Bakı artıq regionun “diplomatik paytaxtı” kimi tanınır

Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir. Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız reallaşa bilmir. Azərbaycan Qərb üçün həm də böyük neft-qaz mənbəyidir. Bir sıra Avropa ölkələri keyfiyyətli Bakı neftini və qazını almağa böyük maraq göstərirlər.

Azərbaycanla Avropa Birliyi arasında 2011-ci ildə imzalanmış enerji sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum bu məkanın enerji təhlükəsizliyi probleminin həlli baxımından vacib əhəmiyyətə malikdir. Dövlətimizin inamla davam etdirdiyi enerji diplomatiyası Azərbaycanın beynəlxalq miqyasda söz sahibinə, milli maraqları baxımından öz şərtlərini diktə edən ölkəyə çevrilməsini təmin edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Supsa neft və qaz kəmərlərini istifadəyə verən, “Cənub” qaz dəhlizi layihəsinin mühüm seqmentləri olan TANAP, TAP kimi qlobal layihələrin reallaşmasına nail olan Azərbaycan son illər dünya enerji siyasətində əsas tərəflərdən biri kimi iştirakını genişləndirib, geosiyasi gücünü artıraraq enerji bazarında əhəmiyyətli tərəfdaş kimi diqqəti cəlb etməyə başlayıb.

Bu barədə danışan AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov daha sonra dedi:

– Paytaxtımızda beynəlxalq tədbirlərin uğurla keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun getdikcə yüksəldiyini bir daha sübuta yetirir. Rəsmi Bakının Avropa və dünyamiqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun “diplomatik paytaxtı”na çevirib.

Azərbaycan qlobal dialoqun ən mükəmməl platforması olduğunu hazırda növbəti dəfə təsdiqləyir. Martın 15-də Bakıda işə başlayan “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu da bunun bariz ifadəsidir.

Qlobal Bakı Forumu dünyanın, demək olar ki, bütün dövlətlərindən siyasətçiləri, diplomatları birləşdirən diskussiya və dialoq məkanıdır. İndiyədək reallaşdırılan 5 forumun tərkibi göstərir ki, bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər qoşulurlar. Ona görə də bu mühüm tədbirin dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

Dünən isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu öz işinə başlayıb. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan forumda beynəlxalq münasibətlərdə güc anlayışı və meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik, Balkan regionunda hazırkı və gələcək vəziyyət - regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə edilir.

Forumun işində 10-dan çox ölkənin rəhbər şəxsləri iştirak edir. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan ölkələrin sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq tədbirdə iştirak etmək üçün Bakıya gəlib.

Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrilib. Ona görə forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır. Təcrübə göstərir ki, mövcud problemlərin həllinə müsbət təsir baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq aləmdə siyasi-ictimai gərginliyin hökm sürdüyü bir zamanda Azərbaycanın paytaxtında forum çərçivəsində liderlər tərəfindən fikir mübadiləsi aparmaq, dünyanın qarşılaşdığı çətinliklərlə bağlı diskussiyalar keçirmək mühüm önəm daşıyır. Bakı platforması bu problemlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir və müsbət təşəbbüslər irəli sürülür.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında