Xalq həmişə düzgün qərar qəbul edir

Hər bir dövlətin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri ölkədə prezident seçkiləridir. Azərbaycan xalqı da növbəti 7 il müddətində dövləti idarə edəcək şəxsi müəyyənləşdirmək kimi növbəti tarixi seçim ərəfəsindədir.

Azərbaycan kimi vacib geosiyasi mövqedə yerləşən, regionun iqtisadi və siyasi güc mərkəzinə çevrilmiş bir dövlətdə keçirilən seçki prosesləri və xüsusilə prezident seçkiləri ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən, dünyanın nizamını tənzimləməkdə rolu, mövqeyi və iradəsi olan böyük qlobal güclər, iqtisadi mərkəzlər, siyasi institutlar üçün də böyük maraq kəsb edir. Bu baxımdan seçkilərə diqqət ölkə hüdudlarından xeyli kənara çıxır. Digər tərəfdən, Azərbaycanın bütün sferalarda müstəqil, xalqın və dövlətin maraqları çərçivəsində siyasət yürütməsi də bəzi böyük dövlətlərin, siyasi güclərin marağında deyil və təbii ki, bu da seçki öncəsi bəzi xarici təsirlərlə, seçki mühitinə və prosesinə kölgə salmağa yönəlmiş bəyanat və münasibətlər ifadə etməklə, məlum radikal qüvvələrə dəstək formasında özünü göstərir.

Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına, enerji resurslarına malik ölkədir. Eyni zamanda, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizidir, Avropa üçün enerji təchizatçısıdır, həmçinin, regionun siyasi-iqtisadi və mədəni mərkəzidir. Ölkəmizin iradəsi olmadan regionda heç bir ciddi layihənin reallaşması mümkün deyil. Azərbaycanın nüfuzlu beynəlxalq qurumlarda fəal iştirakı, eyni zamanda, ölkəmizi ciddi siyasi partnyor olaraq cəlbedici edir. Bütün bunları nəzərə alaraq, Azərbaycanda keçirilən seçkilərə marağın miqyasını təsəvvür etmək çətin deyil. Nəzərə alsaq ki, sonuncu Konstitusiya dəyişikliklərindən sonra prezidentlik müddəti də 5 ildən 7 ilə qədər artırılıb, əlbəttə, bu, onların maraqlarını daha da artırmışdır.

Azərbaycan xalqı müdrik xalqdir və onun prosesləri düzgün qiymətləndirməyə, doğru seçim etməyə siyasi dünyagörüşü, dövlətçilik təcrübəsi tam imkan verir. Həm də, Azərbaycanda münbit seçki mühiti, şəffaf və demokratik seçkilərin həyata keçirilməsi üçün mükəmməl hüquqi baza və təcrübə var. Seçkilərin keçirilməsi ilə bağlı qərar veriləndən sonra ölkənin siyasi düşərgəsində ciddi fəaliyyət müşahidə olunmaqdadır. Artıq kifayət qədər siyasi güclər və siyasi iddiası olan insanlar prezident seçkilərində iştirak etməklə bağlı iradələrini ortaya qoyublar. Bu, seçkilərin gərgin mübarizə şəraitində keçəcəyindən xəbər verir. Artıq Azərbaycan siyasi mühitində olan hər bir ciddi qüvvə bilir ki, qələbə qazanmağın yolu insanların inamını qazanmaqdan keçir və Azərbaycan vətəndaşının iradəsindən kənar heç kim siyasi qələbəsini reallaşdıra bilməz. Bunu başa düşən və elektoratı bir neçə yüz nəfərdən ibarət olan müəyyən radikal insanlar artıq məğlubiyyətlərini anlayaraq, təəssüf ki, növbəti siyasi şoularını nümayiş etdirməklə məşğuldurlar. Guya, Azərbaycanda seçkilərin keçirilməsi üçün sağlam rəqabət mühiti, insanların siyasi iradələrini ifadə etmələri üçün azad və demokratik seçki keçirmək imkanları yoxdur. Əslində, nə baş verir? Hamı gözəl bilir ki, hələ 1993-cü ildən xaos, hərc-mərclik və yalançı siyasi qəhrəmanlıq dövrü bitəndən sonra azad və demokratik seçkilərin keçirilməsi üçün ölkəmizdə hər bir şərait yaradılmışdır. Və aradan keçən 25 il müddətində ən yüksək səviyyədə seçki mühiti və seçki qanunvericiliyi formalaşdırılmışdır.

Azərbaycan hazırda iqtisadi inkişafının yeni postneft mərhələsindədir. Regionların inkişaf etdirilməsi, turizm, aqrar sektor, sənayeləşmə, iqtisadiyyatın formalaşdırılması və digər sahələrin inkişafı ilə bağlı strategiyalar həyata keçirilməkdədir. Hesab edirəm ki, tamamilə yeni mərhələyə qədəm qoymuş Azərbaycanda bu dəfəki prezident seçkilərində iştirak edən insanlarımız öz məsuliyyətini dərk edəcək və ölkənin gələcəyini təmin edən, ölkədəki siyasi sabitliyi qoruyub saxlaya bilən, başlanılmış islahatları həyata keçirməyə və yeni-yeni doğru qərarların verilməsinə iradəsi, gücü və qabiliyyəti olan liderini seçəcəklər.

İlqar Orucov,
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim,
Aspirant və Magistrlər Cəmiyyətinin sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında