Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına azad, demokratik seçkilərin keçirilməsidir. Seçkilər, demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır.
Azad və demokratik seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Bu baxımdan, Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik bazası formalaşmışdır. 2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsi və məcəlləyə edilmiş əlavə və dəyişikliklər beynəlxalq miqyasda da yüksək dəyərləndirilir.
Aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində hazırlanmış və müasir seçki prinsipi və normalarını özündə əks etdirən, cəmiyyətin geniş dairələrinin də demokratik sənəd kimi dəyərləndirdiyi Azərbaycan Respublikasının Seçki Məcəlləsi ölkəmizdə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsində həlledici rol oynayır.
Demokratik seçkilərin əsas şərti aşkarlıq, şəffaflıq, obyektivlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik, dünyəvi inkişaf kursunu seçmiş, dünyanın sivil toplumu olaraq. güvəndiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə seçmək əzmini nümayiş etdirmişdir. Azərbaycan Konstitusiyasında da xalqın azad, demokratik seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ öz əksini tapmışdır. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə. referendumda iştirak etmək hüququ var.
Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. Bu göstərici 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz onun dövlət idarəçiliyindəki zəngin təcrübəsi və demokratik prinsiplərə böyük önəm verməsi nəticəsində demokratik seçki mühitinin formalaşdırılması respublikamızda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. 1993-cü ilin oktyabrında ölkəmizdə keçirilmiş prezident seçkilərində demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsası qoyuldu.
Məhz həmin tarixdən etibarən Azərbaycanda seçki sistemi ildən-ilə təkmilləşdirilib. Bunu 2003-cü ildən bu günə qədər Seçki Məcəlləsinə 19 dəfə əlavə və dəyişiklik edilməsi də təsdiqləyir. Dövlət başçısının demokratik seçkilərin keçirilməsində siyasi iradə nümayiş etdirməsi, qanunvericilik bazasını daha da möhkəmləndirilməsi, şəffaflığın təmin edilməsi istiqamətində qətiyyətli addımlar atması beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur. Bütün bunlar bir daha əminlik yaradır ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri şəffaf və obyektivliyi ilə yadda qalacaq. Bunu seçkilərə hazırlıq işləri də təsdiqləyir.
Builki prezident seçkilərində 15 nəfər namizədliyini irəli sürmüşdür. Bu fakt təsdiqləyir ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsə seçkilərdə öz namizədliyini irəli sürmək üçün əlverişli şərait yaradılıb. Onu da qeyd edək ki, namizədlərin əksəriyyəti müxalifətin təmsilçisidir.
Seçkilərdə şəffaflığın təmin olunmasında əsas amillrdən biri də yerli və beynəlxalq müşahidəçilərə əlverişli şəraitin yaradılmasıdır. Son məlumata görə, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq 21 beynəlxalq müşahidəçi, 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb. Bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçinin düşməsi deməkdir. İndiyə qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisinin də qeydə alınması seçkilərin beynəlxalq aləmin diqqət mərkəzində olmasından xəbər verir. Sözsüz ki, şeçki gününə qədər həm yerli, həm də beynəlxalq müşahidəçilərin sayı artacaqdır. Əminik ki, aprelin 11-də daha bir demokratik seçkinin şahidi olacağıq.
Jalə ƏLİYEVA,
Milli Məclisin mədəniyyət komitəsi sədrinin müavini,
filologiya elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.