Azərbaycan dünyada nüfuzlu idman ölkələrindən biri kimi tanınır

Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi böyük əhəmiyyət daşıyır. Müstəqilliyinin 26-cı ilini yaşayan respublikamızda güclü idman potensialının yaranması ölkəmizin şan-şöhrətini daha da artırıb. Təsadüfi deyil ki, dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında adı çəkilən Azərbaycan, həm də beynəlxalq aləmdə nüfuzlu idman ölkələrindən biri kimi tanınır.

Ölkəmizin bugünkü firavan həyatı, sabitlik, bütün sahələrdə davamlı inkişaf heç də asan başa gəlməmişdir. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmiz çox ağır problemlərlə qarşılaşmış,  parçalanmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə baş alıb gedən xaos, qarışıqlıq, ideoloji-siyasi və iqtisadi böhran bütün sahələrə, o cümlədən idman sahəsinə böyük zərbə vurmuşdu. Adlı-sanlı, dünya şöhrətli idmançılarımızın böyük əksəriyyəti dözülməz şəraitə görə ölkəni tərk etmək məcburiyyətində qalmış, uşaq və gənclərimiz arasında qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçilik meyilləri çoxalmışdı. Şübhəsiz, müharibə şəraitində yaşayan ölkədə bu cür vəziyyət fərarilik hallarının çoxalmasına şərait yaradırdı. Ölkədəki idman meydançaları və qurğuları baxımsızlıq üzündən ya dağıdılır, ya da digər təyinatlar üçün istifadə edilirdi.

Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı ilə  tariximizin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsası qoyuldu, idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi. Ümummilli lider çıxışlarının birində demişdir: “Mən hamını bədən tərbiyəsi ilə məşğul olmağa çağırıram. Yaşından asılı olmayaraq hamını – gəncləri, orta yaşlıları və yaşlı adamları buna dəvət edirəm. Çünki dünya tarixi və təcrübəsi göstərir ki, bədən tərbiyəsi ilə geniş məşğul olan xalq, ölkə həmişə fiziki və mənəvi cəhətdən sağlam olur. Xalqımızın sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimiz vasitəsilə yox, eyni zamanda, bədən tərbiyəsi ilə qoruyub saxlamalıyıq, möhkəmləndirməliyik və gələcək nəsillərə çatdırmalıyıq. Bədən tərbiyəsi geniş vüsət alan yerdə, şübhəsiz ki, yüksək idman nəticələri də olacaqdır”.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın geniş miqyas alması, paytaxt Bakı, eləcə də bölgələrdə yüksək standartlı idman infrastrukturunun qurulması, müasir Olimpiya idman komplekslərinin əhalinin istifadəsinə verilməsi uşaq və yeniyetmələrin kütləvi şəkildə idmana cəlb olunmasına şərait yaratdı. Nəticələr özünü çox gözlətmədi. Azərbaycan ilk dəfə müstəqil ölkə kimi Atlanta Yay Olimpiya Oyunlarında təmsil olunub bir medal qazanmışdısa, sonrakı olimpiya oyunlarında – “Sidney-2000”-də– 3, “Afina-2004”-də– 5, “Pekin-2008”-də –7, “London-2012”-də –10, nəhayət, son Olimpiadada– “Rio-2016”-da –18 medal əldə etdi. Rio Olimpiadasında qazanılmış medalların sayına görə 206 ölkə arasında 15-ci sırada qərarlaşmağımız fantastik nəticə idi. Olimpiadadan-olimpiadaya nailiyyətlərin bu qədər sürətlə artması ölkəmizin qüdrətini, bütün sahələrdə  artan potensialını göstərir. Diqqət etsək, görərik ki, idman nailiyyətləri o ölkələrdə yüksək olur ki, həmin dövlətlər hərtərəfli inkişaf edib. İdmançılarımız Azərbaycan Respublikasının təmsilçisi olmaqdan böyük qürur duyur, bayrağımızı yüksəklərdə dalğalandırmaq, himnimizi səsləndirmək üçün böyük əzmlə mübarizə aparırlar.

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ölkəmiz üçün önəmli olan bu mühüm siyasi kampaniyada idman ictimaiyyəti də böyük fəallıq göstərir. Ölkəmizdə seçkilərin qanunvericiliyə, demokratik norma və prinsiplərə uyğun– tam azad, ədalətli şəraitdə keçirilməsi üçün hər bir şərait yaradılır. Əminik ki, budəfəki seçkilər də yüksək səviyyədə keçəcək,
xalqın iradəsini tam əks etdirəcək.

Elçin CƏFƏROV,
Güləş Federasiyasının vitse-prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında