Bahar MURADOVA: Azərbaycanda hər kəs seçmək və seçilmək hüququndan sərbəst istifadə edə bilir

Milli Məclis sədrinin müavini Bahar Muradovanın aprelin 11–nə təyin olunan Prezident seçkilərinə hazırlıq prosesi ilə bağlı sechki–2018.az saytına müsahibəsi

– Bahar xanım, Azərbaycanda seçkilərə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

– Prezident seçkilərinə hazırlıq prosesi Seçki Məcəlləsi və Konstitusiyanın müəyyən olunmuş qaydalarına uyğun şəkildə həyata keçirilir. İndi seçkiyə hazırlığın çox fəal fazasındayıq. Artıq bir sıra siyasi partiyalar öz namizədlərini müəyyənləşdirib, irəli sürüblər. Prezidentliyə öz iddialarını ortaya qoyan şəxslərin həm mərkəzi, həm də aşağı seçki komissiyalarındakı nümayəndələrinin səlahiyyətləri daxilində vəzifələrini icra etmələri üçün qanunla müəyyən olunmuş şərait yaradılıb. Seçkiyə hazırlıq dövrü ərzində görülən işlər və onun nəticələri, öz hüququndan istifadə edərək seçkilərdə namizəd kimi iştirak edən şəxslərin, eləcə də cəmiyyətin ən müxtəlif təbəqələrindən olan insanların bu prosesə müsbət münasibəti qanunun müddəalarının tam şəkildə yerinə yetirildiyini deməyə əsas verir. Hər kəs yaradılmış şəraitə uyğun olaraq seçmək və seçilmək hüququndan sərbəst istifadə edə bilir.

– Mövcud ictimai-siyasi ab-hava seçkilərin sabit şəraitdə keçirilməsinə imkan verəcəkmi?

– Azərbaycandakı seçki administrasiyası vəzifəsini uğurla yerinə yetirmə üçün qanunun bütün gücündən və öz səlahiyyətlərindən istifadə etməkdədir. Bu mənada, Mərkəzi Seçki Komissiyasının hazırlığı baxımından heç bir problem görmürəm. Xüsusilə, seçkiləri müşahidə etmək məsələsi, “exit–poll”ların keçirilməsi, vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələrinin bu prosesə geniş şəkildə cəlb olunması, eləcə də mətbuatın seçkiləri yüksək səviyyədə işıqlandırması üçün jurnalistlərin fəaliyyətinə lazımi şəraitin yaradılması ilə bağlı ciddi addımlar atılıb və atılacaq. Çünki seçkilərin işıqlandırılması, hazırlıq prosesi ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasında medianın üzərinə böyük vəzifələr düşür.

– Beynəlxalq təşkilatların ölkəmizdəki seçkilərə marağı hansı səviyyədədir?

– Seçkilərdə müşahidəçi statusunda iştirak etmələri üçün beynəlxalq təşkilatlara həm müvafiq hökumət qurumları, həm də parlament tərəfindən rəsmi müraciətlər edilib, dəvətlər göndərilib. Avropa Şurasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bu məsələyə münasibəti ortadadır. Onlar seçkilərdə müşahidəçi statusunda təmsil olunmaq barədə qərar qəbul ediblər. Artıq uzunmüddətli müşahidə missiyalarının rəhbər şəxsləri və nümayəndələri də Bakıya gəlməkdədirlər.

– Bəs, ölkəmizin seçki təcrübəsini necə dəyərləndirirsiniz?

– Azərbaycanda qanunvericilik təkmilləşib, ölkəmizin seçki təcrübəsi artıb. Bu təcrübə öz sözünü deməkdədir. Seçki ilə bağlı narahatlıq doğuran məqamların olmaması onu deməyə əsas verir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, ümumxalq səsverməsi keçirilməsi, seçkiyə hazırlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil edilməsi məsələlərində də ciddi irəliləyişlər var. Bütün bu amillər ölkəmizdə seçkilərin sabit, demokratik şəraitdə keçirilməsini şərtləndirir.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında