“Biz, idman veteranları Azərbaycanın dünyada bugünkü şöhrəti ilə qürur duyuruq”

“Ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan prezident seçkiləri ərəfəsində veteran idmançılar bu siyasi kampaniyada mütəşəkkilliklə iştirak edir və idman ictimaiyyətinin nümayəndələrini, xalqımızı seçkilərdə fəal iştiraka çağırırlar”.

Bu fikirləri qəzetimizə qılıncoynatma üzrə idman ustası, İdman Veteranları İttifaqının sədri, “XX əsrin ən yaxşı məşqçisi”, “Şöhrət” ordenli Yaşar Məmmədov bildirdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın bu gün dünyanın öndə gedən ölkələrindən biri kimi tanındığını vurğulayan Yaşar Məmmədov bu görkəmli nailiyyətlərlə idman veteranlarının fəxr etdiklərini dilə gətirdi: “Müasir müstəqil Azərbaycanın qazandığı böyük uğurlar onu dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevirib. Beynəlxalq, regional məkanda reallaşdırılan uğurlu sosial-iqtisadi layihələr, həyatın bütün sahələrində böyük inkişaf, nəhəng quruculuq prosesi, xalqın rifahı naminə görülən genişmiqyaslı işlər ölkəmizin gücünü ildən-ilə artırır, beynəlxalq aləmdəki nüfuzunu getdikcə möhkəmləndirir. Azərbaycanın, həm də dünyada idman şöhrətinin son illər daha da yüksəldiyini, ölkəmizin sayılıb-seçilən idman dövlətləri ilə bir sırada dayandığını xüsusi qeyd etmək istəyirəm”.

Həmsöhbətim qeyd etdi ki, ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatının genişləndirilməsi üçün yaranmış imkanlar, bu sahədə həyata keçirilən tədbirlər, əldə edilmiş böyük nailiyyətlər bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirmiş, nəhəng infrastrukturun qurulması - müasir standartlara cavab verən Olimpiya idman komplekslərinin, müxtəlif təyinatlı idman qurğularının, stadionların inşa edilməsi mühüm vəzifələr kimi müəyyənləşdirilmişdir: “Ən nüfuzlu idman qurumlarının rəsmiləri ölkəmizdə səfərdə olarkən qıza zaman kəsiyində idmanın inkişafı istiqamətində görülən bu cür genişmiqyaslı işlərdən heyranlıqlarını gizlədə bilmədiklərini dönə-dönə qeyd ediblər. Müasir, demokratik, dinamik inkişaf edən ölkəmizin idman nailiyyətlərinin bu qədər sürətlə artmasını dövlətimizin idmana diqqət və qayğısının təzahürü kimi qiymətləndiriblər. Mən 2016-cı ildə Rio Olimpiadasında idmançılarımızın böyük uğurunu xüsusi qeyd etmək istəyirəm. 18 medalla 206 ölkə arasında 15-ci pillədə qərarlaşmaq parlaq nəticə idi. Ötən il Azərbaycan idman tarixində ilk dəfə olaraq iki atletimiz üçüncü dəfə dünya çempionluğunu qazandı. Ölkəmiz bir daha sübut etdi ki, dünya Olimpiya ailəsində öz layiqli yerini qazanıb”.

Veteran idmançı xatırlatdı ki, Azərbaycan ilk Avropa Oyunlarının vətəni kimi tarixə düşüb. Ölkəmiz birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı tədbirləri, müxtəlif növlər üzrə dünya, Avropa çempionatları kimi mötəbər yarışları yüksək səviyyədə keçirməklə dünyanın idman mərkəzlərindən biri kimi diqqət mərkəzindədir. Gələn ay isə Bakıda dünyanın ən məşhur yarışlarından olan “Formula-1” artıq üçüncü dəfə keçiriləcək. Qeyd edim ki, ötən il Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisi mövsümün ən maraqlı yarışlarından biri kimi tarixə düşüb.

İdman ustası sonda qeyd etdi ki, bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını, bütün sahələrdə artan potensialını üzə çıxarmaqla dövlətimizin yenilməz gücünü göstərir. “Biz, idman veteranları Azərbaycanın dünya miqyasında bugünkü şöhrəti ilə haqlı olaraq qürur duyuruq. Ölkəmizdə yüksək inkişaf tempinin bu cür davam etməsini alqışlayırıq. İnanırıq ki, budəfəki prezident seçkiləri də yüksək səviyyədə, xalqın fəal iştirakı ilə tam demokratik şəkildə keçiriləcək”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında