 17-də “Susanik” adlı erməni snayperçilər dəstəsi də onun tərkibinə daxil edildi. Erməni ekstremistləri Xankəndindəki 463-cü əlahiddə kəşfiyyat botalyonunun əsgərlərini də satın alaraq Xocalı əməliyyatlarına cəlb etmişlər.
Ermənistan nizami ordu yaradıb onu müasir silahlarla silahlandıraraq geniş miqyaslı əməliyyat apardığı halda Azərbaycan rəhbərliyi hərbi hissələrin müxalifəti müdafiə edəcəyindən ehtiyatlanaraq milli ordu yaradılmasının əleyhinə çıxdı. Ölkənin müdafiəsi milis dəstələrinin ümidinə qaldı. Xalqın tələbi ilə yaradılmış kiçik hərbi hissələr isə müasir hərbi texnika ilə silahlanmış erməni hərbi qüvvələri qarşısında duruş gətirə bilmədilər.
1992-ci ilin yanvarında Kərkicahan düşmən əlinə keçdi və yandırıldı. Erməni quldurları az sonra Malıbəylini, Aşağı Quşçunu və Yuxarı Quşçunu işğal etdilər, bununla da Xocalı və Şuşanın mühasirəsi olduqca daraldı. Fevralın ortalarında ermənilər Qaradağlı kəndinə hücum etdilər. 4 gün davam edən qanlı döyüşlərdən sonra düşmən kəndi ələ keçirib onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə öldürərək silah quyusuna atdı. Qalan 117 kənd əhalisi əsir götürülmüş və az sonra onlardan 77 nəfəri amansızlıqla qətlə yetirilmişdi.
Erməni qoşunları fevralın 17-də 366-cı rus alayının köməyi ilə Qaradağlı kəndinə hücum etdilər. Yerli müdafiə dəstələri düşmənə qarşı qəhrəmancasına vuruşdu, döyüşdə 120 nəfər şəhid oldu.
Xocalı və Xocavənd bölgəsində yaranan gərgin vəziyyətlə əlaqədar kömək göstərilməsi barədə xalqın respublika rəhbərlərinə dəfələrlə müraciəti nəticəsiz qaldı. Prezident A. Mütəllibov öz kreslosunu saxlamaq qayğısına qalaraq, Xocalının müdafiəsi üçün tədbir görmədi. Respublika iqtidarının cinayətkarlığı üzündən şəhərin müdafiəsi möhkəmləndirilmədi. 80 nəfərlik yerli özünümüdafiə dəstəsi isə heç bir zirehli texnika ilə təchiz edilməmişdi.
Erməni quldarları 1992-ci il fevralın 25-də saat 21-də Xankəndindəki 366-cı motoatıcı alayın, habelə xaricdən gətirilmiş muzdluların köməyi ilə Xocalıya basqın etdilər. İlk zərbə Xocalı hava limanına vuruldu. Müdafiəçilər sayca az olmalarına və pis silahlanmalarına baxmayaraq düşmənə qarşı mərdliklə vuruşdular. Milis mayoru Əlif Hacıyevin başçılıq etdiyi 22 nəfərlik dəstə düşmənin şiddətli hücumlarını üç dəfə uğurla dəf etdi. Əlif Hacıyev ağır yaralandı və qəhrəmancasına həlak oldu.
Düşmən qüvvələri üç tərəfdən Xocalıya basqın edərək şəhərə od yağdırmağa başladılar. Tofiq Hüseynovun rəhbərlik etdiyi özünümüdafiə dəstəsinin döyüşçüləri qat-qat güclu olan qəddar düşmənlə qəhrəmancasına vuruşdu, xeyli xocalının mühasirədən çıxmasına imkan yaratdı. Xeyli miqdarda erməni faşistini məhv edən T.Hüseynov son gülləni özünə vurdu, ana torpaq uğrunda canını fəda etdi. Ölümündən sonra həm ona, həm də Əlif Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Bir gecənin içində yüzlərlə günahsız insan vəhşicəsinə məhv edildi. O, zamankı statistik məlumata görə, Xocalı faciəsində 613 nəfər , o cümlədən 106 qadın və 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 500-dən artıq adam yaralanıb şikəst olub. Faciə gecəsi 1275 nəfər insan əsir götürülüb, 150 nəfər itkin düşüb. Şəhərin özü yerlə-yeksan edilib. Bizcə, göstərilən rəqəmlər əsl həqiqəti əks etdirmir.
(ardı var)
Xəlil KÖÇƏRLİ,
tarix elmləri doktoru,
professor, əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.