Prezident seçkiləri cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində atılan daha bir uğurlu addım olacaq

Hər bir dövlətin mütərəqqi inkişafına böyük töhfələr verən ədalətli seçkilər vasitəsilə xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını reallaşdırır, hakimiyyətin idarəedilənlərin razılığı ilə legitimliyi təmin olunur.

Müstəqilliyini bərpa edib hüquqi, demokratik, dünyəvi inkişaf yolunu seçmiş Azərbaycanın da qarşısında duran önəmli prinsip şəffaf, ədalətli, azad seçkilər təşkil etmək və əhalinin bu proseslərdə tam iştirakına nail olmaqdır. Növbəti prezident seçkiləri ölkəmiz üçün böyük önəm daşıyan çox mühüm siyasi hadisədir.

Müstəqil, azad iradə əsasında seçim etmək imkanı bizə müstəqillik dövründə bəxş edilmişdir. Dövlət müstəqilliyinə qovuşmasından ötən qısa zaman kəsiyində ölkəmizdə seçkilərin hazırlanıb keçirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmiş, bu sahədə təcrübənin daha da zənginləşdirilməsi və seçki mədəniyyətinin yüksəldilməsi üçün qətiyyətli addımlar atılmışdır. Azərbaycan hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərə həssaslıqla yanaşmış, sərbəst seçkiləri dövlət quruculuğunun strateji yolu kimi qəbul edərək, ölkədə demokratik dəyərlərin möhkəmlənməsi ilə bağlı dönməz iradə nümayiş etdirmişdir.

Qeyd edim ki, Konstitusiya Aktının 1991-ci ildə qəbul edildiyinə baxmayaraq, ölkəmizdə demokratik seçkilərin keçirilməsi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1993-cü ildə mümkün olub. Ümummilli liderin gərgin fəaliyyəti, böyük səyləri nəticəsində demokratik seçki mühiti formalaşdırılaraq, ölkəmizdə hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilib. 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin prezident seçilməsi xalqın öz dahi oğluna sonsuz məhəbbətinin ifadəsi oldu. Ölkəmizdə azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirən müstəqil Azərbaycanın ilk Konstitusiyası isə 1995-ci ildə qəbul edilib. Ulu öndər Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürərək demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən ideyaların Konstitusiyanın əsasını təşkil etməsi ölkəmizin bu ali sənədinin son dərəcə mütərəqqi olmasının əsas xüsusiyyətləridir. Konstitusiya çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də özündə əks etdirərək respublikamızda demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan verdi.

Bu gün davamlı və sürətli inkişaf yolunda olan Azərbaycanda cəmiyyətin siyasi fəallığı yüksəkdir və xalq öz iradəsini sərbəst şəkildə ifadə etməklə demokratiyanın inkişafına da böyük töhfələr verir. Müasir dünyada çox mühüm konstitusion hüquqlardan biri olan insanların seçki hüququ ölkəmizdə də yüksək səviyyədə qorunur. Ölkəmizdə seçici fəallığı xalqımızın intellektual səviyyəsinin yetkinliyindən və mütəşəkkilliyindən xəbər verir.

Yüksək seçki mədəniyyətinin formalaşması, onun demokratik standartlara uyğunlaşdırılması yönündə səylərin artırılması, şübhəsiz, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini də getdikcə gücləndirir.  Müasir müstəqil Azərbaycanda keçirilən seçkilər barədə birmənalı olaraq yüksək fikirlər bildirmiş AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər nüfuzlu təşkilatlar ədalətli, azad və şəffaf şəkildə keçirilən seçkiləri təqdir etmişlər.

 Beləliklə, həm demokratik seçki qanunvericiliyinin olması, seçkilərin tam şəffaf, normalara, eləcə də beynəlxalq standartlara uyğun şəkildə təşkili üçün geniş tədbirlərin görülməsi, vətəndaşlarımızın seçkilərə göstərdiyi böyük maraq budəfəki seçkilərin də yüksək səviyyədə keçiriləcəyindən xəbər verir. Əminik ki, növbəti prezident seçkiləri cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində atılan daha bir uğurlu addım olacaq.

Sevinc HÜSEYNOVA,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında