Azərbaycan qlobal dialoqun ən mükəmməl platforması olduğunu bir daha sübut etdi

Azərbaycan artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi edən paytaxt kimi tanınır. Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.

Bu, təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün nümunəvi məkandır. Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişaf yolunda uğurla irəliləyən, mühüm uğurlar əldə edən respublikamızı daha yaxından tanıyır və onun beynəlxalq miqyasda artan nüfuzunun əyani şahidinə çevrilir. Bununla da Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini əsaslandırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, profesor İsaxan Vəliyev bu barədə söz açaraq dedi:

- Azərbaycanın son illərdə uğurla evsahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Qlobal Bakı Forumudur. Respublikamızda indiyədək 5 forum keçirilib. Sonuncu forum isə artıq yenicə yekunlaşıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən və “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan budəfəki forumda beynəlxalq münasibətlərdə güc anlayışı və meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik, Balkan regionunda hazırkı və gələcək vəziyyət - regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə edilib.

Yeri gəlmişkən, VI Qlobal Bakı Forumunun üçüncü iş gününün ilk panel iclasında müzakirə edilən “Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik” mövzusu ilə bağlı bir məqamı qeyd etmək istərdim. Ona görə ki, bu gün cəmiyyətdə inklüziya və eksklüziya, texnologiya və idarəetmə, gənclərin müxtəlif sahələrdə təmsilçiliyi kimi məsələlər tez-tez müzakirə edilir. Azərbaycanda da mühüm önəm daşıyan bu mövzu son dövrlərdə aktual xarakter alıb, bununla bağlı reallaşdırılan tədbirlərdə ciddi fikir ayrılıqları ortaya çıxıb. Bu da təbiidir. Çünki Qlobal Bakı Forumunda da bildirildiyi kimi, eksklüziyanı öyrənmək üçün ayrıca təhsil lazım deyil. Hazırda müxtəlif ölkələrdə irqi, dini, milli, gender, miqrasiya, əlillik və digər məsələlərlə bağlı ayrı-seçkilik halları müşahidə edilir. İnsanlar cəmiyyətdə ortaq cəhətlərlə bağlı birlik nümayiş etdirməli, fərqli cəhətləri isə öyrənməlidirlər. Habelə sosial modellik, iqtisadi gəlirin təkrar bölgüsü məsələlərinə yenidən baxılsa, daha faydalı olar. Elə bir dünyada yaşamalıyıq ki, hər kəs özünü öz ölkəsində əmin-aman hiss etsin. İnklüziya təşviq edilməli, təcrid etmək halları aradan qaldırılmalıdır.

Forumda səsləndirilən bir fikirlə də tam razıyam. Belə bir qənaətə tam şərik oluram ki, bu gün dünyada gənclərin cərəyan edən proseslərə cəlb edilməsində həqiqətən müəyyən problemlər var. Bunu problemin həlli üçün müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın müsbət təcrübəsindən istifadə etmək zəruridir.

Sonuncu Bakı Forumu bir daha göstərdi ki, bu mühüm tədbir artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrilib. Ona görə forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır, mövcud problemlərin həllinə müsbət təsir baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında