Azərbaycanda demokraik seçki mühitinin əsası 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə bəyan edirdi ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək. Demokratik cəmiyyət quruculuğunun vacib şərtlərindən olan demokratik təsisatların – seçki sisteminin formalaşdırılması və inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edəcək. Həmin vaxtdan başlayaraq, Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlmişdir. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmləndirilməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır.
Seçkilər hər bir ölkənin tarixində ciddi siyasi hadisədir. Təbii ki, burada da ciddi siyasi qüvvələr mübarizə aparırlar. Biz ölkədə keçirilən seçkilərdə də bunun şahidi olmuşuq. Bu vaxta qədər respublikamızda keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycan demokratik inkişaf yolunu seçərək, sivil dünyanın yolu ilə gedir.
Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlmişdir. Şəffaflığın təmin olunması istiqamətində beynəlxalq standartlara uyğun yeniliklər tətbiq olunmuşdur. Seçkilərdə veb-kameralardan istifadə olunması, bir seçicinin təkrar səs verməsinin qarşısını almaq üçün barmaqların şəffaf mürəkkəblə işarələnməsi, adları seçici siyahısında olmayanların şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə səsverməyə buraxılması, hər il seçici siyahılarının dəqiqləşdirilməsi prosesi respublikamızın demokratik inkişaf yolunda irəliləməsindən xəbər verir
Azərbaycanda demokratik seçki keçirilməsi üçün mükəmməl hüquqi baza var. Mən özüm də Milli Məclisdə Seçki Məcəlləsinin müzakirəsində, sənədə əlavə dəyişikliklərlə əlaqədar keçirilən iclaslarda iştirak etmişəm. Bu məcəllə beynəlxalq təşkilatlar tərəfindən də demokratk sənəd kimi dəyərləndirilib. 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın uğurlu bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarından etibarən Azərbaycan hökumətinin, siyasi partiyalarln, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT tərəfindən təşkil olunmuş "dəyirmi masa"larda aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi mükəmməl bir sənəd kimi təqdim olunmuşdur. Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazanın yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.
Məhz bunun nəticəsidir ki, ölkəmizdə keçirilən bütün seçkilər beynəlxalq müşahidəçilər trəfindən müsbət qiymətləndirilir. Bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri də ölkəmizin demokratik imicini daha da möhkəmləndirəcək.
Hazırda MSK Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq addımlar atır. Namizədlərin hər biri üçün yaradılan bərabərhüquqlu şərait demokratiyanın təntənəsidir.
Azərbaycanda davamlı ictimai-siyasi sabitlik hökm sürür. Hətta, ölkəmizdəki sabitlik əksər ölkələr üçün nümunədir. Şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi üçün sabitlik və iqtisadi inkişaf əsas şərtlərdəndir. Bunların hər ikisi Azərbaycanda mövcuddur. Bunu beynəlxalq aləmdəki tanınmış hüquq müdafiəçiləri də təsdiqləyirlər. Bütün bunlar aprelin 11-də demokratik və obyektiv seçkilər keçirilməsinə zəmin yaradır.
Ağacan ABİYEV,
Milli Məclisin intizam
komissiyasının sədri,
Əməkdar elm xadimi, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.